Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalı şəhərində Xocalı Soyqırımı Memorialı ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksəkvəzifəli nümayəndələrinin, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərlərinin, ekspertlərin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin və insan hüquqları sahəsində mütəxəssislərin, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirlərinin, hərbi attaşelərin daxil olduğu nümayəndə heyətinə XX əsrin ən dəhşətli cinayətlərindən olan Xocalı faciəsi haqqında məlumat verilib.
Diqqətə çatdırılıb ki, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialı faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.
Nümayəndə heyəti ekspozisiya zalında Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar, Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar əldə ediblər.
11: 51
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalıya gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti hazırda Xocalı Soyqırımı Memorialı ilə tanış olur. Konfrans iştirakçılarına XX əsrin ən dəhşətli cinayətlərindən olan Xocalı faciəsi haqqında məlumat verilir.