Qəmər Almaszadəni yaşadan sənət sevgisi idi
Baletin Azərbaycanda inkişaf tarixindən danışanda bu sahəyə ilk imza atmış bir sıra sənətkarlar yada düşür. SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli xoreoqraf, balet ustası Qəmər xanım Almaszadə bu sırada birincilərdəndir.
Mütəxəssislər böyük sənətkarın yaradıcılığını, Azərbaycan incəsənətinin inkişafındakı rolunu belə xarakterizə edirlər: "Qəmər Almaszadə Azərbaycanın musiqi mədəniyyətində yeni bir janrın meydana çıxmasına güclü təkan vermiş, Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoymuşdur. Milli baletin təşəkkülündə böyük rol oynamış, Azərbaycan balet məktəbinin yaradıcılarından olmuşdur".
...110 il əvvəl Novruz ovqatlı günlərin birində - 1915-ci il martın 10-da Bakıda anadan olmuşdur. Atası Hacıağa kişi qızına Qəmər adını verəndə heç kəsin ağlına belə gəlməzdi ki, bu gözəl qız gələcəkdə Azərbaycanın mədəniyyət və incəsənət tarixində ay kimi işıq saçaraq böyük bir yeniliyə imza atacaq - Azərbaycanın ilk balerinası olacaq.
Onu xoreoqrafiya məktəbinə niyə dərhal qəbul etdilər?
Məktəb illərində Qəmər ən çox Şura Stepanova adlı bir rus qızı ilə ünsiyyət saxlayırdı. Günlərin birində rəfiqəsindən aldığı xəbər Qəmərin həyatında həlledici hadisə olur. O dövrdə Bakıda şəxsi bir balet studiyası yaradılmışdı. Sonralar həmin studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir. Onu təşkil edənlər də, orada məşğul olan uşaqlar da digər millətlərin nümayəndələri idi. Qəmərin həmin uşaqlıq rəfiqəsi Şura da o studiyanın üzvü idi.
Bir gün qızlar studiyaya birlikdə gedirlər. Məktəbin sahibi gözlənilmədən qızın soyadını soruşur. "Almaszadə" sözünü eşidən kimi onu dərhal studiyaya qəbul edirlər. Bunun səbəbini o zaman heç kəs anlamırdı. Əslində isə Qəməri azərbaycanlı olduğu üçün qəbul etmişdilər. Həmin insanlar çox istəyirdilər ki, studiyaya azərbaycanlı uşaqlar da gəlsinlər.
Beləliklə, Azərbaycan mədəniyyətinin, incəsənətinin yeni bir səhifəsi yazılmağa başlayır. Azərbaycanın ilk balerinasının karyerasına start verilir.
1926-cı ildə balet studiyasının yetirmələri Opera teatrının səhnəsində L.Delibin "Koppeliya" əsərində oynayırdılar. Qəmər də tamaşada iştirak edirdi. Amma "Koppeliya"dan sonra Hacıağa kişi qızının məşğuliyyətindən xəbər tutur və tufan qoparır.
Qəmər xanım həmin günləri belə xatırlayırdı: "Atam baletlə məşğul olduğumu və səhnəyə çıxdığımı biləndə qəzəbindən evdə hər şeyi sındırıb dağıtmağa başladı. Mən qorxumdan gizlənmişdim. O, məni tapanda üstümə yeriyib qışqıraraq deyirdi: "Səni öldürəcəyəm. Ay qız, sən dəli olmusan? Məşədi Hacağanın qızı... camaatın qarşısına açıq çıxır. Bu nə deməkdir?"
Atasının əlindən qurtulan Qəmər bir neçə gün studiyaya getmir. Həkim olan anası Məryəm xanım böyük çətinliklə atasını yola gətirməyə çalışır. Nəhayət, Hacıağa kişi Qəmərin studiyaya getməsinə icazə verir. Ancaq bir şərtlə - səhnəyə çıxmaq olmaz!
