İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova iclasın Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirildiyini bildirib. İyunun 15-də xalqımız Milli Qurtuluş Gününü qeyd edəcək.
"1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi. Ümummilli Liderimizin məharətlə və əzmlə xilaskarlıq missiyasını həyata keçirməsi, hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm təməlini yaratması Azərbaycanın tarixinə milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunmuşdur", - deyə Milli Məclisin Sədri Sahibə Qafarova bildirib.
Ulu Öndərin başladığı tarixi missiyanın bu gün eyni əzm və iradə ilə davam etdirildiyini deyən Milli Məclis Sədri qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəltmişdir. Azərbaycan dinamik iqtisadi artıma nail olmuş, nəhəng infrastruktur layihələri həyata keçirmiş, ordusunu möhkəmləndirmişdir.
Spiker Sahibə Qafarova deyib ki, bu gün Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətdir. Əminliklə söyləmək olar ki, Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaqdır.
Milli Məclisin Sədri təklif edib ki, Milli Qurtuluş Günü münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq.
Sahibə Qafarova bayram münasibəti ilə hər kəsə təbriklərini çatdırıb, cansağlığı, firavanlıq və xoşbəxtlik arzulayıb.
Sonra Milli Məclisin Sədri onun başçılığı ilə nümayəndə heyətinin iyunun 11-12-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə işgüzar səfəri barədə məlumat verib. Qeyd olunub ki, səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının Şura iclasında və 14-cü plenar iclasında iştirak etmək idi. Spiker xatırladıb ki, 2024-cü ildə TÜRKPA-ya sədrliyi Azərbaycan Respublikasının Milli Məclisi edib.
İyunun 12-də TÜRKPA-nın Şura iclasında Milli Məclisin təşkilata sədrliyi dövründə görülmüş işlərə dair hesabatla çıxış etdiyini deyən Sahibə Qafarova bildirib ki, ötən dövrdə TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barəsində geniş məlumat verib. İclasda təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub, həmçinin təşkilata sədrlik Qazaxıstan Parlamentinə keçib.
Elə həmin gün Türk Dövlətləri Parlament Assambleyasının 14-cü plenar iclası keçirilib. İclasda "Türk əsri: parlament diplomatiyasının rolu" mövzusunda müzakirələr aparılıb. Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, iclasdakı çıxışında müasir dövrdə dost və qardaş türk xalqlarının yaxınlaşması, birgə inkişafı və qarşılıqlı əlaqəsi üçün yaranan şəraitdən danışıb, türk birliyinin güclənməsinə Azərbaycanın verdiyi töhfələri qeyd edib, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin bütün türk dünyası üçün tarixi nailiyyət olduğunu vurğulayıb.
Spiker qeyd edib ki, çıxışında TÜRKPA çərçivəsində iş birliyinin ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafı üçün parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açdığını bildirib. Sahibə Qafarova iyirmi birinci əsrin türk xalqları üçün yeni imkanlar əsri olduğunu vurğulayaraq Azərbaycan Prezidenti İlham Əliyevin "İyirmi birinci əsr türk dünyasının inkişafı əsri olmalıdır" kəlamını da xatırladıb.
İclasın yekununda Astana Bəyannaməsi qəbul olunub.
Milli Məclisin deputatı Ramil Həsən plenar iclasda TÜRKPA-nın yeni Baş katibi seçilib. Spiker bununla bağlı deputatı təbrik edib, fəaliyyətində ona uğurlar arzulayıb.
TÜRKPA-nın 14-cü plenar iclasından sonra mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxışı zamanı Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Milli Məclisi Parlament Assambleyası çərçivəsində fəaliyyətə çox böyük əhəmiyyət verir. Qardaş ölkələrin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın mahiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim ailəmiz türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur" fikrinin dayandığı diqqətə çatdırılıb.
Spiker Sahibə Qafarova qeyd edib ki, Astana şəhərinə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər də keçirilib. Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayev ilə nümayəndə heyətləri rəhbərlərinin görüşündə türk birliyinin inkişafının parlamentlər səviyyəsində dəstəklənməsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycan Milli Məclisi Sədrinin Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilov və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Sədri Ziya Öztürkler ilə görüşlərində parlamentlərarası əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.
