20 Aprel 2024 08:15
268
SİYASƏT
A- A+

Ağ Evin ağ yalanı 

 

Brüssel görüşündə Ermənistana hərbi yardımla bağlı sənəd imzalanmasının üzə çıxması bir daha Qərbin riyakarlığını nümayiş etdirdi

 

Aprelin 5-də ABŞ-Ermənistan-Avropa İttifaqı arasında Brüsseldə keçirilən üçtərəfli görüşdə İrəvana geniş hərbi dəstəyin göstərilməsinə dair sənədin üzə çıxması ildırım sürəti ilə siyasi gündəmə oturdu. Qərbin Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək, ayırıcı xətlər yaratmaq planlarını faktlarla üzə çıxaran bu sənədin Vaşinqton tərəfindən dərhal "dezinformasiya" adlandırılması isə hadisələri başqa bir müstəviyə daşıdı və ABŞ-nin riyakarlıq etməkdə, həqiqətləri danmaqda, yalan danışmaqda israrlı olduğunu ortaya qoydu. 

 

ABŞ və Aİ-nin yalanı əvvəldən məlum idi

 

Halbuki hələ bu sənədin aşkara çıxmasından və üçtərəfli görüşdən xeyli əvvəl  sözügedən toplantının hərbi komponentlər ehtiva edəcəyi hər kəs tərəfindən bilinən gerçəklik idi. Çünki Ermənistan nümayəndə heyəti ABŞ-də səfərdə olanda da, digər görüşlərdə də 5 aprel görüşünün gizlin saxlanan hərbi detalları müzakirə obyekti olmuşdu.
Bütün bunları Prezident İlham Əliyev aprelin 3-də dövlətimizin başçısına zəng vuran ABŞ Dövlət katibi Entoni Blinkenin özünə də demiş, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlərin də müzakirə olunduğunu söyləmişdi. 
ABŞ Dövlət katibi isə sözügedən toplantının əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini vurğulamışdı. 
Ancaq Blinkenin bu sözlərinin həqiqəti əks etdirmədiyi həmin andan bəlli idi və son günlər görüşlə bağlı yayılan sənəd də təkzibolunmaz şəkildə ortaya qoydu ki, Ağ Ev ağ yalan danışır. Əslində, Azərbaycanın müdaxiləsindən sonra 5 aprel görüşündə bu gizlədilsə də, ortada real gizli hərbi pakt var. Ermənistana hərbi dəstəyin göstərilməsi üçün kollektiv Qərb tərəfindən real müzakirələr aparılıb və addımlar atılıb. 
Xatırladaq ki, Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı dərhal Türkiyə və Rusiyadan yüksək səviyyədə reaksiya gəldi, bu görüşün heç də göstərildiyi kimi Ermənistana iqtisadi dəstək məqsədi güdmədiyi, əslində, Cənubi Qafqazda gərginlik yaradılmasına hesablandığı vurğulandı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında yazdı ki, bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhə nail olunmasına deyil, Cənubi Qafqazda yeni bölücü xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəliyinə riayət edilməsinə məcbur etməyə, onların Moskva ilə olan çoxəsrlik əlaqələrinin məhv edilməsinə, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin sarsıdılmasına yönəlib.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilirdi: "Ermənistan, Aİ və ABŞ arasında  5 aprel 2024-cü il tarixində keçirilməsi planlaşdırılan üçtərəfli görüşün regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan tərəfsizlik yanaşmasını zədələyəcəyini açıq şəkildə ifadə etmək borcumuzdur".
Həmin ərəfədə İranın 5 aprel görüşünə verəcəyi təpki hər kəs tərəfindən böyük maraqla gözlənilirdi. Amma, nədənsə, İran yaxın müttəfiqi Ermənistanın onun qırmızı xəttini keçərək əzəli "düşmən"ləri olan Qərbi, xüsusilə də ABŞ-ni ta okeanın o üzündən Tehranın düz burnunun dibinə, sərhədlərinə gətirməsinə yol açacaq hərbi paktı imzalamasına bir az gec reaksiya verdi. Üzərindən günlər keçdikdən sonra İran görüşlə bağlı açıqlama verərək, "Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir" dedi.

