Azərbaycan Diplomatik Akademiyası (ADA) 2012-2013-cü tədris ili üçün Diplomatiya və Beynəlxalq Münasibətlər (MADİA proqramı) üzrə magistraturaya tələbə qəbuluna başlamışdır.
ADA-dan AzərTAc-a bildirmişlər ki, magistraturada təhsil ikiillikdir və ingilis dilində aparılır. Əlaçı tələbələr tam pulsuz təhsil alırlar. Həmçinin təhsil xərclərini ödəmək üçün təhsil krediti də mövcuddur.
Dərslər beynəlxalq münasibətlər, beynəlxalq hüquq və beynəlxalq iqtisadiyyat sahələrini əhatə edir, tanınmış xarici və azərbaycanlı professorlar tərəfindən keçirilir. Seçilmiş tələbələr İngiltərənin Qlazqo Universitetinə və İsveçrənin Cenevrə Təhlükəsizlik Araşdırmaları Mərkəzinə bir semestrlik mübadilə proqramlarına göndərilirlər. Eyni zamanda, təhsil müddətində tələbələr bir sıra xarici ölkələrə qısa akademik səfərlərdə iştirak edirlər.
Tələbələr yayda ABŞ, Avstriya, Rusiya, İtaliya, Gürcüstan və digər ölkələrin nüfuzlu qurumlarında təcrübə keçirlər.
ADA-da təhsil almaq istəyən gənclər üçün hər çərşənbə axşamı saat 16.00-da Məlumat Sessiyaları keçirilir. Daha ətraflı məlumat ADA-nın veb-səhifəsindən (www.ada.edu.az/admissions) əldə etmək olar.
Həmçinin oktyabrın 6-dan 8-dək keçiriləcək Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisində akademiyanın stendində ADA-nın bütün proqramları haqqında məlumat almaq olar.
Qeyd edək ki, bu günə kimi ADA-nın MADİA proqramında azərbaycanlı tələbələrlə yanaşı, Çexiya, Meksika, Pakistan, Rusiya Federasiyası, ABŞ, Macarıstan, Qambiya, Gürcüstan, Keniya, Argentina, Ukrayna və Fici adaları vətəndaşları da təhsil alıblar və almaqda davam edirlər.