Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xocavənd rayon Qırmızı Bazar qəsəbəsində Xocavənd və Füzuli rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən əkin sahələrinin sığortalanması şərtləri, sığorta tarifləri, sığorta haqlarının hesablanması, torpaq sahələrinin ayrılması və digər məsələlərlə bağlı olub.
Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izahat və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Qəbul zamanı qaldırılan məsələlər yerindəcə həllini tapıb.
Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən kənd təsərrüfatı sahəsində çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermerlər aqrar sığorta mexanizmindən istifadə edərək öz təsərrüfatlarını sığortalaya bilərlər.
Qəbuldan sonra Fuad Sadıqov Xocavənd rayonunda yeni salınmış intensiv xurma və gilas bağlarına baş çəkib, yeni salınan bağlarda aparılan aqrotexniki tədbirlərlə tanış olub.