Milli Məclisin Sədri Qazaxıstan Respublikasına işgüzar səfərinin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirib.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. İclasın gündəliyinə 12 məsələnin daxil edildiyini bildirən parlamentin Sədri Sahibə Qafarova birinci məsələnin "Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi olduğunu deyib. Spiker qeyd edib ki, qanun layihəsi beynəlxalq sənədlə bağlı olduğuna görə "Normativ hüquqi aktlar haqqında" konstitusiya qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcək.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu məsələni təqdim edib. O, qanun layihəsinin ölkə Prezidentinin imzası ilə Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, "Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş" Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanıb.
Komitə sədri diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin (TDTMMM) məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır. Dəstək fəlakət və ya fövqəladə vəziyyət zamanı zərər çəkmiş dövlətin müraciəti əsasında təmin edilir və TDTMMM-in dəstək fəaliyyətlərində iştirak könüllülük əsasında həyata keçirilir. TDTMMM-in əsas funksiyalarına fəlakət və fövqəladə hallar zamanı həyat və əmlakın xilas edilməsi, tibbi yardım, monitorinq və təhlil, sığınacaq, humanitar yardım və sairə kimi tədbirlər aiddir.
Sazişin həyata keçirilməsinə məsul olan səlahiyyətli qurumlar kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlətləri tərəfindən həmin dövlətlərin Fövqəladə Hallar Nazirlikləri, Türkiyə Respublikası tərəfindən isə Daxili İşlər Nazirliyi müəyyən edilib.
Sazişə əsasən, Tərəflər Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmini hüquqi şəxs statusuna malik olan beynəlxalq təşkilat formasında təsis edirlər. TDTMMM-in inzibati strukturlarına fəlakət və fövqəladə halların idarə edilməsinə məsul olan Nazirlər Şurası və TDTMMM-in Katibliyi aid edilir. Nazirlər Şurası ildə ən azı bir dəfə toplanır. TDT-yə sədrlik edən tərəfi təmsil edən nazir həm də şuraya sədrlik edir.
Sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin məsələ barədə rəyi açıqlanıb. Müzakirələr zamanı çıxış edən deputatlar Aydın Hüseynov, Hikmət Məmmədov, Aydın Mirzəzadə, Sahib Alıyev məsələ ilə bağlı fikirlərini bildiriblər.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə və "Pasportlar haqqında" və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin digər 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. O qeyd edib ki, növbəti məsələ "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsidir (ikinci oxunuş). Sədr bu məsələ ilə əlaqədar hökumət üzvlərinin, Hesablama Palatası rəhbərliyinin və digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini söyləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə məlumat verərək, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin və illik hesabatın birinci oxunuşda ətraflı müzakirə edildiyini bildirib. Komitə sədri dövlət büdcəsinin icrasının büdcə prosesinin vacib mərhələlərindən biri olduğunu deyib. Qeyd edib ki, büdcənin icrası üzrə hesabatlılıq büdcə prosesinin və büdcə nəzarətinin ayrılmaz tərkib hissəsidir. O, büdcə prosesinin və onun təkmilləşdirilməsinin davamlı xarakter daşıdığını, Maliyyə Nazirliyində büdcə sisteminin və fiskal siyasətin müxtəlif istiqamətlərini əhatə edən işçi qruplarının yaradıldığını söyləyib.
Azər Əmiraslanov vurğulayıb ki, 2024-cü ilin büdcəsi dövlətin mühüm funksiyalarının ahəngdar icrası üçün etibarlı maliyyə təminatı yaradıb. Xüsusilə müdafiə və təhlükəsizlik, əhalinin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə xərclərin maliyyələşdirilməsi prioritet istiqamətlər olaraq davam etdirilib. O, ötən ilin dövlət büdcəsinin əlverişli makroiqtisadi şəraitdə icra edildiyini, büdcə parametrlərinin müsbət trendlərə malik olduğunu deyib.
Komitə sədri 2024-cü ilin dövlət büdcəsinin Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi strateji inkişaf prioritetlərinə və sosial-iqtisadi hədəflərə uyğun olaraq uğurla icra edildiyini vurğulayıb.
Məsələ ilə bağlı müzakirələrdə parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Æalə Əliyeva, Rəşad Mahmudov çıxış edərək, fikir və qeydlərini səsləndiriblər. Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov, komitə sədri Azər Əmiraslanov çıxışlarda qaldırılan məsələlərə münasibət bildiriblər.
