Martın 13-də Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri, Əməkdar hüquqşünas Fərhad Abdullayev, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri və vəkillər iştirak ediblər.
Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar.
Tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Kollegiya sədri Anar Bağırov ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər salaraq, son illərdə bu sahədə həyata keçirilən mühüm islahatlardan söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin 3 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında VK-nın 12 üzvünün yer alması olduqca yüksək göstəricidir. Sədrin sözlərinə görə, bu fakt vəkillik institutunun ölkənin məhkəmə sistemində də etibarlı və peşəkar kadr bankına çevrildiyini göstərir.
A.Bağırov diqqətə çatdırıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6893 namizəd iştirak edib, onlardan 2036-sı uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub.
Qeyd olunub ki, bugünkü tədbirə təntənəli şəkildə and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2867 nəfərə çatıb. Yeni qəbul olunan namizədlərdən 35-i kişi, 15-i qadındır. Onlardan 6-sı regionlarda, 44-ü isə paytaxtda fəaliyyət göstərəcək. Yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir. Bu isə vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir.
Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında son illərdə Kollegiya tərəfindən həyata keçirilən islahatlardan və görülən işlərdən danışıb, ölkədə hüquqi dövlət quruculuğu prosesində vəkillik institutunun mühüm rol oynadığını qeyd edib.
Mərasimdə çıxış edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib.
Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər VK Rəyasət Heyətinin qərarı ilə Fəxri fərmanla təltif olunublar.
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini daim uca tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik götürüblər.
Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim olunub.
Mərasimdə çıxış edən yeni vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildiriblər.
Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.