30 İyul 2025 08:54
721
CƏMİYYƏT
A- A+
Xəzər geri çəkilməkdə davam edir  

Xəzər geri çəkilməkdə davam edir  


Alimlər dövlətləri qlobal istiləşməyə qarşı mübarizəni gücləndirməyə çağırırlar


Qlobal ekoloji problemlərlə üzləşən Xəzər dənizinin səviyyəsi 30 ildir ki, enməkdə davam edir. Tədqiqatlara görə, dəniz bu müddət ərzində 1,5 metrə qədər geri çəkilib. Əgər bu davam edərsə, əsrin sonuna kimi dənizdə suyun səviyyəsinin 18 metrə qədər düşəcəyi proqnozlaşdırılır. 

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bir sıra amillərlə bağlıdır. İlk yerdə  təbii ki, iqlim dəyişiklikləri, daha doğrusu, qlobal istiləşmədir. Temperatur yüksəldikcə dənizdə buxarlanma artır ki, bu da suyun səviyyəsinin enməsinə təsirsiz ötüşmür. Digər səbəblər arasında Xəzərin əsas su mənbəyi olan Volqada suyun azalması qeyd olunur. Çayda suyun azalması da həm iqlim dəyişiklikləri, həm də sudan səmərəsiz istifadə ilə bağlıdır. Digər vacib amillərdən biri isə suya olan tələbatın artmasıdır. Bütün bu və digər amillər nəticədə dünyanın ən böyük gölü olan Xəzərin səviyyəsinin enməsinə və ekoloji fəlakətlərə gətirib çıxarır. 


Əsrin sonunda Xəzəri nə gözləyir?


Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov qəzetimizə açıqlamasında bildirdi ki, Xəzərin səviyyəsi kəskin şəkildə aşağı düşməkdə davam edir. Onun sözlərinə görə, qış və yaz dövründə səviyyənin enmə sürəti bir qədər azalsa da, hazırda ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 sm aşağıdır. 

Alim qeyd etdi ki, Xəzərin səviyyəsi fəsillərdən asılı olaraq dəyişir: "Dənizin suyu yazda bir qədər artır, yayda sabitləşir, sonra enməyə başlayır və qışa qədər kəskin azalır. Ötən il ortaillik enmə səviyyəsi -29 metrə yaxın idi, bu il isə -28,84 metrdir. Yəni  qışdakından bir qədər yuxarı olsa da, ötən ilin indiki dövrü ilə müqayisədə aşağıdır". 

S.Səfərov dedi ki, Xəzərin hövzəsi onu qidalandıran su hövzəsinin sahəsindən 5-6 dəfə azdır: "Əsas su hövzəsinin ayrı-ayrı hissələrində yağıntının artması Xəzərə gələn suyun miqdarına təsir edir. Tədqiqatlarımız göstərir ki, son illər Volqanın hövzəsində yağıntıların miqdarı artsa belə, çayın gətirdiyi su az olur. Bu isə qlobal istiləşmə ilə əlaqədardır. Volqanın hövzəsində 1991-2024-cü illər  havanın temperaturu 1961-1990-cı illərə nisbətən təxminən 3 dərəcə artıb. Bu dəyişiklik Xəzərdə 1 dərəcədir. Bu da həm quruda, həm də çayın məcrasında buxarlanmanı artırır. Çayın üzərindəki su anbarlarında da eyni proses gedir. Bu baxımdan yağıntıların sabit qalmasına baxmayaraq, Volqanın suyu azalır. Həmçinin havanın temperaturu yüksəldiyi üçün suya olan tələbat da artır. Məsələn, temperatur yüksəldiyindən kənd təsərrüfatında indi suya olan tələbat daha çoxdur. Volqanın suyunun azalması isə Xəzərin səviyyəsinin düşməsinə təsir edən əsas amillərdən biridir". 

