Ananın böyüklüyü, müqəddəsliyi əbədiyyatın
da əbədi mövzularından biridir. Bu mövzuda ilk əsərlər şifahi xalq ədəbiyyatının
müxtəlif janrlarında yaranmağa başlayıb. Özü də anaların yalnız sevgisindən, şəfqətindən,
mərhəmətindən, qayğısından, nəvazişindən bəhs olunmayıb. Onların həm də fədakarlığı
tərənnüm edilib.
Bu ədəbi qəhrəmanlar təkcə yaradıcı insanların
təfəkküründən, xəyallarından yaranmayıb. Pərvanə tək ulusunun, el-obasının başına
dolanan, ocağının odunu sönməyə qoymayan mərd analar hər zaman çox olub. Bugünədək
qəhrəmanlıq, mübarizlik mücəssəməsi kimi təqdim etdiyimiz hökmdar Tomris belə analardan
biri idi. Mənbələrdə yazılır ki, həyat yoldaşını vaxtsız itirən, bir dövləti idarə
etmək qayğısı, məsuliyyəti çəkən Tomris bütün bunlardan öncə övladını çox sevən
anadır. Bu mərd, dürüst hökmdar hiylə və namərdliklə qarşılaşır. Hökmdar Kir hələ
döyüşə girməmiş gənc şahzadəni aldadaraq tələyə salır. Tomris övladının qətlə yetirildiyi
xəbərini alır. Oğlu öldürülmüş ana dərdinə yenilmir, qüssəsinin, kədərinin əsiri
olmur. Kirin hiyləgərliyi, namərdliyi onu qəzəbləndirir. Düşmən üzərinə hücuma keçir.
İgid Tomris qəddar Kirdən intiqamını alır. Onu məğlub edəndən sonra başını kəsib
bir tuluğa salır və deyir: "Mən sağ qaldım
və döyüşdə səni məğlub etdim, sən isə oğlumu hiylə ilə tutmuşdun. Buna görə də səni,
necə ki hədələmişdim, qanla doyduracağam”. Tomirisin düşmən üzərində bu qələbəsini,
mübarizliyini Herodot "Tarix” kitabında vəsf etdi. Sonra da tarixçilər, tədqiqatçılar
bu barədə dönə-dönə yazdılar. Hökmdar, ana Tomrisin şücaəti ədəbiyyatın da dilinə
düşdü. Əsrlərdir ki, Tomrisin adı mübarizlik, igidlik simvoluna çevrilib.
Ədəbiyyatımızda müdriklik nümunəsi kimi vəsf
olunan Sara Xatun da tarixi şəxsiyyətdir. O, Azərbaycanın ilk qadın diplomatı, hökmdar
anasıdır. Belə nümunələr çoxdur.
Yalnız Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə
dünya ədəbiyyatında anaya həsr olunmuş ən gözəl şeirlərin birinin müəllifi, fikrimizcə,
Cəfər Cabbarlıdır. O, anaya heyranlığını belə ifadə edib:
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki
hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm
ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana... O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Bu şeirin
qəhrəmanı da şairin təxəyyülündən yaranmayıb. Kiçik yaşlarında atasını itirən Cəfər
Cabbarlı anasının kasıblıq, yoxsulluq içərisində övladlarını nə zillətlə böyütdüyünün
şahidiydi. Təndirdə çörək bişirib satan, ağır işlərə qatlaşan Şahbikə ananın belə
ağır güzəranın içərisində oğlunun təhsil almasını düşünməsi, Azərbaycan tarixinə,
mədəniyyətinə, incəsənətinə Cəfər Cabbarlı kimi bir dahi bəxş etməsi özü böyük bir
fədakarlıq idi. Belə analarımız ən böyük sevgiyə layiqdirlər.
Ədəbi-bədii
nümunələrimizdə heyranlıqla təsvir olunan bütün ana obrazlarının prototipi olmasa
da, müəlliflərinin real hadisələrdən təsirləndikləri şübhəsizdir. Odur ki, Azərbaycan
ədəbiyyatında, eləcə də dünya ədəbiyyatında ideal ana obrazları çoxluq təşkil edir.
Hüseyn Cavidin
"Ana” dramında Səlma ananın mətanəti, dözümü, mərdanəliyi oxucunu heyrətləndirir, Evinə qəbul etdiyi qonağın oğlunun
qatili olduğunu öyrənən ana sarsılır. Ancaq "Qonaq Allah qonağıdır”, "Qonağa zaval
yoxdur” düşüncəsi ilə düşməninə aman verir. Əsər faciə ilə sonlansa da, Səlma ananın
möhtəşəm obrazı oxucunun yaddaşında silinməz iz buraxır.
