10 Dekabr 2025 13:47
200
SİYASƏT
A- A+
Bakı-Bratislava münasibətləri: Mərkəzi Avropa Azərbaycanla strateji tərəfdaşlıq mərhələsinə keçir  

Bakı-Bratislava münasibətləri: Mərkəzi Avropa Azərbaycanla strateji tərəfdaşlıq mərhələsinə keçir  


Prezident İlham Əliyevin Slovakiyaya tarixi rəsmi səfəri təkcə protokol xarakterli bir tədbir deyil, həm də Bakının Mərkəzi Avropada təsirini gücləndirdiyini göstərən real bir  hadisədir. Dövlət başçımızla Slovakiya Prezidenti Peter Pelleqrini arasında aparılan danışıqlar keyfiyyət dəyişikliyini əks etdirdi: Slovakiya Azərbaycanı strateji tərəfdaş kimi nəzərdən keçirir, Azərbaycan isə Slovakiyanı Aİ-nin təhlükəsizliyi, energetikası və yüksək texnologiyalarında əsas iştirakçı kimi görür. Beləliklə, bu sadəcə dövlətlərarası səfər deyil. Bu – Cənubi Qafqaz ilə Mərkəzi Avropa arasında yeni siyasi arxitekturanın açılması deməkdir.

Mətbuata verdiyi açıqlamada Slovakiya prezidenti Avropa liderlərinin çox nadir hallarda və yalnız ən əhəmiyyətli tərəfdaşlar barədə səsləndirdiyi fikirləri səsləndirdi: “Slovakiya Azərbaycanı regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir.” O həmçinin qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına sahibdir, Asiya və Avropanın qovşağında yerləşir və Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, rəsmi Bratislava digər oyunçuların təchizatında qeyri-stabil vəziyyət fonunda Azərbaycanda enerji mənbələrinin şaxələndirilməsi üçün gələcək uzunmüddətli tərəfdaş görür. Bu səviyyədə etimad – Bakının ciddi diplomatik uğurudur. Avropa üçün, etibarlı qaz və texnologiya mənbələri axtaran bir vaxtda, siyasi cəhətdən qeyri-stabil bazarlara alternativ məhz Azərbaycan olur. Rəsmi Bakı Avropanın enerji bazarında mövqelərini gücləndirir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında Azərbaycanın son illərdə xeyli artmış enerji potensialının miqyasını vurğuladı: “Bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur”. Və bu siyahıya Slovakiya da qoşula bilər. Ölkə başçısı İlham Əliyev bildirdi ki:“Azərbaycan Slovakiyanın ehtiyacı olan hər hansı həcmdə enerji resurslarını təmin edə bilər.” Söhbət artıq müvəqqəti ticarət razılaşmasından deyil, Avropanın enerji axınlarının strateji yenidən bölüşdürülməsindən gedir – burada Bakı əsas hab olur.

 Ən çox müzakirə olunan sahələrdən biri müdafiə sənayesi oldu. Slovakiyanın prezidenti  Peter Pelleqrini   bildirdi ki: “Müdafiə sənayesi çox vacib sahədir. Biz bu sahəni artıq inkişaf etdiririk. Biz, sadəcə olaraq, Azərbaycana silah satmaq niyyətində deyilik. Bildiyiniz kimi, bu sahə Slovakiyada çox inkişaf edib. Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik.”Bu prinsipial məqamdır: Azərbaycan sadəcə alıcı deyil, həm də həmmaliyyəçi, texnoloji tərəfdaş və istehsal meydançasına çevrilir. Prezident İlham Əliyev isə bu əməkdaşlığın strateji xarakterini belə izah etdi: “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”. Beləliklə, müdafiə əməkdaşlığı texnoloji inkişaf alətinə çevrilir.

Prezident İlham Əliyevin Bratislavada söylədiyi  bir fikri xüsusilə qeyd etmək lazımdır. O, Slovakiyanın müstəqil siyasət aparması vurğulayaraq bildirdi ki: “ Ölkənizdə sabitlik, iqtisadi inkişaf hökm sürür. Slovakiya çox güclü sənaye potensialına malikdir. Xüsusilə Sizə rəğbət qazandıran odur ki, Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz. Ancaq bu, Sizi yolunuzdan döndərmir və bizim bölgəmizdə Sizin ölkənizə və rəhbərliyə çox böyük hörmət mövcuddur”. Bu fikir təsadüfi deyil. Slovakiya doğrudan da bir çox Aİ ölkəsindən fərqli olaraq, yalnız Brüssel xəttinə uyğun hərəkət etmir. Pelleqrini də Azərbaycan kimi çoxvektorlu siyasət aparır. Bu səbəbdən Bakı və Bratislavada yanaşmalar üst-üstə düşür. 

Görüş və mətbuata verilən bəyanatlar zamanı xüsusi diqqət çəkən məsələlərdən biri də regionun yeni geo-iqtisadi arxitekturasının əsas faktoru  sayılan nəqliyyat dəhlizləri oldu. İlham Əliyev vurğuladı ki, Orta Dəhlizin inkişafı strateji səviyyəyə qalxıb: “Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Hesab edirəm ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır”. Slovakiya, Avropanın nəqliyyat qovşağının bir hissəsi olaraq, Asiyadan gələn etibarlı yük marşrutlarında çox maraqlıdır və bu zəncirdə Bakı əvəzsiz halqaya çevrilir.

