Yorğunluq, zehni, mənəvi və fiziki narahatlıqlar mütləq şəkildə gündəlik fəaliyyətimizə təsir edir. Onların qarşısını almaq üçün üz tutduğumuz müxtəlif metodlar, psixoloqlar və həkimlər ilk köməkçimiz olur. Son vaxtlar isə bu mənəvi narahatlıqları aradan qaldırmaq üçün aromaterapiya yağları əsas seçimlərdən olur. Əslində həmin yağların tərkibi, istifadə qaydaları, tarixi diqqət ediləsi xüsusi məqamlarla zəngindir.
AZƏRTAC xəbər verir ki, meditasiya təlimçisi Lalə Kərimli deyib: “Aromaterapiya ruhsal tərəfdən insanları sağaldan bir sahə olub. Onun tarixi Misirdən başlayıb, mumiyaların qalıcılıq müddətini çoxaltmaq üçün ondan istifadə olunub. Mumiyalar uzun müddət sidr yağı ilə qalmağından onun insan bədəni üzərində də qalıcı olmağını düşünüblər. Beləliklə, aromaterapiya təkcə mumiyaların saxlanılmasında deyil, digər sahələrdə istifadə edilməyə başlanılıb. Təkcə fiziki cəhətdən yox, həm də ruhsal və enerjisal cəhətdən də həmin yağlarla sağalmaq olar”.
Yağlar təkcə gül ləçəklərindən deyil, bitkinin budağı, kökü, qabığı və meyvəsindən də əldə olunur. Həmin yağların baş nahiyəsinə, qulaq altına, gicgahlara və digər nöqtələrə tətbiq olunması bütün bədəndəki hüceyrə sisteminə təsir edir. Bu qoxular insanın yaddaşına, yeni neyronların inkişafına çox böyük töhfə verir. Aromaterapiyanın klinik müalicəsi ilə isə həkimlər məşğul olur”.
Təlimçi bəzi yağların düzgün formada istifadə qaydası və tərkibindən də bəhs edib: “Ardıc yağı bitkinin meyvələrindən əldə olunan yağdır. Həmin bitkinin meyvəsindən ayrılan yağı bir hissəyə, ondan ayrılan su isə başqa hissəyə ayrılır. Ardıc yağı insanların ruhsal vəziyyətini müsbətə doğru dəyişməkdə istifadə olunur. Onu daha çox qulaq ardına vururlar, çünki həmin nahiyə düşüncə və görmə funksiyalarının yığıldığı bir nöqtədir. Daha çox qadınların istifadə etdiyi həmin yağ yaradıcı potensialın üzə çıxmasına yardım göstərir. Poçuli yağı ətirlərdə daha çox tətbiq olunur. Onu əsasən iki qaşın ortasına və biləklərə çəkirlər. Yatmazdan əvvəl balışın üzərində bir damcı lavanda yağı tökülür, gicgah nahiyəsinə lavanda yağı vurularaq azca masaj olunur”.
Aromatik yağların kosmetoloji tərəfləri də var. Hamilə xanımlar, 7 yaşınadək uşaqlar və xroniki xəstəlikləri olanların yağlara müraciət etməməsi məsləhətdir.