Yazıçı Mir
Cəlalın "Bir gəncin manifesti” əsərindəki Sona ana da həyatın ağır sınaqlarından
keçir. O, öz əlləri ilə toxuduğu xalçanı böyük maddi ehtiyacı olmasına baxmayaraq,
ölkəsinə xoş niyyətlə gəlməmiş birinə satmaqdan imtina edir. Deyir: "İtə ataram,
yada satmaram”.
Bütün müharibələr
ən böyük ağrını, yaranı analara vurur. Çünki onlar cəbhəyə, odun-alovun içərisinə
ciyərparələrini yola salmalı olurlar. Süleyman Rüstəmin "Ana və poçtalyon” şeirindəki
ana Böyük Vətən müharibəsində iştirak edən bütün döyüşçülərin analarının ümumiləşdirilmiş
obrazıdır.
Qalxırdı yatağından dan yeri söküləndə…
Hər qapı açılanda, hər qapı döyüləndə,
Dikilirdi ananın gözləri bir nöqtəyə.
Sevinirdi: - "Oğlumdan bəlkə məktub var!”
- deyə.
Dörd aydır
övladından məktub almayan ananın çəkdiyi iztirabları şair belə, olduqca səmimi bir
dillə təsvir edib.
Hansı cəmiyyətdə
müharibə, sağalmaz xəstəliklər, aclıq, səfalət, haqsızlıq, ədalətsizlik varsa, orada
anaların qəlbi narahatdır. Hətta öz evində, ailəsində rahatlıq, bolluq olsa belə,
əsl analar başqalarının da övladlarını düşünürlər. Cəlil Məmmədquluzadənin məşhur
"Anamın kitabı” əsərinin qəhrəmanı Zəhrabəyim ana isə bütövlükdə vətəni təmsil edir.
Ana hərəsi bir ölkədə təhsil alaraq doğma ocağına dönən oğullarına baxdıqca, fərəhlənmək,
qürurlanmaq əvəzinə qüssələnir. Çünki onların milli düşüncədən məhrum olduqlarını,
öz ana dillərinə xor baxdıqlarını görür. "Anamın kitabı”nda deyilir: "Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib
gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar. Mən etiqad edirəm ki, mənim də
balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhrabəyimin
ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi bunlar da
analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq
istəyə! Onun insafı və vicdanı ona müdamil-həyat əziyyət edəcək: nə qədər canında
nəfəs var peşiman olacaq”.
Cəlil Məmmədquluzadənin
"Ölülər”, "Danabaş kəndinin əhvalatları” və digər əsərlərində təsvir olunan ana
obrazları bir daha təsdiq edir ki, haqsızlığın, ədalətsizliyin, həllini tapmayan
problemlərin olduğu cəmiyyətdə anaların gözləri yaşlı, ürəyi dərdlidir. Hüseyn Cavid
də buna görə yazırdı:
Qadın gülərsə, şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
Əzab-əziyyətlə
böyütdüyü övladının qədirbilməzliyi, nankorluğu bəzən anaya ən böyük dərd olur.
Əli Kərim "Qaytar ana borcunu” şeirində belə oğula üz tutub:
Deyirəm ki, o boyu, buxunu qaytar geri,
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar onun borcunu, o borc sənin
özünsən, özünü qaytar geri!
- deyib. Ən
kədərlisi bir də odur ki, nə qədər dərd versə də, əməyini itirsə də, ona qarşı laqeyd,
etinasız olsa da, ana heç zaman övladına qıymır. Ən çətin günündə də balasına yalnız
xoşbəxtlik arzulayır.
Ulularımız
belə deyiblər: "Ana haqqı ödənməz”. Nə qədər çalışsaq da, sevsək, əzizləsək də yenə
bu müqəddəs varlığa borcluyuq. İnsan özü hansı yaşa çatırsa çatsın, ən böyük təşvişi,
kədəri anasının qocaldığını düşünməkdir. Anasının ağaran saçlarına baxdıqca bir
zamanlar Cabir Novruzun kədərlə verdiyi bu sualı hər kəs özünə verir:
Gözüm görə-görə qocalır anam,
Görən niyə belə qocalır anam?!.
Qocalıq həyatın
qanunauyğunluğudur. Ən əsası odur ki, anaların ürəyi qocalmasın. Bunun üçün isə
övladları gözlərinin önündə sağlam, xoşbəxt olmalı, bütün bəşəriyyətdə sülh, əmin-amanlıq,
firavanlıq hökm sürməlidir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”