01 May 2024 09:15
357
İQTİSADİYYAT
A- A+

Azərbaycan COP29-a ev sahibi kimi körpülər yaradacaq

 

Nəzərlər yenə Azərbaycana yönəlib. Ölkəmiz COP29 beynəlxalq konfransına hazırlaşır. Noyabrda iki həftə ərzində Bakı təxminən 70-80 min xarici qonağa evsahibliyi edəcək. Bakı dünyanın mərkəzi olacaq. Heç şübhəsiz ki, belə nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. 
Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda çıxış edən dövlət başçısı İlham  Əliyev COP29-un Azərbaycan üçün fürsət olacağını vurğulayaraq bildirib ki, bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur: "Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Biz öz sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq".
Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələri bu gün xüsusi diqqət tələb edir. İqlim məsələləri ilə bağlı fikir ayrılığının bir səbəbi inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin məsuliyyətidir. Dünyanın xilası naminə bu ölkələr arasında ədalətli ortaq məsuliyyət olmalı, iqlim problemlərinə mənfi təsir edəcək məsələlər açıq şəkildə müzakirə edilməlidir. Qlobal Cənub ölkələri, həmçinin bir çox Avropa ölkəsi ilə yaxşı əlaqələrə malik olan Azərbaycan problemin həllində yaxşı koordinator və ya körpü rolunu oynaya bilər. Bu həm də neft və qazla zəngin olan ölkələrlə qarşılıqlı əlaqədə olmaq, eyni zamanda məsuliyyət platforması yaratmaq imkanını verir. Heç şübhəsiz ki, Azərbaycan da daxil olmaqla, bu ölkələr ciddi addımlar atmalıdır. Ortada belə bir təcrübə də var. OPEC+ adlanan platformada hasilatın əlaqələndirilmiş azaldılması neft qiymətlərinin sabitləşməsi ilə nəticələnib. 
Ölkəmizdə keçirilməsi nəzərdə tutulan COP29 üçün yenilik olan məsələ ondan ibarətdir ki, Azərbaycan COP28-i keçirmiş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və COP30-u keçirəcək Braziliya ilə bir formata malik olmaq üçün təşəbbüs qaldırıb. Artıq nazirlərin görüşü baş tutub. Əlbəttə, bu addım planlaşdırmaya öz töhfəsini verəcək. Hazırda ölkəmiz tədbirin hazırlanması və keçirilməsi üçün Birləşmiş Ərəb Əmirliklərinin təcrübəsindən yararlanır. 
 Prezident İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı COP29-a hazırlıqla bağlı fikirlərini belə ifadə edib: "COP29-a evsahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir".
Prezident İlham Əliyev Almaniyada səfərdə olarkən aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında qeyd edib ki, neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ, Azərbaycan və Braziliya üçlük şəklində fəaliyyət göstərir.
Bu ölkələrin əldə olunmuş gəlirlərin "yaşıl enerji"yə sərf edilməsi istiqamətində addımlar atdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: "COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən "yaşıl enerji"yə keçid və iqlim dəyişikliyi ilə bağlı". 
Xatırladaq ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət olunan qonaqlar arasında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də var.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video