Şair, dramaturq, rəssam, bəstəkar, filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatçısı Rabindranat Taqor...
O, 1861-ci il mayın 7-də dünyaya gəlib. Kəlküttədə yaşayan zəngin brahman ailəsinin on dördüncü övladıydı. Əvvəl evdə, sonra Kəlküttədəki Şərq seminariyasında təhsil alıb. Duyğularını poeziyanın dili ilə ifadə etməyə başlayanda hələ uşaq idi.
İlk şeirlərini yazanda Taqor səkkiz yaşındaydı. On dörd yaşında əbədi ayrılığın acısını dadıb. Anasını itirən Taqor tənha, qapalı həyat keçirməyə başlayıb.
“Şairin tarixçəsi” adlı ilk poeması 1878-ci ildə çap olunub. Həmin il hüquq təhsili almaq üçün Londona göndərilib. Ancaq təhsilini bitirmədən geri dönüb.
Yaradıcılığa şair kimi başlayan Taqorun “Axşam mahnıları” adlı ilk şeirlər kitabı 1884-cü ildə işıq üzü görüb. Sonralar “Səhər mahnıları”, “Qızıl qayıq”, “Çıtra”, “Qaçqın”, “Yol ayrıcında”, “Son”, “İntibah”, “Sağalma”, “Bağban”, “Köçən quşlar”, “Durna qatarı” adlı şeir kitabları nəşr edilib. Dramaturgiya sahəsində isə “Qurban”, “Raca”, “Poçta”, “Açılmış bənd”, “Zahid”, “Rəqqasənin məhəbbəti”, “Payız bayramı”, “Çandalika”, “Subaylar klubu” və digər pyesləri ilə məşhurlaşıb. Taqor daha çox hekayə, povest və roman ustası kimi tanınıb. “Fəlakət”, “Fora”, “Ev və dünya”, “Sözdə qum”, “Son poema”, “Üç nəsil”, “Dörd hissə” yazıçının ən məşhur romanlarıdır.
1883-cü ildə Marinalini Devi ilə ailə qurub. Bu nikahdan iki oğlu, üç qızı dünyaya gəlib. Həyat yoldaşının vaxtsız vəfatından keçirdiyi sarsıntı poeziyasında da əksini tapıb. O, kədərini “Yaddaş” (1902) kitabındakı şeirlərdə qələmə alıb.
1890-cı ildə atası Maharişi Debendranatın məsləhəti ilə Şərqi Benqaliyadakı ailə mülklərini idarə etməyə başlayıb. Şair yerli sakinlər arasında “Zəmindar Babu” kimi şöhrətlənib. Həmvətənləri ona böyük rəğbət bəsləyiblər.
1901-ci ildən başqa bir ailə mülkündə - Şantiniketanda yaşayıb. Həmin il öz vəsaiti hesabına məktəb açıb. 1921-ci ildə isə Taqor universitet açıb, bütün gəlirlərini ora sərf edib. Sonralar aldığı Nobel mükafatının pul hissəsini də qurucusu olduğu universitetin hesabına köçürüb.
Səfər etməyi çox sevən Taqor 1912-ci ildə ABŞ-a səyahəti zamanı yolüstü Londonda dayanıb. Dəvət edildiyi məclislərin birində şeirlərini ingiliscəyə öz tərcüməsində əvvəllər Hindistanda tanıdığı ingilis ədəbiyyatşünası Uilyam Rotenstayna göstərib. “Qurbanlıq nəğmələri” adlı kitabı bir neçə ay sonra Rotenstaynın təşəbbüsü ilə Londonda işıq üzü görüb. Kitaba bir neçə il sonra özü də Nobel laureatı olan irland şairi Uilyam Batler Yets ön söz yazıb.
“Qurbanlıq nəğmələri” müəllifinin adını tezliklə ABŞ-da və Avropada şöhrətləndirib. Amerikan şairi Ezra Paund “qərb həyatının xaosu içərisində unudulan müdrük həqiqətləri bir daha xatırlatdığına görə” Taqorun yaradıcılığını yüksək qiymətləndirib.
