19 Aprel 2024 09:30
199
İQTİSADİYYAT
A- A+

Ağcabədi - aqrar inkişaf "qatar"ının lokomotivi

 

Ötən il rayon fermerləri pambıqçılıqdan 16,5 milyon manat xalis gəlir əldə etmişlər

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi,  müzəffər sərkərdə qətiyyəti  ilə ordumuz, qəhrəman Azərbaycan əsgəri nankor qonşularımızın 30 il işğal  altında saxladıqları, odlara qalayıb viran qoyduqları Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək Azərbaycanın dövlətçilik tarixinə  qürurverici parlaq səhifələr yazdı. 
Dünən döyüş meydanında  Ermənistan silahlı qüvvələrini darmadağın edib təslimçilik aktına qol çəkməyə məcbur edən Azərbaycan indi işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa, quruculuq işləri aparır. Bu gün  Qarabağ və Şərqi Zəngəzur  başdan-başa  böyük inşaat meydanıdır. Faşist xislətli  ermənilərin xarabaya çevirdikləri kəndlər, şəhərlər yenidən qurulur, yollar  çəkilir, körpülər salınır, infrastruktur yaradılır. Ardınca isə böyük qayıdış başlayır. Doğma yurda, həsrət qaldıqları isti yuvalarına qovuşan ailələrin  sayı sürətlə  artır. Bu adamların isti nəfəsi, hərarətli əlləri, doğma baxışları Qarabağa, Şərqi Zəngəzura yenidən həyat verir. Uzun müddət sahiblərinin həsrətini çəkən kənd və şəhərlərimiz doğmalarını durnagözlü bulaqlarının  şirin zümzüməsiylə, gözoxşayan yaşıl yamacları, əlvan gülləri, çiçəkləri ilə qarşılayır.
İkinci Qarabağ savaşının böyük zəfərlə sonuclanmasına Ağcabədinin də  sanballı töhfələri olmuşdur. Ermənistan silahlı qüvvələrinin atdığı  raketlər, artilleriya mərmiləri Ağcabədinin yaşayış məntəqələrinə xeyli ziyan vurmuş, çox  sayda evlər, sosial obyektlər dağılmış, mülki insanlar həlak olmuşdur. Ön xətdə düşmənlə döyüşdə gerçək  qəhrəmanlıq, əsl fədakarlıq  göstərən ağcabədili igidlərin böyükləri isə arxa cəbhədə çalışmış, qələbənin yaxınlaşmasına töhfələrini  vermişlər.
İndi yaz-tarla işlərinin  qızğın çağıdır. Günəşin isti nəfəsini  duyan torpaq yavaş- yavaş canlanır. Ağcabədili fermerlər təsərrüfatlarda çiyid səpininə mütəşəkkilliklə başlamışlar. Taxıl zəmilərində isə aqrotexniki tədbirlər həyata keçirilir - zəmilərə yemləmə gübrəsi  verilir, alaq otlarına qarşı mübarizə aparılır, sahələr suvarılır.
Ölkədə aqrar sektorun  inkişafında  son illər Ağcabədinin seçilməsini cəsarətlə demək olar. Rayonda yaradılmış sağlam mənəvi-psixoloji mühit qazanılan  uğurlarda gerçək bir stimula çevrilib. Rayon icra hakimiyyətində (RİH) vətəndaşların ərizə və şikayətlərinə, təklif və müraciətlərinə baxılması mütərəqqi  qaydalar əsasında təşkil olunub. Bu məqsədlə yaradılmış qurum öz səmərəli fəaliyyəti ilə RİH-ə üz tutanlarda  məmnunluq yaradır. Zəruri avadanlıqlarla (avtomobil, kompüterlər, planşetlər) təchiz olunmuş qurum hər bir müraciəti diqqətlə  araşdırır, operativ tədbir görür və nəticədə hər kəs razı qalır. Beləcə vətəndaş-məmur münasibətlərinin arzuolunan səviyyədə formalaşması reallaşır. O da qeyd edilməlidir ki, vətəndaş müraciətlərinə baxılmasına bu cür  yanaşılması sayəsində rayondan mərkəzi icra orqanlarına, ayrı-ayrı dövlət qurumlarına göndərilən şikayətlərin sayı xeyli azalmışdır.
Ağcabədi ölkənin qabaqcıl kənd təsərrüfatı rayonlarındandır. Burada taxılçılığın, pambıqçılığın, heyvandarlığın, baramaçılığın inkişafına böyük önəm  verilir. Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı ilə bağlı tapşırıq və tövsiyələrinə Ağcabədi rayonunda son dərəcə məsuliyyətlə yanaşılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi məmnunluq doğurur. Məsələn, götürək pambıqçılığı. Keçən il rayonda 11493 hektarda pambıq əkilmiş, 36250 ton məhsul istehsal  edilmiş, hər hektarın məhsuldarlığı 31,5 sentner  olmuşdur ki, bu da ölkə üzrə yüksək göstəricilərdən sayılır.  
