22 Aprel 2024 11:04
316
Mədəniyyət
A- A+

Bu gün Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 113-cü ildönümü tamam olur

 

Bu gün Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 113-cü ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, 80 illik ömrün 60 ildən çoxunu sənətə həsr edən, “Mənim müəllimim təbiətin özüdür!”,- deyərək Vətəni Azərbaycana sonsuz sevgi ilə bağlanan görkəmli rəssamın yaratdıqları bu gün də böyük maraq doğurur.

Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin ən unudulmaz nümayəndələrindən biridir. Bu istedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri daha çox üstünlük təşkil edir.

Hüseyn Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalındakı Qarakilsə bölgəsinin Comərdli kəndində anadan olub. Gözünü açandan gördüyü təbiət, dağ, şəlalə - bir sözlə, min bir gözəllik kiçik yaşlarından qəlbinə hakim kəsilib. Təsadüfi deyildir ki, ilk rəsm əsərini çəkəndə onun 12 yaşı vardı. Bu sənətin sirlərini daha da dərindən mənimsəmək üçün o, Bakıda rəssamlıq texnikumuna daxil oldu. Burada oxuduğu illərdə (1927-1932) müxtəlif eybəcərlikləri qamçılayan “Molla Nəsrəddin” jurnalında karikaturaları, rəsm əsərləri çap edildi. Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ sayılan, işıqlandırdığı mövzular bu gün də aktual səslənən “Molla Nəsrəddin” Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rol oynadı. Onun jurnalda dərc olunan karikaturaları oxucuları düşünməyə, nəticə çıxarmağa vadar edirdi. O, 1932-1935-ci illərdə Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra həyatını bütövlükdə “Kommunist” qəzetinə (indiki “Xalq qəzeti”) bağlayıb.

Yeri gəlmişkən qeyd edək ki, 1922-ci ildən başlayaraq görkəmli sənət ustası Əzim Əzimzadə "Kommunist"in baş rəssamı olub. 1935-ci il oktyabrın 4-dən isə onu gənc və istedadlı rəssam Hüseyn Əliyev əvəz edib. H.Əliyev yarım əsrdən çox "Xalq qəzeti"nin bədii tərtibat şöbəsinin müdiri işləyib.

İstedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri üstünlük təşkil edirdi. Təsadüfi deyil ki, gənc vaxtlarında çəkdiyi dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin portretinə görə o, respublika müsabiqəsində birinci yerə layiq görülüb və üç min manat mükafat alıb. Hüseyn Əliyev sərbəst və cəld işləməyin ustası idi. Hələ tələbəlik illərində yaratdığı sənət əsərləri elə ilk baxışdan diqqəti cəlb edirdi. O öz iş yoldaşlarının, ailə üzvlərinin, onda maraq doğuran adamların portretini qısa müddət ərzində çəkə bilirdi.

İkinci Dünya müharibəsi başlayanda Hüseyn Əliyev könüllü surətdə orduya yazılıb. Daxili İşlər Nazirliyinin tabeliyindəki 48 saylı bədii təşviqat polkunda rəssam işləyib. Musiqiçilər bölməsinin üzvləri ilə birlikdə dəfələrlə ön cəbhədə olub, neçə-neçə igid döyüşçünün portretini yaradıb, müharibə mövzusunda plakatlar hazırlayıb, qəsbkarlıq məqsədi güdən hitlerçilərin karikaturasını çəkib.

1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Uşaqlığı Zəngəzur və Naxçıvanda keçən rəssam təbiətin rəngarəng qammasının vurğunu idi. Bu vurğunluq onun hər bir əsərində, rənglərin palitrasında, yaradılmış obrazların reallığında hiss olunur.

Xalq rəssamı Tahir Salahov öz xatirələrində yazır: “Qəlbimdə Xalq rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycan rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən alıb davam etdirmişdir. Biz nəsil rəssamlar incəsənətə xeyli sonralar gəlmişik. Həmişə bu qocaman ağsaqqalımıza minnətdarlıqla yanaşır, onun yaradıcılığını və mədəniyyətə gətirdiyi yeni nəfəsi yüksək qiymətləndiririk. O, rənglərlə işləməyin ustası idi. Xüsusilə də məzmunun mənasını açmağa kömək edən atribut və rəmzləri öz əsərlərində məharətlə tətbiq edirdi. Onun rənglərində musiqinin ritmi və ahəngi duyulurdu. Bu canlılıq hər rəssama xas olmur”.

Vətənin füsunkar təbiəti rəssamın duyğuları ilə həmahənglik yaradaraq rənglərdən ibarət nəhəng bir çələngə çevrilib. Fırça ustasının Göygölün təsvirinə həsr edilmiş silsilə əsərləri xüsusi ilə diqqət cəlb edir. Xalq rəssamı Azərbaycan təbiətinin incilərindən sayılan bu mavi gözlü gözəlin müxtəlif variantlarda təsvirini yaradıb. Onun qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilir. İki il ərzində Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaradıb.

Xalq rəssamı Mikayıl Abdullayev sənət dostunun bu uğurundan vəcdə gələrək yazırdı: “Dünya təcrübəsində yalnız italyan rəssamının bir dağın on görünüşündən başqa heç kim bir obyektin 25 görüntüsünü kətan üzərində əks etdirməyib”.

Hüseyn Əliyevin “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsuludur.

Hüseyn Əliyev həm də portret janrının ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Məsələn, əlləri qoynunda dayanmış Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Eləcə də Nizami Gəncəvinin portreti də düşündürücü təsir bağışlayır. Hüseyn Əliyevdən bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır.

Həyat, sevgi, gözəllik, dinamizm - Hüseyn Əliyev yaradıcılığını bu cür xarakterizə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video