Prezident İlham ƏLİYEV: "Bizi birləşdirən bir çox sərmayə layihəsi böyük coğrafiya üçün önəmlidir"
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu vəzifəyə seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etdi. Qonşu və dost ölkənin Baş naziri İrakli Kobaxidzenin də seçkilərdən sonra ilk rəsmi səfəri cari ilin yanvar ayında Azərbaycana olmuşdu. Bu da ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bir daha göstərir.
İki ölkənin ali rəhbərliyi səviyyəsində təşəkkül tapmış siyasi dialoq əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafına daha böyük təkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da mətbuata bəyanatlarında da iqtisadi məsələlərə geniş şəkildə toxunulub. Qeyd edilib ki, bizi birləşdirən bir çox sərmayə layihəsi böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft və qaz ixracı kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyır. Bunlar nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.
Azərbaycanın nəhəng neft-qaz kəmərləri və nəqliyyat kommunikasiya xətləri dünyaya Gürcüstandan keçərək istiqamətlənir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 1768 kilometrlik yolunun bir hissəsi bu ölkədən keçir. Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri başlanğıcını Bakı yaxınlığındakı Səngəçal terminalından götürərək Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda BTC ilə eyni marşrut boyu uzanır. BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ümumi uzunluğu 691 kilometrdir. Bu kəmər Azərbaycanda 443, Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri qoşulur ki, bununla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.
Qeyd edək ki, CQBK Azərbaycan qazını Gürcüstana 2006-cı ildə çatdırıb. Əslində, elə "Cənub qaz dəhlizi"nin təməlini də BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağınadək 3500 kilometrlik məsafə boyu uzanan, üç kəmərdən ibarət olan bu dəhlizin bir seqmenti də genişləndirilmiş CQBK-dır.
Bu gün Azərbaycan 12 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana, Serbiyaya, Sloveniyaya, Xorvatiyaya, Şimali Makedoniyaya və Slovakiyaya qaz ixrac edir. Başqa sözlə, Gürcüstan tranziti vasitəsilə hazırda Azərbaycandan 11 ölkə təbii qaz alır. İldən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatıb və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Gürcüstanda yaradılmış münbit investisiya mühiti Azərbaycanın qonşu ölkə iqtisadiyyatına sərmayələrin yatırılmasına geniş imkan verib. Xüsusilə son illər ərzində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan iqtisadiyyatına sanballı investisiyalar yönəldib. Azərbaycanın Gürcüstanın iqtisadiyyatına qoyduğu sərmayənin xeyli hissəsi qazlaşdırmaya yatırılıb. SOCAR-ın son iki onillikdə Gürcüstanda yüzlərlə yaşayış məntəqəsini qazlaşdırması buna aydın misaldır. Ticarət dövriyyəmiz də ildən-ilə genişlənir.
Bununla yanaşı, ölkələrimiz "yaşıl enerji" sahəsində də sıx əməkdaşlığa başlayıblar. Bu da çox önəmli və məsuliyyətli məsələdir. Çünki indi bu enerji böyük maraq doğurur, buna bazarda böyük tələbat var. Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1195 kilometrlik elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan "yaşıl enerji"nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulur.
Digər sahələrdə də əməkdaşlıq və tərəfdaşlıq uğurla davam edir. Mətbuata bəyanatında dövlətimizin başçısının dediyi kimi: "Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır".
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili də öz bəyanatında vurğulayıb ki, birlikdə bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçirilir. Bu da regionumuzu bütün dünya üçün daha da cəlbedici edir.
Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə də olub. Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşdə qeyd edilib ki, ölkələrimiz arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir sıra sahələri əhatə edən çox uğurlu üçtərəfli əməkdaşlıq formatı da mövcuddur.
Mixeil Kavelaşvilinin prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi həm ölkəmizdə, həm də Gürcüstanda yüksək dəyərləndirilir. Bu, iqtisadi sahədə də yeni uğurlara rəvac veriləcəyinə inam yaradır. Məsələn, gürcü politoloq Vato Şakarişvili deyib: "Biz iqtisadi inkişaf baxımından yeni, əhəmiyyətli layihələr üzərində çalışmalıyıq ki, regionumuzu gücləndirək, birlikdə yeni dünya reallığında ləyaqətli və önəmli yerimizi tutaq. Ümid edirik ki, Mixeil Kavelaşvilinin bu səfərindən sonra münasibətlərimizdə yeni səhifə açılacaq və biz daha böyük uğurlara imza atacağıq".
Bütün bunlar deməyə əsas verir ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Flora SADIQLI,
"Azərbaycan"