XIII Qlobal Bakı Forumu çərçivəsində “Afrika bu gün və sabah” mövzusunda panel müzakirələri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, iclasa Dünya Bankının Şərqi və Cənubi Afrika üzrə keçmiş regional vitse-prezidenti Hafez Ghanem moderatorluq edib.
Çıxış edən Belçikanın keçmiş Baş naziri Şarl Mişel Afrikanın Avropa İttifaqı üçün strateji tərəfdaş olduğunu deyib. Onun sözlərinə görə, bu çərçivədə illər öncə Avropa və Afrika ölkələri arasında münasibətləri gücləndirmək, Afrikanın iqtisadi potensialını inkişaf etdirmək və qitələrarası inteqrasiyanı artırmaq üçün müxtəlif görüşlər keçirilib. Bu münasibətlərin əsas prinsipi bərabərhüquqlu əməkdaşlıq və tərəflər arasında balansın qorunmasıdır. Bununla belə, qlobal silahlı münaqişələrin və silahlanmanın biznes modelinə çevrildiyi bir dövrdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə ehtiyac var.
Maltanın sabiq Baş naziri Cozef Muskatın fikrincə, Afrikada uğur qazanmaq üçün tədbirlərin görülməsinin ən münasib yolunu göstərmək lazımdır. O bildirib ki, Afrika üçün ən böyük imkanlar elə qitənin özündədir. Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir. Burada əsas məsələ kimisə razı salmaq və ya hansısa dövlətlərin gündəliyinə uyğun hərəkət etmək deyil, mövcud imkanlardan istifadə etməkdir.
Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq üzrə keçmiş Avropa Komissarı Dimitris Avramopulos çıxışında vurğulayıb ki, 2026-cı ildə Afrika artıq qlobal proseslərin kənarında qalan deyil, proseslərin mərkəzində dayanan mühüm bir iştirakçıdır. Afrika bərabərhüquqlu və hörmətə əsaslanan tərəfdaş kimi yanaşılmasını tələb edir. Biz bu regionla güclü və hərtərəfli əlaqələr qurmalıyıq. Xüsusilə nəzərə almalıyıq ki, Çin və digər qlobal güclər artıq onlarla əməkdaşlıq edir.
2003-2007-ci illərdə Qərbi Afrika üzrə BMT Baş katibinin xüsusi nümayəndəsi, 2007-2010-cu illərdə BMT-nin Somali üzrə xüsusi elçisi Ahmedou Ould-Abdallah bildirib ki, Afrika Yer kürəsinin quru ərazisinin təxminən 20 faizini təşkil edir. Bu da təxminən 30,5 milyon kvadratkilometr deməkdir. Afrikanın əhalisi təxminən 1,3 milyard nəfərdir və bu göstərici ilə qitə Asiyadan sonra dünyada ikinci yerdədir. Bu, dünya əhalisinin təxminən 17,2 faizinə bərabərdir. Afrika həm də ən az inkişaf etmiş ölkələrin böyük hissəsini özündə birləşdirir. Dünyada mövcud olan 48 ən az inkişaf etmiş ölkədən 34-ü məhz Afrikada yerləşir.
“Liberal İnternasional”ın prezidenti və COP22-nin yüksək səviyyəli iqlim çempionu Hakima El-Haite çıxışında Afrikaya fərqli perspektivdən baxdığını bildirib. O vurğulayıb ki, Afrikada demokratiya və regional tərəfdaşlıqların inkişafı vacibdir. Qitədə mineral ehtiyatların və texnologiyanın düzgün istifadə olunması, bərpaolunan enerji sahəsində əməkdaşlıq və iqlim dəyişikliyinə qarşı atılan addımlar Afrika üçün böyük imkanlar yaradır.
Panel iclas işini mövzu ətrafında müzakirələrlə davam etdirib.