18 Aprel 2025 08:10
1375
SİYASƏT
A- A+
Yeni dünya nizamı və Azərbaycanın xarici siyasəti

Yeni dünya nizamı və Azərbaycanın xarici siyasəti


Azərbaycan postsovet məkanının o təmsilçilərindəndir ki, nüfuz dairəsi və təsir imkanları yerləşdiyi bölgənin hüdudlarını aşmağa müvəffəq olub. 2020-ci ilin 44 günlük müharibəsində əldə etdiyi parlaq hərbi zəfər və sonrakı illər ərzində nümayiş olunan  tarazlı diplomatiya hesabına qazanılan orta güc statusu rəsmi Bakıya qlobal xarakterli siyasi proseslərin fəal iştirakçısı olmağa imkan verib. 

Bu, diplomatiyanın keyfiyyətcə yeni mərhələsidir. Əgər indiyədək Azərbaycan sahib olduğu təbii sərvətlərdən ustalıqla təkcə iqtisadi deyil, həm də siyasi hədəflərə çatmaq üçün istifadə edirdisə, bu gün dövlətimiz qlobal siyasi proseslərin əvəzolunmaz aktoruna çevrilib. 

Yaşadığımız reallığın gündəmində isə şəxsiyyət faktorunun rolunu və çəkisini danmaq mümkün deyil. Azərbaycanın təsir edə bildiyi proseslərin geosiyasi arealı Prezident İlham Əliyevin dünya çapında sahib olduğu nüfuzu və hörməti ilə ölçülür. Rəsmi Bakı xarici siyasətin çoxqütblüyü ilə yanaşı, həm də açılması mümkünsüz görünən geosiyasi düyünlərin çözüm ünvanı kimi qəbul edilir. 

Azərbaycan liderinin beynəlxalq ictimai rəyi düşündürən və narahat edən problemlərə dair fikir və rəyləri bu gün ekspertlər tərəfindən diqqətlə təhlil olunur. ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum ərzində dövlət başçısına verilən sualların sayı və məzmunu, eləcə də coğrafi baxımdan əhatə dairəsi, eyni zamanda Prezident İlham Əliyevin cavablarının doğurduğu əks-səda Azərbaycanın beynəlxalq siyasi aktor olaraq yüksək liqanın təmsilçisinə çevrildiyinin növbəti sübutudur. Bu status yalnız Bakının həm bölgədə, həm də ikitərəfli münasibətlər müstəvisində oynadığı rolla məhdudlaşmır. Bu gün Azərbaycan həm də dünya birliyini düşündürən və bəzən də çözümündə əlacsız qaldığı problemlərin həllində tərəf və vasitəçi qismində qəbul edilir.


Yaxın Şərqdə yeni aktor


Azərbaycanın Türkiyə və Pakistanla strateji münasibətləri islam dünyasında müəyyən dəyişikliklərin aparılmasına, manevr imkanlarına nüfuz edən ciddi geosiyasi alət rolunda çıxış edir. Bu xətt xarici siyasətin Yaxın Şərq vektorunun müəyyən edilməsi prosesində aparıcı təsir nöqtəsidir. Ötən ilin sonlarından etibarən isə müsəlman aləminin elitar birliyi sayılan D8-dəki təmsilçilik Azərbaycana böyük əksəriyyəti islam coğrafiyasının üzvləri olan Yaxın Şərq regionundakı proseslərə nüfuz etmək imkanı verir. 