“Qurbanlıq nəğmələri” kitabı Nobel mükafatına layiq görülüb. Mükafat Taqora “poetik təfəkkürünün müstəsna bir ustalıqla əks edildiyi və Qərb ədəbiyyatının bir hissəsinə çevrilən gözəl, orijinal, hissiyyat dərinliyi ilə seçilən şeirlərinə görə” təqdim olunub.
İsveç Akademiyasının üzvü Harald Yerne “Qurbanlıq nəğmələri”nin akademiyada qeyri-adi hadisəyə çevrildiyini açıqlayıb: “Taqorun şeirləri ümumbəşəri fikirlərlə zəngindir”. O, Taqoru “Şərqlə Qərbi biri-birinə yaxınlaşdıran şəxsiyyət” adlandırıb.
Nobel mükafatı aldığını Taqor 1913-cü il noyabrın 14-də öyrənib. Təqdimat mərasimində iştirak edə bilməyib. O, Stokholma göndərdiyi teleqramda İsveç Akademiyasının üzvlərinə “uzağı yaxın, yadı doğma edən geniş baxışlarına və nəcib niyyətlərinə görə” minnətdarlıq edib.
Taqor Oksford universitetinin, eləcə də dörd hind universitetinin fəxri doktoru seçilib. 1915-ci ildə Britaniya imperiyasının cəngavəri adına layiq görülüb. 1919-cu ilin aprelində bu tituldan imtinası onun Amritsarda hindistanlıların dinc nümayişini gülləbaran etmələrinə etiraz cavabı olub. Xalqının məşhur oğlu İngiltərənin vitse-kralına məktubunda öz mövqeyini belə ifadə edib: “Həmvətənlərimlə insafsızcasına rəftar edilən bir zamanda imtiyazdan istifadə etmək mənə ar gəlir”.
Hindistanın Britaniya asılılığında olduğu dövrdə ölkəsinin səsini dünyaya çatdırması Taqorun xalqı qarşısında ən böyük xidmətlərindən biri olub. O, bununla da öz mənəvi vəzifəsini bitmiş saymayıb. Taqor həmvətənlərini haqlarını dərk etməyə və onun uğrunda mübarizə aparmağa, elm öyrənməyə, maariflənməyə səsləyib, bunların uğrunda çalışıb.
Taqor dünyanı dolaşıb. O, 1912-1932-ci illərdə ABŞ, Fransa, Almaniya, Danimarka, İsveç, Avstriya, Çexoslovakiya, İtaliya, Misir, İndoneziya, Tailand, Kanada, İngiltərə, Çin və SSRİ-yə səfər edib, dövlət başçıları, dini liderlər, görkəmli ziyalılarla görüşüb. Henri Berqson, Albert Eynşteyn, Robert Frost, Tomas Mann, Bernard Şou, Herbert Uelss, Romen Rollan kimi Avropa ziyalıları ilə dost və həmfikir olub.
SSRİ-yə 1930-cu ildə gəlib. Bir il sonra “Rusiya haqqında məktublar” kitabını nəşr etdirib. Həmin əsərində Azərbaycan barədə də qeydləri var.
Hafiz lirikasını çox sevən Taqor 1932-ci ildə İran şahı Rza Pəhləvinin şəxsi qonağı kimi həmin ölkədə uzunmüddətli səfərdə olub. 1933-cü ildə səyahət etdiyi son ölkə isə İraq idi.
Qərbdə o, daha çox şair kimi tanınıb. Taqor çoxsaylı pyeslərin, nəsr əsərlərinin, həmçinin ilk benqal romanının müəllifidir. Taqor benqallar arasında indi də məşhur olan iki mindən çox nəğmənin müəllifidir. “Xalqın ruhu” adlı məşhur mahnı-şeiri 1911-ci ildən Hindistanın rəsmi himni kimi qəbul olunub. Banqladeşin milli himninin müəllifi olan Taqor əsərlərini benqalca yazıb.
Yetmiş yaşı ərəfəsində Rabindranat Taqor rəssamlıqla məşğul olub. Və yenə uğur qazanıb. Rəsm əsərləri Nyu York, Paris, Moskva, Münhen kimi şəhərlərdə sərgilənib.
O, səksən yaşında, 1941-ci il avqustun 7-də dünyasını dəyişib.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”