Pambıq strateji məhsuldur. Dövlət onun istehsalında maraqlıdır və ona görə də  pambıq əkib-becərən kəndlinin maraqlarını da yüksək  səviyyədə nəzərə alır. Rəqəmlərə müraciət edək. Ötən il tədarük edilən pambığın qarşılığında rayon fermerləri 9,5 milyon manat gəlir əldə etmişlər. Dövlət büdcəsindən ayrılan subsidiyanın məbləği isə 7 milyon manat olmuşdur.  Bütövlükdə keçən il rayon üzrə pambıqçılıqdan əldə olunan xalis gəlir 16,5 milyon manata çatmışdır. Bu, yetərincə  yüksək gəlirdir və kəndlinin  güzəranına, dolanışığına əhəmiyyətli dərəcədə təsir görtərdiyi  şübhəsizdir. Yeri gəlmişkən, qeyd edək ki, pambıq əkib-becərən kəndlinin keçən il orta hesabla hər hektardan gəliri 1435 manat olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı, idarəetmədə və təsərrüfat işlərində zəngin təcrübəsi olan Rafil Hüseynov söhbət zamanı  cari ilin qayğılarından, qarşıda  duran vəzifələrdən də danışdı. Dedi ki, Ağcabədi  böyük potensiala, geniş  iqtisadi imkanlara malik rayondur: "Dövlətin hər cür dəstəyini gündəlik işində hiss edən Ağcabədi kəndlisi maddi nemətlər bolluğu yaratmaqda maraqlıdır. Rayonda torpaq münbit, insanlar əməksevər və işgüzardır. Qalır bu potensialı doğru istiqamətə yönəltmək. Aprelin 4-də rayon mədəniyyət  mərkəzində pambıqçıların geniş tərkibdə müşavirəsini keçirdik.  Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və onun Elmi İnnovasiya Mərkəzinin, Aqrar Xidmətlər və Dövlət Su agentliklərinin, pambıqçılıqla məşğul olan  şirkətlərin, Aqrar Sığorta Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin və digər əlaqədar təşkilatların məsul əməkdaşları  iştirak edirdilər. Geniş fikir mübadiləsi  apardıq, məsləhətləşmələr etdik. İndi zaman başqadır. Elmi  yenilikləri, mütərəqqi texnologiyaları tətbiq etmədən hədəfə çatmaq mümkün deyil. Müşavirədə səslənən  faydalı məsləhətlər heç şübhəsiz  öz bəhrələrini verəcək. Bu il 13 min hektardan  artıq sahədə pambıq əkiləcək. Hədəfimiz məhsuldarlıqda rekordu təzələməkdir".
R.Hüseynovun söhbətindən o da aydın oldu ki,  çiyid səpini yüksək aqrotexniki  qaydalar əsasında aparılır. İndiyədək 3 min hektardan çox sahəyə çiyid səpilib. Bol məhsula etibarlı bünövrə qoymaq üçün indidən zəruri  tədbirlər görülür. Ağcabədidə qabaqcıl pambıq ustaları çoxdur. Keçən il pambıq əkən fermerlərdən 188 nəfəri 50 sentnerdən  yüksək məhsuldarlığa nail olmuşdur. Ötən təsərrüfat ilində fərqlənmiş  fermerlər Famil Quliyev, İskəndər Hüseynov, Etibar Şirinov və Abdulla Həsənov indi çiyid səpinində də nümunə göstərirlər.
Ağcabədi  həm də iri taxılçılıq rayonudur. Ötən təsərrüfat ilində 26664 hektardan   120 min 714 ton taxıl biçilmiş, orta məhsuldarlıq 45,3 sentner  olmuşdur.  Bu ilin məhsulu üçün isə 32129 hektarda taxıl  yetişdirilir. Aqrotexniki qaydalarla becərilən zəmilər  bol məhsuldan xəbər verir.
Rayonun kümçüləri də yeni mövsümə inamla hazırlaşırlar. Keçən il  700 qutu ipəkqurdundan 34450  kiloqram barama tədarük edən kümçüləri indi həmin göstərici qane etmir. Builki hədəf hər qutu ipəkqurdundan 50 kiloqramdan  çox barama istehsal etməkdir. Bunun üçün kümxanalar təmir edilərək hazır vəziyyətə gətirilib. Çəkil bağlarına qulluq da öz yerində. 
Baharın gəlişi çöllərin sükutunu pozub. Əl içi kimi hamarlanmış  sahələrdə şırımlar açan texnikalar sanki ana torpağa bərəkət nəğməsi oxuyur. Yaz mehi toxunduqca dəniz kimi dalğalanan zümrüd donlu zəmilər bu il də təknəmizin boş qalmayacağından soraq verir. Niyyəti bolluq, istəyi firavanlıq  olan hünərvər Ağcabədi kəndlisi yaradır bu ürəkaçan mənzərəni.

Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video