Bu, beş yeni direktorluğun yaradılmasını nəzərdə tutur
ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidənqurmasına başlayır. Bu barədə "The Washington Post" qəzeti planla tanış olan hazırkı və sabiq rəsmilərə istinadən xəbər verir.
Bildirildiyinə görə, MTA-nın baş direktoru Coşua M. Ruddun təşəbbüsü ilə agentliyin Merilend ştatının Fort Mead şəhərindəki qərargahında süni intellekt, Çin, kibertəhlükəsizlik, döyüş dəstəyi və qlobal kəşfiyyata yönəlmiş beş yeni direktorluğun yaradılmasını nəzərdə tutur. Bu direktorluqların rəhbərləri NSA-nın direktor müavininin səlahiyyətlərinə malik olacaqlar. Bu, ötən həftə bütün yüksəkvəzifəli MTA rəhbərliyinə elan edilib.
Hazırkı və keçmiş işçilərin fikrincə, bu yeni təşkilati struktur, ABŞ hökumətinin rabitəsinin təhlükəsizliyi üzrə ixtisaslaşmış, ABŞ kəşfiyyat icmasının aparıcı agentliyi olan MTA-nın hazırkı və gələcək prioritetlərini daha yaxşı əks etdirəcək. Agentlikdə hazırda həm hərbi, həm də mülki işçilər olmaqla 30 mindən çox işçi çalışır və Mərkəzi Kəşfiyyat İdarəsindən daha böyük işçi heyətinə malikdir.
Nəşr qeyd edir ki, beş yeni direktorluğun MTA-nın hazırkı bölmələrini əvəz edib-etməyəcəyi və ya agentliyin mövcud strukturu ilə birlikdə fəaliyyət göstərib-göstərməyəcəyi hələ də məlum deyil. İşçilərin dediyinə görə, dünyada ən çətin əldə edilə bilən rəqəmsal hədəflərə hücum etmək vəzifəsi daşıyan, Tailored Access Operations (TAO) kimi tanınan Xüsusi Giriş Əməliyyatları elit bölmə Qlobal Kəşfiyyat Direktoruna hesabat verəcək. TAO MTA-nın ən gizli bölmələrindən biridir.
MTA-nın yenidən qurulması üçün vaxt azdır. Mənbələrə görə, yeni rəhbərlərdən ayın sonuna qədər təkliflərini Rudda təqdim etmələri tələb olunacaq. Onların tətbiqinə oktyabrın ortalarında başlamaq planlaşdırılır və 2027-ci ilin yanvar ayının ortalarında tam əməliyyat qabiliyyətinə çatması gözlənilir.
Bu arada ABŞ administrasiyası yenidən təşkilin bir hissəsi olaraq informasiya texnologiyalarına və hesablama gücünə investisiya üçün çoxmilyardlıq böyük büdcə artımı təklif edib. Nəşr qeyd edir ki, ABŞ Konqresi tərəfindən təsdiqlənmiş MTA-nın maliyyələşdirmə səviyyəsi ciddi şəkildə gizli saxlanılır.
Rizvan CƏFƏROV,
"Azərbaycan"