Sənət sevgisi heç bir qadağa qəbul etmir
1930-cu ildə Qəmər balet studiyasını bitirərək Opera teatrına işə qəbul olunur. Atasının arzusunu yerinə yetirərək pedaqoji texnikumda təhsil alsa da, Opera teatrında çalışır, peşəkarlığını artırır, yaradıcılığını təkmilləşdirirdi. Lakin qəlbindəki qorxu hissi onu rahat buraxmırdı: "Hər dəfə səhnəyə çıxandan sonra evə qorxa-qorxa, ehtiyatla gedirdim. Atamın qəzəbindən çəkinirdim. Bilirdim ki, nə qədər gizlətsəm də, əvvəl-axır o, səhnəyə çıxmağımdan xəbər tutacaq. Həmin dəhşətli anın qorxusu, həyəcanı məni rahat buraxmırdı".
Və bu, səbəbsiz deyildi. Günlərin birində tamaşaya hazırlaşan balerinaya atasının artıq salonda olduğunu xəbər verirlər. O, əvvəlcə çox narahat olur, buna baxmayaraq, çıxışını uğurla başa çatdırır. Həmin gün və ondan sonra da dəfələrlə Qəmərin çıxışlarına baxan atası ona bu barədə bir kəlmə də demir. Əslində, heç sözə ehtiyac da yox idi. Hərəkətlərindən, baxışlarından məmnun olduğu aydın duyulurdu. Qızının çıxışından razı qalmışdı.
Qəmər Almaszadənin peşəkar səhnəyə qədəm qoyduğu dövr çox çətin illər idi. O vaxt Azərbaycan qadını hələ çadra altında gəzirdi, heç bir hüquqa malik deyildi, səhnədə qadın rollarını kişilər ifa edirdi. Məhz belə bir dövrdə böyük səhnəyə gəlib kütləvi tamaşalarda oynamaq, rəqs etmək böyük cəsarət idi. O özü də fərqinə varmadan cəmiyyətin heç cür qəbul edə bilmədiyi bir addımı atırdı. Bütün birincilər kimi mümkünsüz olanın mümkünlüyünü sübut edir, ardınca gələnlər üçün cığır açırdı.
Dahi Üzeyir bəy Hacıbəyli Qəmərin istedadını görür, dəyərləndirir, gələcəyinə ümid bəsləyirdi. Böyük bəstəkar onu doğma övladı kimi sevirdi. Qeyd edək ki, atası Hacıağanın sonralar qızının sənət yoluna sədd çəkməməsinin bir səbəbi də böyük Üzeyir bəyin ona bu münasibəti olmuşdu.
1932-ci ildə Qəmərin peşəkar balet təhsili almaq üçün Moskvaya göndərilməsi də Üzeyir bəyin təşəbbüsü idi. Qəmər orada Böyük Teatrın nəzdindəki balet məktəbində oxuyur. SSRİ-nin Leontyeva, Çekrigin, Monaxov kimi balet ustalarından dərs alır.
Həmin il Bakıda Qlierin "Şahsənəm" operası yenidən səhnəyə qoyulmağa hazırlanırdı. 1927-ci ildə dramaturq Qalperinin librettosu əsasında yazılan və birinci dəfə tamaşaya qoyulan əsər uğur qazana bilməmişdi. Bu dəfə libretto dramaturq Cəfər Cabbarlıya tapşırılır. Moskva konservatoriyasının Dirijorluq fakültəsində təhsil alan Əfrasiyab Bədəlbəyli yeni tamaşa ilə bağlı Bakıya çağrılır. Əsərdəki "Vakxanaliya" və fars rəqslərini yalnız Qəmər Almaszadənin məharətlə oynayacağı fikri ortaya atılır. Beləliklə, Qəmər də Moskvadan geriyə dönməli olur.
