04 Aprel 2023 00:54
1261
SİYASƏT
A- A+

Aprel dağı

 

7 il öncəki Lələtəpə qığılcımı Şuşaya - Böyük Zəfərə gedən yolumuza işıq saldı

 

Cənubi Qafqazın ən böyük hərbi gücü sayılan Azərbaycan Ordusunun Aprel qələbəsindən 7 il ötür. O qələbə ki, onu 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizin təməli, qığılcımı adlandırır hər kəs. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusu məhz Aprel zəfəri ilə 23 ildən sonra həm Ermənistanı danışıqlar masası ətrafında oturmağa məcbur etdi, həm də gücünü, qüdrətini bir daha dünyaya göstərdi. Bu döyüşlər ilk növbədə Azərbaycanla Hayastan arasındakı təmas xəttinin dəyişdirilməsi ilə nəticələndi və ordumuzun peşəkarlığını təsdiqlədi. Çünki ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Həmin strateji yüksəkliklər, mövqelər və işğaldan azad edilmiş ərazilər isə imkan verdi ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.

 

Cocuq Mərcanlıdan açılan ümid qapısı

 

Aprel zəfərindən bir il sonra 2017-ci il iyulun 14-də Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində tarixi hadisə yaşandı. Yenidən öz yurd-yuvalarına qayıdan soydaşlarımızın yanında olan Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına sərt xəbərdarlığını edərək dedi ki, indi Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bayrağımız Şuşada dalğalanacaq.
Bu, təsadüfən deyilən fikir deyildi. Çünki böyük etimad göstərərək özünə lider seçən xalq hər zaman İlham Əliyevə inanıb və güvənib. Azərbaycan Prezidenti bu güvəni həyata keçirdiyi uğurlu siyasət, xalqa verdiyi vədlərə, sözlərə sadiqliyi ilə qazanıb. Ona görə də Cocuq Mərcanlıda səslənən bəyanat Azərbaycan xalqının qələbəyə inamını daha da artırdı və Aprel döyüşlərində ağır zərbə alan düşmənin canına vəlvələ saldı, ürəyinə dağ basdı. 
Cocuq Mərcanlı erməni əsarətində qalan Qarabağa aparan yolun başlanğıcı, Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə və digər işğal altındakı torpaqlarımıza açılan ümid qapısı oldu. Elə kəndin girişindəki lövhələrdə əksini tapan "Cocuq Mərcanlıdan Şuşaya" lövhəsi də hər kəsi duyğulandırmaqla yanaşı, içimizdəki inam hissini getdikcə artırdı. 
Ümumiyyətlə, Aprel döyüşləri böyük qələbənin çox mühüm bir anonsu oldu. Aprelin 2-4-də düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Tərtər-Suqovuşan istiqamətində yolların nəzarətə götürülməsinə imkan yaratdı. Həmçinin minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı.
Dörd günlük Aprel döyüşləri 23 ildən sonra xalqımıza qələbə sevincini yaşatdı. Ordumuzda özünə, gücünə inamın ən yüksək həddə çatmasında bu döyüşlərin tarixi əhəmiyyəti oldu. Müharibədə qələbə üçün ordunun ruh yüksəkliyi, özünə inamı son dərəcə vacib amildir. Aprel döyüşləri Ermənistan ordusunda özünəinamı sarsıtdı, Azərbaycan Ordusu qarşısında duruş gətirməyin mümkün olmayacağı qorxusunu yaratdı. Lələtəpəyə sancılan bayrağın kölgəsi işğal altında olan bütün torpaqlarımıza düşdü və Qarabağa gedən yolumuza işıq saçdı. 

 

Aprel döyüşlərinin yaratdığı böyük ruh yüksəkliyi

 

