Avstraliya hökuməti süni intellekt texnologiyalarını ölkənin xarici siyasətində əsas çağırışlardan biri kimi dəyərləndirir. Bununla belə, rəsmi Kanberra hesab edir ki, bu texnologiya cəmiyyətin təməllərini dəyişir və xarici qüvvələrə ölkənin demokratiyasına müdaxilə etmək üçün yeni imkanlar yaradır.
"Reuters" Agentliyinin məlumatına görə, Avstraliyanın xarici işlər naziri Penni Vonq parlamentdəki çıxışında bu məsələni xüsusi qabardıb. Nazir süni intellekti nəhəng ölkələr arasındakı strateji rəqabət, eləcə də orta güclərin artan təsiri kimi qlobal amillərlə eyni sırada qeyd edib.
Penni Vonqun sözlərinə görə, texnologiya iqtisadi və strateji gücün əsaslarını sürətlə dəyişir: "Süni intellekt və yeni texnologiyalar əvvəlki bütün inqilabi yeniliklərdən daha sürətlə yayılır. Onlar həyatımızı, iqtisadiyyatımızı və ordumuzu tam təxmin edə bilməyəcəyimiz şəkildə yenidən formalaşdırır".
Avstraliya hökumətinin bu mövqeyi konkret səbəblərə əsaslanır. Bu ayın əvvəlində "OpenAI" şirkətinə məxsus sistemin ölkənin səhiyyə məlumat bazasına sızması üzə çıxıb. Hadisədən sonra hökumət süni intellekt sahəsində qaydaları sərtləşdirmək qərarına gəlib. Yeni tələblərə əsasən, şirkətlər kibertəhlükəsizlik halları barədə mütləq hesabat verməli, eyni zamanda bu sahəyə nəzarət edən xüsusi tənzimləyici qurum yaradılmalıdır.
Nazir son vaxtlar xaricdən qaynaqlanan dezinformasiya əməliyyatlarına da diqqət çəkib. O bildirib ki, süni intellekt alətləri xarici qüvvələrin Avstraliya demokratiyasına müdaxiləsini asanlaşdırır. Bu müdaxilələr həm daha sürətli və ucuz başa gəlir, həm də onları aşkarlamaq çətinləşir. Bu səbəbdən Avstraliya öz mühüm infrastrukturunu və kibertəhlükəsizliyini gücləndirir. Ölkədə fəaliyyət göstərən qabaqcıl süni intellekt şirkətləri üçün isə məcburi təhlükəsizlik standartları tətbiq olunur. Hökumət bu sahəyə investisiya və innovasiyaları dəstəkləyir, lakin prosesin bütün avstraliyalıların maraqlarına uyğun aparılmasını tələb edir.
Penni Vonq qabaqcıl süni intellekt modellərinin hazırlanması yarışında sürətin ehtiyatlılığı üstələməməli olduğunu vurğulayır. O, bu məsələni nüvə silahlarının yayılmaması və onlayn təhlükəsizlik qaydaları ilə müqayisə edir. Nazir həmçinin bildirir ki, Avstraliya tərəfdaş ölkələrlə birlikdə beynəlxalq nizamın formalaşmasında yenidən fəal rol oynamaq niyyətindədir.
Bundan başqa, nazir beynəlxalq nizamı dəyişən digər beş əsas amili də diqqətə çatdırır. Bunlara nəhəng ölkələrin öz maraqlarını müəyyənləşdirmə tərzindəki dəyişikliklər və orta güclərin artan təsiri daxildir. O, həmçinin güc tətbiqi ilə məcburiyyət təhdidlərinin artmasını və birgə beynəlxalq addımların atılmasının çətinləşməsini də xüsusi qeyd edir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"