İclasda iştirak edən maliyyə naziri Sahil Babayev bildirib ki, dövlət büdcəsi ölkənin strateji inkişaf istiqamətlərini, sosial öhdəliklərini, vətəndaş rifahına yönəlmiş siyasəti özündə əks etdirən əsas sənəddir. Büdcənin icrası isə bu öhdəliklərin həyata keçirilməsinin göstəricisi, hökumətin sosial-iqtisadi fəaliyyətinin məntiqi yekunudur. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə hesabat ilində büdcənin icrası ilə bağlı zəruri tədbirlər görüldüyünü, makroiqtisadi göstəricilərin müsbət tendensiya üzrə inkişaf etdiyini, sosial proqramların icrasının təmin olunduğunu, iqtisadi inkişaf, dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması üçün tələb olunan həcmdə maliyyə vəsaitinin səfərbər edildiyini vurğulayıb. Bununla yanaşı, ötən il ərzində Böyük Qayıdış Proqramına uyğun olaraq quruculuq işlərinin sürətləndirilməsinin və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinin geniş vüsət aldığını söyləyib. Nazir qeyd edib ki, hesabat ilində, həmçinin təhsil, səhiyyə, sosial, mədəniyyət, idman, investisiya, kənd təsərrüfatı, dövlət borcu, beynəlxalq təşkilatlara üzvlük və digər zəruri tədbirlərin maliyyələşdirilməsi təmin edilib.
Sahil Babayev çıxışında müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən məsələlərlə bağlı öz fikirlərini açıqlayıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin Sədri Sahibə Qafarova növbəti məsələnin "İcra məmurları haqqında", "İcra haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O qeyd edib ki, bu məsələ ilə əlaqədar ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinin rəisi Elçin Nəsibov, İcra xidmətinin rəis müavini Yaqub Qurbanov iclasda iştirak edirlər.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu qanun layihəsini təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini söyləyib. Komitə sədri məhkəmə qərarlarının icrası sahəsində mövcud vəziyyət barədə danışaraq, bu qərarların təmin edilməsi üçün təsirli tədbirlərin görüldüyünü deyib, bu baxımdan təqdim edilən qanun layihəsinin əhəmiyyətindən söhbət açıb.
Qanun layihəsində ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılması təklif olunur. Sənəddə Ədliyyə Nazirliyinin hesabına daxil olan pul vəsaitlərinin vahid hesabda cəmlənməsi və həmin vəsaitin ədliyyə orqanlarının əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, nazirliyin elmi-texniki potensialının artırılması və digər məqsədlərə sərf edilməsi nəzərdə tutulur. Digər dəyişiklikdə icra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslər barəsində tətbiq edilən icra ödənişlərinin miqdarının artırılması təklif edilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı nəzərə çatdırıb.
Komitə sədri layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan bəzi məsələlərə aydınlıq gətirib. O qeyd edib ki, qanun layihəsinin əsas mahiyyəti bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, sərf olunan vəsaitin qanunvericiliyin tələblərinə uyğun olmasıdır.
Sənədə əsasən, "Bələdiyyələrin statusu haqqında" qanuna təklif olunan yeni maddədə bələdiyyələrin vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna edilən dəyişiklikdə isə sözügedən sistemin yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilməsi təklif olunur. Layihədəki digər dəyişikliklər bələdiyyə bildirişlərinin elektron qaydada göndərilməsini nəzərdə tutur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.
Deputat Razi Nurullayev sənəd barədə qeyd və təkliflərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən dəstəkləndiyini qeyd edərək, bununla yanaşı, bəzi sual və təkliflərin səsləndirildiyini söyləyib. Komitə sədri qaldırılan məsələlərin aktuallığını və ictimai marağı nəzərə alaraq, parlamentin Sədri Sahibə Qafarovanın tövsiyəsi ilə Milli Məclisdə parlamentin bir sıra komitə sədrlərinin, deputatların, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirildiyini, maraq doğuran bir çox məsələlərə aydınlıq gətirildiyini diqqətə çatdırıb.
Sadiq Qurbanov bildirib ki, təqdim olunan qanun layihəsi enerji sektorunda hüquqi, texniki, institusional mexanizmlərin təkmilləşdirilməsinə yönəlib. O qeyd edib ki, sənəd istilik enerjisinin istehsalı, paylanması, satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Komitə sədri qanun layihəsinin istilik təchizatı sektorunda mövcud boşluqların və ziddiyyətlərin aradan qaldırılmasına, dayanıqlı inkişafa, yüksək xidmət keyfiyyətinin təmin olunmasına xidmət etdiyini, vətəndaşların rifahının, həyat şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcəyini, sistemli tənzimləmə mexanizminin formalaşdırılmasını təmin edəcəyini söyləyib.