Bakının müsəlman dövlətləri ilə ənənəvi isti münasibətlərinin tarixi və mənəvi əsasları var. Ancaq real siyasət kontekstində iki mühüm məqam Azərbaycanı bu böyük və sabitlik baxımından heç də firavan olmayan bölgənin yeni aktoruna çevrilməsinin əsasını təşkil edir. Birincisi, Azərbaycanın müasir qlobal ticarətin və transmilli logistik marştrutların mərkəzində yerləşməsi ilə əlaqədardır. Bu, islam dünyasının üzvlərinə Azərbaycan vasitəsilə türk dünyası və Çin bazarına qovuşmaq imkanı yaradan perspektivli amildir. İkincisi, Azərbaycanın Yaxın Şərqin qeyri-müsəlman aktoru - İsraillə dostluq münasibətlərinə malik olmasıdır. Bu, rəsmi Bakı tərəfindən elə bir diplomatik yolla reallaşdırılır ki, çoxəsrlik ədavət fonunda qıcıqlandırıcı amil deyil, sülh və əməkdaşlığın bərqərar olmasında ümidverici faktor kimi qəbul edilir. 

Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın İsrail və yəhudi icması ilə yüz illəri əhatə edən müsbət münasibətləri mövcuddur. Bu, Azərbaycan cəmiyyətinin multikultural mühitinin mühüm göstəricisidir. Prezident İlham Əliyev xalqımızın dünyagörüşünə əsaslanan bu dəyərə bir geosiyasi ölçü verməyə müvəffəq olub. Nəticə etibarilə Azərbaycan İsraillə müsəlman dünyası arasında əvəzolunmaz siyasi körpüyə çevrilib. Bakı Türkiyə-İsrail münasibətlərindəki gərginliyin aradan qaldırılması prosesində vasitəçi  qismində çıxış edir. Müasir dünyada isə vasitəçilik bu missiyanı üzərinə götürmüş tərəfin dünyadakı proseslərə təsir potensialı ilə ölçülür və Azərbaycanın Yaxın Şərq kimi ziddiyyətlərin kök saldığı bir bölgədə məhz bu prizmadan nəzərdən keçirilməsi Prezident İlham Əliyevin liderliyi ilə reallaşdırılan xarici siyasətin danılmaz uğurudur. 

Dövlətimizin başçısı "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda ilk dəfə bu amilin üzərinə gəldi - Bakının Ankara ilə Təl-Əviv arasında barışıq missiyası ilə bağlı dedi: "Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir". Dövlətimizin başçısı daha sonra vurğuladı ki, ilk böhran zamanı Azərbaycan ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadı. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Bunu heç vaxt ictimailəşdirmədik. Sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik: "Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq. Dostlarınız arasında pis münasibətlərin olması hər zaman pisdir. Bu, onlar üçün pisdir, bizim üçün pisdir və dünya üçün pisdir".

Prezidentin bu bəyanatı cəmi bir gün sonra öz təsdiqini tapdı: tərəflər Bakının moderatorluğu ilə Azərbaycanda danışıqlar aparmağa başladılar. Bu, sadəcə vasitəçilik təşəbbüsü deyil, tərəflərin Azərbaycana olan inam və etibarının göstəricisidir. 


Qlobal ticarətdə Azərbaycan amili


Rusiya-Ukrayna müharibəsinin görünməyən həlli perspektivləri fonunda dünya ticarətinin əsas istiqamətlərindən birinin Cənubi Qafqaz da daxil olmaqla böyük türk dünyası coğrafiyasından keçməsi Azərbaycanın rolu və iştirak səviyyəsini müəyyən edir. Bakı illərdir qurduğu nəqliyyat infrastrukturu, siyasi və iqtisadi sponsoru olduğu Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə qlobal ticarət proseslərində etibarlı tərəf statusuna malikdir. Prezident İlham Əliyevin təşəbbüsü və böyük ölçüdə Azərbaycanın maliyyə dəstəyi ilə ərsəyə gəlmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, ona bağlanan Beynəlxalq Ticarət Limanı və şaxələnmiş avtomobil yolları bu transmilli marşrutun əsasını təşkil edir. Gələcəkdə genişlənəcək və yük tutumu artacaq bu xətt gözlənilən yeni istiqamətlərin bazası qismində çıxış edəcək.

