Son illər Azərbaycanla Slovakiya arasında münasibətlər dinamik inkişaf edir və əlaqələr bir çox sahəni əhatə edir. Dekabrın 8-də Azərbaycan Prezidenti ilk dəfə Slovakiyaya rəsmi səfər etdi. Səfər zamanı qarşılıqlı faydalı müzakirələr aparıldı, əlaqələrin inkişafına dair bəyanatlar verildi.
Rəsmi görüşlərdə verilən mesajlardan aydın olur ki, hər iki ölkə mövcud əməkdaşlıq potensialını səmərəli dəyərləndirməkdə maraqlıdır. Üstəlik, Avropa İttifaqının Rusiya qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəldiyi bir vaxtda Azərbaycanla əməkdaşlıq Bratislava üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın enerji təchizatının şaxələndirilməsində oynadığı rol Slovakiya tərəfindən də yüksək qiymətləndirilir. Ötən il ilk dəfə Azərbaycan Slovakiyaya qaz təchizatına başlayıb. Dövlət başçımız Bratislavada bəyan etdi ki, biz bunu istənilən lazımi vaxta qədər davam etdirməyə hazırıq.
Slovakiya postmünaqişə dövrünün reallıqlarını qəbul edir və dəstəkləyir. Bu ölkə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş razılaşmanı tarixi nailiyyət hesab edir.
Dost ölkə kimi Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndinin "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmasında iştirak edir.
Ümumiyyətlə, Azərbaycanla Slovakiya arasında qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri genişlənməkdədir. Ötən il Slovakiya Baş nazirinin ölkəmizə səfəri baş tutub. Səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə qaldırmaqdadır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu bəyannamədə əks olunan maddələr gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir.
Rəsmi Bakı ilə Bratislava arasında siyasi əlaqələrlə yanaşı, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirmək barədə də razılığa gəlinib. Qlobal təhlükələr fonunda hərbi sahədə əməkdaşlıq hər iki ölkənin təhlükəsizliyi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Amma bu, müharibəyə hazırlıq kimi deyil, perspektivli əməkdaşlığın yeni istiqaməti kimi qəbul edilməlidir.
Yeri gəlmişkən, ötən il keçirilmiş Slovakiya-Azərbaycan biznes-forumu iki ölkə arasında biznes sahəsində əməkdaşlıq üçün yaxşı zəmin yaradıb. Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı verilən mesajlardan da aydın oldu ki, müstəqil siyasət aparan Azərbaycan və Slovakiya bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Avropa İttifaqının üzvü olsa da, Slovakiya Aİ-nin digər ölkələrin daxili işlərinə qarışmasının əleyhinədir. Eyni zamanda rəsmi Bratislava Bakı ilə Avropa İttifaqı arasında körpü yaratmağa hazırdır. Bu da ikitərəfli münasibətlərdə sağlam yanaşmanın göstəricisidir.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı