24 İyun 2026 10:57
155
Məktublar
A- A+
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına  

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına  


Hörmətli tədbir iştirakçıları!

Sizi İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, İslam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.

Bu il Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 il ötür. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurmuşdur.

Biz də, öz növbəmizdə, İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik. İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk.

Təəssüf ki, işğal dövründə Ermənistan tərəfindən urbisid və kultursidə məruz qalmış şəhər və kəndlərimizdə bəşəri əhəmiyyətə malik məscidlər və çoxəsrlik İslam memarlığı abidələri qəsdən dağıdılmış və talan olunmuşdur. 67 məsciddən 65-i məhv edilmiş, qalan məscidlərə isə ciddi zərər vurulmuşdur. Bu müqəddəs yerlərin tövlə kimi istifadə olunması və orada dinimizdə haram sayılan heyvanların saxlanılması təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinə təhqirdir. ICESCO və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası bu vandalizm aktlarının işğaldan azad edilmiş ərazilərimizə təşkil etdiyi missiyaları zamanı əyani şahidi olmuşdur.


Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış dini ocaqlarımız tarixi görkəmi nəzərə alınmaqla bərpa edilir, yeni məscidlər inşa edilir, minarələrdən uzun illərdən sonra yenidən azan sədaları ucalır.

Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş bu cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür. Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət almışdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir.

İslamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin daha da artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfranslar təşkil edilir. İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir.

Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüşdür. 2017-ci ildə Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində 54 ölkənin iştirakı ilə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir.

Bir neçə gün öncə Bakıda müsəlman ölkələrinin dayanıqlı rifahı naminə regional inteqrasiya mövzusuna həsr olunmuş İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları uğurla təşkil edilmişdir.

2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Hörmətli tədbir iştirakçıları,

Hazırkı sessiyanın “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusuna həsr olunması Parlament İttifaqının üzv ölkələrinin tərəqqisi üçün ortaq çağırışlara birgə həll yolları tapmaq əzmini nümayiş etdirir.

Əminəm ki, sessiya çərçivəsində irəli sürülən faydalı təşəbbüslər qardaş xalqlarımızın rifahına töhfə verəcək, ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək.

Sizə ən xoş arzularımı yetirir, sessiyanın işinə uğurlar diləyirəm.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin neft ehtiyatları azalıb

11:50
24 İyun

Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir

11:49
24 İyun

Masallıda şəhidin adını daşıyan küçə abadlaşdırılıb

11:45
24 İyun

Hörmüzdən daşımalar artır, neft qiymətləri isə ucuzlaşır

11:25
24 İyun

Rusiyanın Nijeqorod vilayətində PUA hücumu zamanı iki nəfər ölüb

11:24
24 İyun

Milli Məclisin sədri: İƏT ölkələri hər zaman Azərbaycanla həmrəylik nümayiş etdiriblər

11:23
24 İyun

Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə başlayıb

11:22
24 İyun

Prezidentlərin görüşü Azərbaycan–Türkmənistan tərəfdaşlığını daha da gücləndirir

11:20
24 İyun

Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik

11:03
24 İyun

Qızılın qiyməti son iki həftənin minimumuna enib

11:03
24 İyun

Milli Aviasiya Akademiyasında “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda beynəlxalq konfrans təşkil olunub  

11:02
24 İyun

Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib

11:00
24 İyun

İƏT Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib

11:00
24 İyun

FHN gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:59
24 İyun

Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür

10:58
24 İyun

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına  

10:57
24 İyun

Rusiya səfiri: Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərlə yaxın əməkdaşlıq əlaqələrinə malikdir

10:55
24 İyun

Şavkat Mirziyoyev: Regionun məqam, muğam, dəsgah kimi musiqi janrlarını vahid rəqəmsal platformada birləşdirmək lazımdır  

10:42
24 İyun

İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimi keçirilir

10:39
24 İyun

Qızılın bir troya unsiyasının qiyməti 4090 dollara enib 

10:32
24 İyun

BMT: Qlobal təhsil böhranı bütöv bir nəsli təhdid edir

10:23
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!