Vəziyyətin unikallığı ondan ibarətdir ki, Azərbaycan və lokomotivi qismində çıxış etdiyi Cənubi Qafqaz regionu bu kontekstdə həm də geosiyasi qütb və ziddiyyətləri özündə uzlaşdırmağı bacaran amildir. Əgər dünya ticari prosesin Şərq-Qərb, yaxud Çin-Avropa istiqaməti Ukraynada davam edən müharibə nəticəsində itirdiyi marşrutları bölgəmiz hesabına kompensasiya etmək niyyətindədirsə, sözügedən hərbi münaqişədə tərəf olan Rusiyanın da dünyaya açılan qapısı qismində məhz Cənubi Qafqaz bölgəsi çıxış edir. "Şimal-Cənub" marşrutunun "Şərq-Qərb" xəttilə məhz burada kəsişməsi Moskvaya Azərbaycan və Türkiyə vasitəsilə Yaxın Şərqə çıxış imkanı yaradır. 

Dövlətimizin başçısının Orta dəhliz adını almış bu qlobal prosesin perspektivlərinə toxunması regional logistikanın Azərbaycan üçün önəmini bir daha nümayiş etdirir: "Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır. Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin eyni zamanda biz Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta dəhliz nöqteyi-nəzərdən biz körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük. Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə biz təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir". 

Bu kontekstdə nəzərə alınması mümkünsüz olan daha bir amil də ortaya çıxır: Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi və suverenliyinə qovuşması. Şübhə yoxdur ki, Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından qurtarması onun bir dövlət olaraq gələcək mövcudluğunun siyasi tərəfi ilə yanaşı, həm də tarixi və mənəvi əsasını təşkil edir. Ancaq daha böyük miqyasda - dünya çapına baxsaq görərik ki, bu qələbənin ölçüsü yalnız tarixi ədalətin bərpası ilə məhdudlaşmır. On illər boyu biz erməni ekspansionizminin bütün bölgənin inkişafı yolunda bir maneə olduğunu bidirirdik. Bu gün isə belə çıxır ki, Azərbaycanın öz gücü ilə neytrallaşdırdığı işğal amilinin əhəmiyyəti yalnız bölgəmizlə məhdudlaşmır və daha qlobal məsələlərin açarı rolunda çıxış edir. Məhz bu prizmadan yanaşanda Zəngəzur dəhlizinin dünya üçün anlamının konturlarına dair ilkin təsəvvür formalaşır. Bu fonda Ermənistanın mənasız siyasi gedişləri, hərəkətləri, daha doğrusu, dirənişi, həqiqətən də, qeyri-ciddi təəssürat yaradır. 


Türk dünyasını beynəlxalq aləmlə bağlayan körpü


Qarabağ Zəfəri təkcə Cənubi Qafqaz bölgəsi deyil, həm də böyük türk coğrafiyası önündə miqyaslı perspektivlər açır. Türk dünyası bu gün transmilli ticarət marşrutlarının qlobal qovşağına çevrilməkdədir. Hətta özünün ədalətsiz gedişləri ilə bölgəmizi gözü götürməyən Avropa İttifaqının belə bu gün Orta Asiya ilə xüsusi sammit keçirməsi Qərbi Avropanın Yer kürəsinin bu hissəsində imdad axtarışına çıxdığının göstəricisidir. Sarkazm isə ondan ibarətdir ki, Avropanın düşdüyü bu qaranlıq tunelin sonunda görünən işığı məhz Azərbaycan yandırıb - 2020-ci ilin payızında.

Vətən müharibəsindəki Zəfər türk dövlətlərinin daha sıx birliyi ilə yanaşı, həm də geosiyasi vəziyyətin yaratdığı fürsətdən yararlanmaq üçün vazkeçilməz tarixi hadisədir. Əgər biz müharibədən sonrakı proseslərin xronologiyasını izləsək, aydın şəkildə görərik ki, türk dünyasının işlək format, yəni real iqtisadi və siyasi görüntü alması məhz Vətən müharibəsindəki qələbədən qaynaqlanır. Azərbaycanın tarixi zəfəri bir növ türk dövlətlərinin inteqrasiyası önündəki tıxacları açıb və bu böyük coğrafiyanı transmilli logistika prosesinin aparıcı hissəsinə çevirib. 