Təhsilinin yarımçıq qalması Qəmərin heç ürəyincə olmur. Odur ki, 1933-cü ildə yenidən Azərbaycanı tərk edir. Bu dəfə Sankt-Peterburqa üz tutur. Oradakı məşhur xoreoqrafiya məktəbində təhsil alır. Mariya Romanova-Ulyanovanın sinfində oxuyur. Tələbəsinin istedadına valeh olan Mariya Fyodorovna ona fərdi şəkildə dərslər keçməyə başlayır.
Qəmər Almaszadə 1936-cı ildə Bakıya yeni bilik və arzularla qayıdır. Həmin il Üzeyir bəy filarmoniyanın nəzdində təşkil etdiyi Azərbaycan Xalq Rəqsləri Ansamblına Qəməri bədii rəhbər seçir. Üzeyir bəyin göstərişi ilə ansamblın nəzdində ekspedisiya qrupları yaradılır. Bu ekspedisiyanın tərkibində Qəmər xanım bölgələrdə xalq rəqslərini toplayır.
Qəmər Almaszadənin sonrakı həyatı ansamblla yanaşı, həm də Opera və Balet Teatrı, eləcə də Bakı Xoreoqrafiya Məktəbi ilə bağlı olur.
Mariya, Esmiralda, Tao-Xao, Medora, Raymonda, Gülyanaq, Maşa, Gülşən... Bu adlar Qəmərin obrazlar qalereyasını hələ tam əks etdirmir. Onun səhnəmizdə dünya və Azərbaycan klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar həm özünə, həm də incəsənətimizə şöhrət gətirir.
Üzeyir bəyin 1937-ci ildə tamaşaya qoyulmuş "Koroğlu" operasında rəqslərə xeyli yer verilmişdi. Bu rəqslər hətta Moskva tamaşaçılarını da valeh etmişdi. Qəmər xanımın rəqsi isə incə duyğularla, milli üslubla fərqlənirdi.
Həmin illər Qəmər klassik baletdən milli "Qız qalası", "Gülşən", "Yeddi gözəl" tamaşalarına doğru uğurlu bir yol gəlirdi. Şöhrəti günbəgün artırdı.
1940-cı ildə bəstəkar Əfrasiyab Bədəlbəyli və balerina Qəmər Almaszadə sanki Azərbaycan baletinin təməl daşını qoyurdular. Ə.Bədəlbəyli "Qız qalası" baletini yaradır və onu sevimli xanımı Qəmər Almaszadəyə həsr edir. Qəmər xanım buradakı Gülyanaq rolunu qeyri-adi bir məharətlə oynayır. Beləliklə, Azərbaycan balet məktəbinin əsası bu iki böyük istedadın sənət eşqindən, həyat sevgisindən qaynaqlanaraq yaranır.
Beləliklə, 1940-cı il aprelin 18-də premyerası keçirilən "Qız qalası" Azərbaycanın ilk milli baleti olur. Bu, məzmununa görə Azərbaycanın keçmişindən bəhs edən balet olsa da, Azərbaycan incəsənətinə yenilik gətirmişdi. Daha bir önəmli fakt isə o idi ki, burada baş qəhrəman olan qadının obrazını azərbaycanlı qız - Azərbaycanın ilk balerinası Qəmər xanım Almaszadə oynayırdı. Dahi Üzeyir bəyin dediyi kimi: "Qəmər Almaszadə öz ifasında müasir xoreoqrafiya sənətinin texnikasını xalq rəqs yaradıcılığı ilə uğurla birləşdirə bilib... Onun yaratdığı obraz inandırıcı və məqsədyönlüdür. O, azərbaycanlı qadının faciəsinin təcəssümü olmaqla uzaq fərəhsiz keçmişi özündə xatırladaraq bizi həyəcanlandırır".
1959-cu ildə Qəmər xanım Cahangir Cahangirovun "Məhsul" süitasının solo hissəsini Moskvada Böyük Teatrın səhnəsində ifa edir. Bu, Qəmər Almaszadənin səhnədə son çıxışı olur. Qeyd edək ki, həmin il sənətkar SSRİ Xalq artisti adına layiq görülür.