 

Üçtərəfli görüşün hərbi pərdəsi

 

Brüssel görüşü ilə bağlı yayılan sənəd də təsdiqlədi ki, toplantının pərdə arxasında tərəflər arasında hərbi pakt bağlanıb. Bu əməkdaşlığa əsasən, ABŞ İrəvana Strateji Müdafiə İcmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək. Strateji müdafiə baxışı və yeni hərbi doktrinanın hazırlanması təkcə cari müdafiə strategiyalarının nəzərdən keçirilməsinə deyil, həm də Ermənistanın milli təhlükəsizlik məsələlərinə yanaşmasının tamamilə yenidən baxılmasına hesablanıb. 
Sənədə əsasən, ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistana analitik qruplar göndərəcək. Birləşmiş Ştatlar Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün xarici hərbi maliyyələşdirmə (FMF) vəsaiti ayıracaq.
Aİ Ermənistan silahlı qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu (AƏF) çərçivəsində yardım paketini qəbul edəcək. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlılığını gücləndirmək məqsədi daşıyır. Bu, həmçinin əməliyyat səmərəliliyini artıracaq, Aİ və NATO standartlarına uyğunluğu sürətləndirəcək və Ermənistan silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini təmin edəcək. Yardım paketi Ermənistan silahlı qüvvələrinin Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində əməliyyat və missiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi də daşıyır.
Brüsseldə razılaşdırılan daha bir mühüm məqam isə Aİ və ABŞ-nin Ermənistana öldürücü silahların verilməsinə dair razılığa gəlinməsidir. Üstəlik, hücum silahlarının tədarükü gözlənilir. 
Sənəddə o da əks olunub ki, ABŞ Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, İranla sərhədə xüsusi diqqət yetirməklə, sərhəd nəzarətini və təhlükəsizliyi gücləndirmək üçün lazımi yardım göstərəcək. Bu məsələ Ermənistan-İran sərhədinin Rusiya sərhədçiləri tərəfindən mühafizəsi kontekstində xüsusilə aktualdır. Söhbət ABŞ-nin Ermənistan ərazisindən kəşfiyyatı üçün məhdudlaşdırıcı amil olan Rusiya sərhədçilərinin yaxınlaşan dəyişdirilməsindən gedir.
Göründüyü kimi, Tehran hər nə qədər özünü görməzdən, bilməzdən gələrək Ermənistana güldən ağır söz deməsə də, Cənubi Qafqazla bağlı kollektiv Qərbin qurduğu planların bir istiqaməti də məhz İrana tuşlanıb. Özü də məcazi mənada yox, həqiqi, yəni hərbi mənada... 

 

Vaşinqton fakt qarşısında qaldı

 

Sülh prosesinə zərbə vurmaq, regionu savaş meydanına çevirmək üçün ABŞ və Fransa başda olmaqla Qərbin siyasi iradəsi olmayan Ermənistan vasitəsilə bölgəyə yerləşmək kimi məkrli cəhdlərini Azərbaycan hər zaman ifşa edib.
Elə 5 aprel görüşünün vaxtından əvvəl Bakı tərəfindən deşifrə edilməsi və ona qarşı ciddi narahatlığın ifadə olunması səbəbindən Qərb Brüssel görüşündə nəzərdə tutulan hərbi komponenti ört-basdır etməyə çalışdı. 
Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün keçirildiyi gün Prezident İlham Əliyev Bakıda Türkiyə Böyük Millət Məclisinin deputatı və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşü zamanı həmin görüşdə cızılan hərbi konturları dəqiqliklə ifadə edərək, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır söyləmişdi: "Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür".
ABŞ-Aİ cütlüyünün danışdığı yalanların, necə deyərlər, ömrü heç 40 gün də sürmədi və yuxarıda bəhs etdiyimiz sənəd vasitəsilə üzə çıxdı.  
Bu zaman isə ABŞ növbəti riyakarlıq nümayiş etdirərək Brüsseldə keçirilən üçtərəfli görüşdə İrəvana geniş hərbi dəstəyin göstərilməsinə dair sənədi "dezinformasiya" adlandırdı. ABŞ Dövlət Departamenti iddia edib ki, həmin görüşdə təhlükəsizlik məsələləri gündəmdə olmayıb, guya diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən bu ölkədə demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib.
Təbii ki, Vaşinqton fakt qarşısında qaldığı üçün bu sənədi "dezinformasiya" adlandırır. Ancaq ABŞ-nin necə təqdim etməsindən asılı olmayaraq, ortada Ermənistana kənar qüvvələr tərəfindən hərbi dəstək verilməsinə dair ciddi sənəd var. Və bütün bunlar  Qərbin Cənubi Qafqazı müharibə meydanına çevirmək niyyətlərinə növbəti sübutlardır. 
   
Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video