Prezident İlham Əliyevin qeyd etdiyi bu fikir xüsusilə diqqət çəkdi:“ Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik. Bu sahə çox böyük potensiala malikdir.” Bu təşəbbüsün ciddi praqmatik əsası var. Aİ məlumatların saxlanması və emalı gücünü sürətlə artırır, lakin əsas problem yüksək enerji xərcləridir. Azərbaycan isə böyük enerji potensialına malikdir və rəqəmsal sistemlərin fasiləsiz enerji təminatını verə bilər. Ölkə başçısı malik olduğumuz  coğrafi relyefin də  əhəmiyyətini qeyd etdi: “Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik”. Bununla da, Azərbaycanın süni intellektə, rəqəmsal infrastruktur və data-hablara yatırdığı sərmayələr ölkəni regionun ən böyük IT mərkəzlərindən birinə çevirir. Slovakiya üçün isə bu əməkdaşlıq ucuz enerji resurslarına çıxış və öz rəqəmsal iqtisadiyyatını inkişaf etdirmək üçün yeni imkanlar deməkdi.

Prezident Pelleqrininin bəyanatlarının ən mühüm siyasi hissələrindən biri Ermənistanla sülh müqaviləsinin paraflanması barədə idi: “slovak xalqı adından cənab Prezidenti və Azərbaycan Respublikasını təbrik etmək istərdim. Çünki uzun illərdən sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi paraflanmışdır. Bilirsiniz ki, bu müqavilə Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə imzalanmışdır. Azərbaycan bu gün sülh şəraitində yaşayır və onun vətəndaşları, cəmiyyət diqqəti ölkənin inkişaf etdirilməsinə yönəldib. Artıq diqqət postmüharibə dövrünə yönəldilib” Yəni Avropa tərəfdaşları açıq şəkildə etiraf edirlər ki, Bakı diplomatik qələbə qazanıb, davamlı sülh və əraziləri üzərində tam nəzarət bərpa olunub. Faktiki olaraq Slovakiya göstərir ki, Cənubi Qafqazın gələcəyi Azərbaycanın liderliyi prizmasından görülür.

Diqqətəlayiq haldır ki, bir Slovakiya şirkəti Qarabağ iqtisadi rayonunda  "ağıllı şəhər"in tikintisində iştirak edir. Bu, simvolikdir: Avropa texnologiyaları Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərin bərpasına töhfə verir və əməkdaşlığa siyasi dərinlik verir. Hər iki liderin qeyd etdiyi Bratislava-Bakı birbaşa reysinin açılması niyyəti də eyni dərəcədə vacibdir. Birbaşa hava əlaqəsi turizm və işgüzar əlaqələri əhəmiyyətli dərəcədə artıra bilər, eyni zamanda Azərbaycanın Mərkəzi Avropa ilə logistika əlaqəsini yaxşılaşdıra bilər. Bu səfər  bir daha  göstərdi ki, Azərbaycanın çoxvektorlu siyasəti müasir diplomatiyada sadəcə bir termin  deyil. O, real, davamlı və əsaslı bir kursu əks etdirir. Hər bir istiqamətdə prioritetlər dəqiq müəyyən edilib və hər bir vektor  qarşıya qoyulan məqsəd və  nəticəyə nail olmaq üçün həyata keçirilir.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri ikitərəfli münasibətlər tarixində əlamətdar bir hadisəyə çevrildi və Bakı ilə Bratislava arasında siyasi dialoqun və iqtisadi tərəfdaşlığın yeni səviyyəsini nümayiş etdirdi. Qlobal siyasətdə davam edən tektonik dəyişikliklər, Avropanın enerji təhlükəsizliyi problemləri və geosiyasi qarışıqlıqla üzləşdiyi bir şəraitdə bu cür əlaqələr təkcə simvolik əhəmiyyət kəsb etmir, həm də konkret praktiki məzmun qazanır. 

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə növbəti "Yüksəliş"müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:34
11 Dekabr

R.R.İsmayılovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilməsi haqqında

03:33
11 Dekabr

Ş.M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında

03:33
11 Dekabr

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında

03:31
11 Dekabr

“Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:29
11 Dekabr

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 242 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:28
11 Dekabr

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 

03:27
11 Dekabr

“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

03:25
11 Dekabr

Çempionlar Liqası: Bakıda “Qarabağ” “Ayaks”a məğlub olub

23:50
10 Dekabr

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş olub  

22:45
10 Dekabr

İsveçrənin yeni prezidenti seçilib  

22:18
10 Dekabr

Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib  

21:58
10 Dekabr

Kənan Quluzadə: İstanbul nümayəndəliyimizin əsas məqsədi Azərbaycanın turizmini Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaqdır  

21:30
10 Dekabr

UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlanıb  

20:43
10 Dekabr

Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO-nun nümayəndələri görüşüblər  

20:15
10 Dekabr

Çin civə termometrlərinin istehsalını qadağan edəcək  

20:07
10 Dekabr

Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub 

19:53
10 Dekabr

Doğma yurda qayıdacaq keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

19:41
10 Dekabr

Milli Məclisin sədri Britaniya ticarət elçisi ilə parlamentlərarası əlaqələri müzakirə edib  

19:32
10 Dekabr

Əmək qanunvericiliyinə genişmiqyaslı dəyişikliklər birinci oxunuşda komitədə dəstəklənib  

19:29
10 Dekabr

ABŞ Konqresində Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib  

19:23
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!