Müzakirələrdə deputatlar Vüqar Bayramov, Razi Nurullayev çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar, bəzi təkliflərini irəli sürüblər.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin son üç məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. Spiker növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb. Ona görə də layihələrin təqdimatları və müzakirəsi birlikdə aparılıb.
Gündəliyin 10-cu məsələsi olan "Qaz təchizatı haqqında" qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edib. O bildirib ki, sənədin qəbulu qaz sektorunda islahatların dərinləşməsində, sahə üzrə münasibətləri tənzimləyən sənədlərin zəruri hüquqi bazasının yaradılmasında mühüm bir mərhələ açacaq. Layihə ölkəmizin qaz təchizatı sistemində idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə dayanıqlı, sabit, şəffaf və rəqabətli hüquqi mühitin formalaşdırılması məqsədilə hazırlanıb. Vurğulanıb ki, qaz təchizatının dayanıqlılığı, təhlükəsizliyi, etibarlılığı, səmərəliliyi, bu sahədə şəffaf idarəetmə və tənzimləmə, bərabər və ayrı-seçkiliyə yol verməyən xidmət imkanları qanun layihəsində dövlət siyasətinin əsas prinsipləri kimi təsbit olunub. İstehlakçılarla təchizat subyektləri arasında balanslı və ədalətli münasibətlərin qurulması da sənədin əsas istiqamətlərindəndir. Diqqətə çatdırılıb ki, layihədə qazın hasilatı, nəqli, paylanması və satışı kimi funksiyaların hüquqi ayrılığı təmin olunur, tariflərin hesablanması üçün şəffaf mexanizmlər təklif olunur.
Qanun layihəsinin hədəflərindən danışan komitə sədri diqqətə çatdırıb ki, layihənin qəbul edilməsi ilə əlaqədar qaz təchizatı sahəsində mövcud olan qanunvericilik yenilənəcək və yeni qaydalar hazırlanaraq təsdiqlənəcək.
Gündəliyin 11-ci məsələsi olan "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov nəzərə çatdırıb. Komitə sədri bildirib ki, qanun layihəsi müzakirədə olan "Qaz təchizatı haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb. Belə ki, "Qaz təchizatı haqqında" qanun layihəsinə əsasən, "qazın saxlanması" fəaliyyəti icazə əsasında həyata keçirilən fəaliyyət növü kimi təsbit edilib. Buna uyğun olaraq, "Lisenziyalar və icazələr haqqında" qanunda "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nda "qazın saxlanmasına icazə"nin təsbit olunması nəzərdə tutulur.
Layihələrin müzakirəsində deputatlar Razi Nurullayev və Əli Məsimli çıxış edərək, fikirlərini səsləndiriblər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov səslənən fikirlərə münasibət bildirəndən sonra qanun layihələri birinci oxunuşda qəbul edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov gündəliyin sonuncu məsələsi olan "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verərkən layihəni elektroenergetika sektorunda aparılan genişmiqyaslı islahatların məntiqi davamı kimi dəyərləndirib. Bildirilib ki, bu dəyişikliklərin mahiyyəti yalnız texniki xarakter daşımır. Əslində, bu təşəbbüs ölkədə enerji təchizatının səmərəliliyinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və enerji sisteminin iqtisadi dayanıqlığının təmin olunması istiqamətində atılan mühüm addımlardandır. Komitə sədri bildirib ki, qanun layihəsinin əsas predmeti "sabit tarif" anlayışının qanuna daxil edilməsidir. O bu anlayışı müasir və inkişaf etmiş iqtisadi modellərdə istifadə olunan, iqtisadi əsaslara söykənən və enerji xidmətlərinin davamlığını təmin edən element kimi xarakterizə edib. Yəni bu, enerji təchizatçılarının daimi və dəyişməyən xərclərinin qarşılanması üçün nəzərdə tutulan məbləğdir. Qeyd olunub ki, bu məbləğ faktiki olaraq hazırda istehlakçılar tərəfindən ödənilir, sadəcə tarif strukturunda ayrıca göstərilmir. Sabit tarifin qanunvericiliyə əlavə edilməsinin heç bir halda yeni ödəniş və ya əlavə maliyyə yükü yaratmadığı diqqətə çatdırılıb.
Sabit tarifin əhəmiyyətindən danışan komitə sədri vurğulayıb ki, bu tarifin tətbiqi elektroenergetika fəaliyyəti sahələrinin strukturlaşmasına müsbət təsir göstərərək, onların dayanıqlığının və rəqabət qabiliyyətinin artmasına xidmət edəcək.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"