Dördgünlük döyüşlər həm işğalçı Ermənistana, həm də onun havadarlarına Azərbaycanın ən modern silah-sursat və hərbi texnika ilə təchiz olunmuş Silahlı Qüvvələrinin nəyə qadir olduğunu göstərdi. Ordumuzun qüdrəti Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı.
Aprel zəfəri həm də xalqın və ordunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu düşmənlə yanaşı, dünyaya sübut etdi. 
Bu qələbənin ruhu insanlarda, xüsusən də hər bir gəncdə böyük qürur və sevinc hissləri doğurdu. Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdilər. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarını əsas tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışacaq. Həmin günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirməsi də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi.
Bir sözlə, bu döyüşlər Azərbaycan Ordusu, ölkə gəncliyi üçün bir imtahan oldu. Azərbaycan əsgəri döyüşə atılmağa, qəhrəmanlıq göstərməyə, torpaqlarımızı azad etməyə hazır olduğunu öz şücaəti ilə bir daha göstərdi. Bu, Azərbaycan gəncinin, əqidəsinin, Vətənə olan sevgisinin göstəricisi idi. Bu döyüşlər zamanı xalqımızın da qəhrəmanlığı hər kəsə bəyan oldu. Şanlı qələbə eyni zamanda Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı mifləri darmadağın etdi. Ali Baş Komandanın söylədiyi kimi, Aprel döyüşləri demək olar Ermənistanın ideoloji əsaslarını dağıtdı. Hər kəsə bəlli oldu ki, əgər Azərbaycanla münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. 

 

Lələtəpədən Şuşaya qədər uzanan Zəfər yürüşü

 

Bu döyüşlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların, həyata keçirdiyi islahatların nə qədər düşünülmüş, uğurlu olduğunu təsdiqləyən reallıq oldu. Bir daha bəlli oldu ki, İlham Əliyev əsl sərkərdədir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu zəfərə tam hazırdır və artıq müharibəni başlaya bilər.    
Çünki hərbi qüdrəti gündən-günə artan Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir  və hər ötən il arsenalını gücləndirməkdə davam edirdi. Bütün bunlar göstərirdi ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır və ərazi bütövlüyümüzün bərpa ediləcəyi gün uzaqda deyil.
İlham Əliyev də Aprel qələbəsinin birinci ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə vurğuladı ki, bu döyüşlər şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.
Çox keçmədi, 4 ildən sonra o fikirlər reallığa çevrildi. Azərbaycan Ordusu Aprel döyüşlərində yarımçıq saxladığı əməliyyatını tamamlamaq üçün Ali Baş Komandandan hücum əmri aldı. 
2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən qığılcım oldu. Prezident, xalq və ordu birliyi "dəmir yumruq" ətrafında birləşib Qarabağın azadlığı uğrunda Vətən müharibəsinə başladı. 
Sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində və həm də informasiya məkanında Azərbaycanı qələbəyə aparan mübarizənin şahidi olduq. 
İlham Əliyevin dünya liderləri ilə danışıqlar zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi qələbəyə gedən yolda ordumuza stimul oldu. İlham Əliyevin dönməz iradəsi Azərbaycan əsgərinin döyüş ruhunu artırdı, qələbə inamını daha da gücləndirdi. 
Məhz İlham Əliyevin əsl sərkərdə qətiyyəti ilə işğal altında olan torpaqlarımızı sürətlə düşməndən təmizləyən müzəffər ordumuz Cocuq Mərcanlıdan başlanan Zərəf yolunda inamla irəliləyərək Şuşanı azad etdi və 30 illik işğala son qoyuldu.
İlham Əliyev Şuşaya qalib komandan kimi ayaq basdı və dünyaya mesaj verdi ki, beynəlxalq təşkilatların illərlə həll edə bilmədikləri məsələni Azərbaycan öz gücünə cəmi 44 günə bitirdi, işğalçı, terrorçu qruplaşmalar Azərbaycan torpaqlarından qovuldu.  
Ali Baş Komandan bu müharibəni XXI əsrin yeni savaşı adlandırdı. Ordumuz dünya hərb tarixində ilk "smart müharibə" aparan silahlı qüvvələr kimi tarixə düşdü. Bu savaşda çox düzgün hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edildi. Pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoydu. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir.
Ordusuna, xalqına güvənən işğalçı Ermənistan cəmi 44 gün dözə bildi. Erməni silahlı birləşmələri Azərbaycan Ordusu qarşısında aciz vəziyyətə düşdü. Erməni hərbçisi silahını, texnikasını, döyüş bayrağını atıb şərəfsizcəsinə qaçmağa məcbur oldu. İşğal altında olan torpaqlarımız düşmən tapdağından təmizləndi. Aprel döyüşlərində şəhid olan igid oğullarımızın ruhları bir daha şad oldu. Çünki onların da istəyi Qarabağın azadlığı idi və bu gün həmin torpaqlar azaddır. Şuşada, Ağdamda, Xocavənddə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə dalğalanan Azərbaycan bayrağı düşmənin bağrını yarır, hər bir azərbaycanlının ürəyini dağa döndərir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video