İradə, qismət və şans
Qəmər Almaszadə gözəl pedaqoq idi. İlk rəqs dərslərini ötən əsrin 30-cu illərində Bakı Xoreoqrafiya Məktəbində keçən Qəmər xanım ömrü boyu gücü çatıb, qüvvəsi yetənə qədər sevimli sənətini gənclərə öyrədib. Səhnə fəaliyyətini dayandırandan sonra Q.Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində çalışıb.
Görkəmli incəsənət xadiminin həyatında məhrumiyyətlər, acınacaqlı hadisələr də az olmamışdı. Bu istedadlı və gözəl xanımı ömrü boyu sevinc, şöhrət, bəxtiyarlıqla yanaşı, şəxsi həyatının uğursuzluqları, acıları da müşayiət etmişdi. Hələ gənc ikən seçdiyi sənət qohum-əqrabasını çox hiddətləndirmiş, ona ciddi təzyiqlər göstərilmişdi. Hətta bir dəfə küçədə gedərkən ona atəş açmış, ayağından yaralamışdılar. Yəqin bir daha rəqs etməməsi üçün... Amma iradə, sənət sevgisi və bir də qismət, şans ona yenidən səhnəyə dönmək səadətini nəsib etdi. Günlərin birində gənc bəstəkar Əfrasiyab Bədəlbəylinin anası Rəhilə xanımın onların evinə elçiliyə gəlməsi ilə ailənin, qohum-əqrabanın narahatlıqlarına son qoyuldu.
Lakin 15 illik ailə həyatından sonra bu sevimli cütlük ayrılmalı olur, çünki taledən onlara övlad qisməti düşmür. Deyilənlərə görə, ayrılmaq qərarını Qəmər xanım özü verir ki, həyatda və sənətdə əziz dostu olan insan övladsız qalmasın. Onların sənət bağlılıqları isə illərlə davam edir.
Sevimli qardaşı Əkbəri gənc ikən itirməsi də Qəmərin həyatda aldığı ən böyük mənəvi zərbələrdən olmuşdu. Lakin dərd bununla da bitmir. Böyük bacısının yolunu davam etdirən Adilə də dünyasını dəyişir. Leninqrada (Sankt-Peterburq) təhsil almağa getmişdi. Bu şəhərin rütubətli havası gənc qıza düşmür və o, vərəm xəstəliyinə tutulur. Adilənin xilası mümkün olmur. On ay sonra anası Məryəm xanım da maşın qəzasında həlak olur. Qəmər bir-birinin ardınca gələn itkilərin yükünü çəkmək üçün iradəsini köməyə çağırır. Bu dərdlərə dözüb yaşamaq naminə təsəllisini sənətdə axtarır, ondan möhkəm yapışır.
Mənən güclü həyatsevər bir insan idi Qəmər Almaszadə. O, daim gələcəyə baxır, irəliyə gedirdi. İctimai işlərdə fəal iştirak etməsi də bundan qaynaqlanırdı. Q.Almaszadə respublika Ali Sovetinin deputatı olmuşdu.
İstər sovet dönəmində, istərsə də Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət onun əməyini yüksək qiymətləndirmişdir. Qəmər xanım 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə iştirakına görə "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülmüşdür. 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 3 ildən sonra Xalq artisti, 1959-cu ildə SSRİ Xalq artisti fəxri adlarını almışdır. 1952-ci ildə Soltan Hacıbəyovun "Gülşən" baletinə verdiyi quruluş ona SSRİ-nin Dövlət mükafatını qazandırmışdır. Daha sonra Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2002-ci il tarixli sərəncamı ilə ona fərdi təqaüd təyin edilmişdir.
Həyat heç zaman Qəmər xanımın gözlərində öz gözəlliyini, təravətini, cazibəsini itirmədi. Ömrü boyu ona şan-şöhrət, uğur, nailiyyət, pərəstiş, sonsuz sevgi gətirdi. Böyük sənətkar, virtuoz balerina dünyasını 2006-cı il aprelin 7-də 91 yaşında dəyişmişdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"