Ölkəmiz tarixi köklərə bağlı olduğumuz türk dünyasının iqtisadi çiçəklənməsi və siyasi sabitliyinə ciddi önəm verir. Bunu Prezident İlham Əliyevin sözügedən tədbirdə ifadə etdiyi fikirlər bir daha təsdiq edir: "Azərbaycan türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir. Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq, çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildə iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur. Ola bilsin, gələn ay görüş olsun. Tarixlər hələ müəyyən edilməyib. Lakin çox güman ki, gələn ay ikinci qeyri-rəsmi Zirvə görüşümüz olacaq və sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək". Daha sonra dövlətimizin başçısı vurğulayıb ki, türk dünyasında ölkələr arasında münasibətlər Azərbaycan üçün çox vacibdir. Bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və təşkilatı daha güclü və nəticəyə yönələn nüfuzlu qurum kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir: "Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Mən üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. …Əgər Avropa İttifaqına baxsanız, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəksiniz. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər cənubu və şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə baxsaq, görərik ki, onlar bir-birindən tam fərqlənir. Hazırda biz Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar görürük. Belə bir hal Türk Dövlətləri Təşkilatında varmı? Yox. Bizdə yoxdur. Bu, bizi unikal edir. Bəs onda nə çatışmır? Bizim güclü beynəlxalq fəaliyyətimiz. Bu, kifayət deyil və biz daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik".

Bu gün Azərbaycan özünün müxtəlif vektorlu kursu ilə dünya çaplı xarici siyasət oyunçusuna çevrilməkdədir. Prezident İlham Əliyevin liderliyi ilə xarici siyasətimiz yerləşdiyimiz bölgənin hüdudlarını çoxdan aşıb. Bu, dövlətimiz üçün əlavə siyasi və iqtisadi üfüqlər açıb. Belə reallığın isə bir hədəfi var: Azərbaycan xalqının firavan yaşayışı. Dövlətimizin əsas missiyası məhz bu amala xidmət edir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan  

18:01
21 May

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan  

16:55
21 May

Səfir: Çin-Azərbaycan münasibətləri daim inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilib  

16:28
21 May

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb  

16:24
21 May

Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib  

16:19
21 May

“SpaceX” şirkəti orbitə daha 23 internet peyki çıxarıb  

16:14
21 May

Baş nazirin müavini Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb  

16:11
21 May

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub  

16:07
21 May

XİN Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasını şərh edib  

15:59
21 May

Kasım-Jomart Tokayev Avropaya neft ixracının artmasına dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib  

15:53
21 May

Koreyalı tədqiqatçı: Azərbaycan Avrasiya regionunda sülhün qurulmasında böyük rol oynayır  

15:36
21 May

Kreml: Ukrayna ilə memorandum üzərində iş qapalı rejimdə, amma dinamik şəkildə aparılır  

15:31
21 May

Rusiyanın xarici işlər naziri Bakıda və İrəvanda “3+3” formatında görüşlər keçirməyi təklif edib  

15:30
21 May

Sergey Lavrov: Ermənistan Azərbaycanın rayonlarını uzun müddət işğal etmək üçün Rusiya silahlarından istifadə edib  

15:23
21 May

İrəvanda polis Rusiya əleyhinə etiraz aksiyasına müdaxilə edib

15:23
21 May

Fransada taksi sürücüləri etiraz aksiyası keçirir - polislə toqquşma olub  

15:22
21 May

Emin Ağalarov “Dream Fest”də yeniliklər, tədbirin büdcəsi və yeni layihələr barədə danışıb  

15:21
21 May

Ali Məclisin növbəti plenar iclası keçirilib

15:19
21 May

COP29 sədrliyi Panamada İqlim Həftəsində ölkəmizi təmsil edib

15:18
21 May

“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

15:13
21 May

Azərbaycan qadını ictimai-siyasi, elmi-mədəni proseslərdə fəal iştirak edir

15:12
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!