Xəzərin səviyyəsi ilə bağlı proqnozların CMIP6 iqlim modelinə əsaslandığını deyən şöbə müdiri bildirdi ki, iqlim modellərinə əsasən, atmosferdə karbon, digər istixana qazlarının miqdarının artması ilə qlobal temperaturun yüksəlməsi arasında əlaqə olduğundan Xəzər dənizinin səviyyəsinin 2100-cü iləcən, yəni əsrin sonuna qədər necə dəyişəcəyi barədə müxtəlif ssenarilər əsasında proqnozlar verilir: "Almaniya və Hollandiya alimlərinin tədqiqatlarına əsasən, əsrin sonuna qədər Paris sazişinə əməl olunarsa, Xəzərin səviyyəsi 8-9 metr aşağı düşəcək. Əgər sazişin şərtlərinə əməl olunmazsa, qlobal orta temperatur 2 dərəcəni keçərsə,  o zaman dənizin səviyyəsi bəzi proqnozlara görə 18, hətta 21 metr aşağı düşə bilər". 


Şərq küləkləri də Xəzərin səviyyəsinin enməsinə səbəb olan  amillərdəndir


Şöbə müdiri onu da qeyd etdi ki, alman alimlərindən birinin məqaləsində Xəzərin İran sahillərindəki hidrometeoroloji stansiyanın məlumatlarına əsasən, son illər küləyin orta sürətinin artdığı bildirilir. Məqalədə yazılıb ki, küləyin sürətinin artması buxarlanmaya təsir edir və bu da Xəzərin səviyyəsinin enməsinə səbəb olur. Biz tədqiqatımızda bu məsələyə qlobal yanaşdıq. Təkcə İran sahilləri deyil, Xəzərin ümumi akvatoriyası üzrə araşdırma apardıq. Məlum oldu ki, Xəzər dənizinin üzərində küləyin orta sürətində dəyişiklik statistik baxımdan əhəmiyyətli deyil. Yəni bəzi yerlərdə küləyin sürəti bir az artıb, digər yerlərdə isə azalıb. Deməli, orta qiymətdə dəyişiklik olmadığı üçün küləyin sürətinin Xəzərin səviyyə dəyişmələrinə təsiri yoxdur. Təsirlər küləyin istiqaməti ilə bağlıdır". 

Alim vurğuladı ki, ötən əsrdə Xəzərin səviyyəsinin dəyişmələri qlobal temperatur artmadan baş verib: "Son tədqiqatlarımızda Xəzərin səviyyə tərəddüdlərində külək amili də yer alıb. Bu, küləyin sürətindən deyil, onun istiqamətindən asılıdır. Xüsusən şərq istiqamətli küləklərin artması Xəzərin səviyyəsinin aşağı düşməsinə səbəb olan əsas amillərdən biridir. Tektonik amilləri çıxmaqla yalnız iqlim amillərini nəzərə aldıqda qlobal istiləşmə düşməmiş Xəzərin səviyyə tərəddüdləri küləyin sürət və istiqamətini dəyişməsi ilə bağlı olub. CMIP6 modelində isə yalnız qlobal istiləşmə amilləri nəzərə alınıb. Şərqdən gələn küləklər isti və quru hava gətirdiyi üçün su səthində buxarlanmanı artırır, əgər dənizin üzərindən rütubətli hava keçirsə, o zaman buxarlanma azalır. Tədqiqatlar göstərir ki, Xəzərin səviyyəsinin qalxdığı dövrlərdə qərb və şimal küləkləri daha çox əsib. Əksinə, səviyyə aşağı endiyi dövrdə isə şərq və cənub küləkləri üstünlük təşkil edib".

S.Səfərov vurğulayıb ki, indi əsasən həm şərq küləyinin artması, həm də qlobal temperaturun dinamik yüksəlməsi dənizin səviyyəsinin enməsinə təsir edir: "Hazırkı enmə CMIP6 modelinin göstəricilərini belə qabaqlayıb. Dünya ölkələrinin qlobal istiləşməyə qarşı gördüyü tədbirlər hələlik nəticə vermir. Çünki dövlətlər üzərlərinə götürdükləri öhdəlikləri nə qədər yerinə yetirdiklərini desələr də, istehsalın artması qlobal temperaturu yüksəldir". 

Beləliklə, tədqiqatlar da göstərir ki, Xəzərin səviyyəsi enməkdə davam edir. Bu isə sahilyanı ölkələrin iqtisadiyyatına və digər sahələrə ziyan vurmaqla yanaşı, biomüxtəlifliyin məhvinə səbəb olur. Hazırda bunun əsas səbəbi iqlim dəyişmələridir. