Bu günlər gündəmi zəbt edən, geniş müzakirələrə səbəb olan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Onun tarixi əhəmiyyətini, iqtisadi inkişafa, sülhə, əmin-amanlığa verəcəyi töhfələri qiymətləndirən ekspertlər dəhlizin açılmasına, təhlükəsiz şəraitdə fəaliyyət göstərməsinə olduqca müsbət yanaşırlar. Rəy budur ki, Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyəti danılmazdır. Çünki dəhlizin açılması beynəlxalq yükdaşımalarda əvəzsiz rol oynayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev dəhlizin açılması ilə bağlı istər müharibənin gedişi zamanı, istərsə də ondan sonra rəsmi Bakının bu sahədə olacaq istənilən əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan etmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir. Əgər müharibədən sonra Ermənistan da bu platformalarda təmsil olunmaq istəyirsə, Azərbaycan tərəfindən hər hansı bir maneə olmayacaqdır.
Artıq Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin 7-8 avqust 2025-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri zamanı keçirilən görüşlərdə Zəngəzur dəhlizinin açılması da müzakirə olunmuş və bu istiqamətdə müvafiq sənədlər imzalanmışdır. Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin görüşü zamanı Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Hər iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflanıb.
"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına aiddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (Zəngəzur dəhlizi) həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.
Bu sənədin imzalanması Zəngəzur dəhlizinin açılması istiqamətində atılan ən uğurlu addımdır. Dəhlizin fəaliyyətə başlamasının bölgənin inkişafı üçün çox böyük tarixi əhəmiyyəti var. Bu, Azərbaycanın milli, tarixi və gələcək maraqlarına da tam cavab verir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il aprelin 20-də Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycan üçün əhəmiyyət kəsb etməsini vurğulamışdır.
Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunda nəqliyyat, ticarət və regionlarla əlaqə üçün mühüm rola malikdir. Sülh dəhlizi olacaq Zəngəzur yalnız Azərbaycan üçün deyil, Ermənistan üçün də iqtisadi inkişaf və regional təşəbbüslərə inteqrasiyaya əlverişli şərait yaradacaq. Dəhlizin açılması həmçinin regionda sülh və sabitliyin möhkəmləndirilməsinə böyük töhfələr verəcək. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Cənubi Qafqazda regional əməkdaşlıq və iqtisadi inkişaf üçün də geniş imkanlar açacaq.
Zəngəzur dəhlizinin başqa bir iqtisadi əhəmiyyəti isə Mərkəzi Asiya ölkələrinin bu nəqliyyat dəhlizindən gələcəkdə istifadə etməsi ilə bağlıdır. Dəhliz "Aşqabad müqaviləsi" adı ilə tanınan anlaşmaya qoşulan ölkələrin Avropaya reinteqrasiyası üçün yeni perspektivlər aça bilər. Həmin müqavilə Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafını gerçəkləşdirmək məqsədini daşıyır. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizindən Avrasiya bazarlarına çatdırılması regionun iqtisadi inkişafı üçün böyük uğurlar vəd edir.
Zəngəzur dəhlizinin fəaliyyətə başlaması həm də, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafına böyük təkan verəcək. Bu gözəl diyarda istehsal edilən sənaye və kənd təsərrüfatı məhsulları həm ölkəmizin paytaxtına, həm də digər regionlara maneəsiz, eyni zamanda vaxt itkisinə yol verilmədən çatdırılacaq.
Dəhliz Asiya ilə Avropa ölkələri arasındakı əməkdaşlığın inkişafında da mühüm rol oynayacaq, region dövlətləri, eyni zamanda dünya ölkələri arasında iqtisadi-ticari əlaqələrin şaxələnməsinə əlverişli təminat yaradacaq. Bütün bunlarla yanaşı, dəhlizin açılması Azərbaycan və Türkiyə dövlətlərinin dostluq və qardaşlıq münasibətlərinin yeni əlverişli perspektivlər əsasında inkişaf etməsinə, yeni layihələrin tezliklə reallığa çevrilməsinə müsbət təsir göstərəcək.
Azərbaycan Prezidenti İlham Əliyev avqust ayının 21-də Kəlbəcər rayonuna səfəri zamanı doğma yurdlarına yenicə qayıtmış sakinlərlə görüşündə Zəngəzur dəhlizi ilə bağlı fikirlərini bölüşərək demişdir: "Bilirsiniz ki, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır".
Dövlətimizin başçısı daha sonra sözünə davam edərək bildirmişdir ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq.
Zəngəzur dəhlizinin işə düşməsi əlaqələrin genişlənməsi və iqtisadi mənfəətin qazanılması ilə yanaşı, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə böyük töhfə verəcək. Dayanıqlı iqtisadi inkişaf və etibarlı sülh isə gələcəkdə təhlükəli millətçi düşüncələrin yayılmasının, regionda yeni münaqişələrin yaranmasının qarşısını qətiyyətlə alacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"