Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə noyabrın 18-də “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, uşaqların sağlam və xoşbəxt böyüməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Beynəlxalq təşkilatlar tərəfindən ötən əsrin 50-ci illərindən başlayaraq onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılıb. Çünki uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm sənədlərdən biri BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və bu Konvensiyanın 2 əlavə fakültativ protokolları olub. Azərbaycan BMT-nin müvafiq komitəsinə 3 dövri hesabat təqdim edib. Çox sevindirici haldır ki, ildən-ilə Azərbaycan hökuməti tərəfindən görülən işlər müsbət qiymətləndirilir. Hazırda növbəti hesabata hazırlıq işləri aparılır.
Komitə sədri qeyd edib ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və prioritet istiqamət təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub. Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Eyni zamanda, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı, onların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması vacib məsələlərdəndir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır.
“Uşaqlar bizim və cəmiyyətimizin gələcəyidir. Elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsün. Biz müxtəlif dövlət nümayəndələri, məsul şəxslər bütün imkanlarımızı birləşdirməliyik ki, balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, sağlam mühitdə xoşbəxt və firavan yaşasınlar”, - deyə H.Hüseynova bildirib.
BMT-nin Uşaq Fondunun Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə çıxışında “Uşaq hüquqları haqqında” Konvensiyanın əhəmiyyətindən, eləcə də ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətindən əldə olunan müsbət nəticələrdən danışıb. Digər çıxış edənlər də ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı mükəmməl qanunvericilik bazasının mövcud olduğunu və uşaqlar arasında aparılan maarifləndirici tədbirlərdən söhbət açıblar.
Tədbirdə uşaqlar arasında elan edilmiş müsabiqəyə uyğun olaraq uşaq hüquqları ilə bağlı məsələləri, onların fikirlərini özündə birləşdirən ən uğurlu təqdimat nümayiş olunub.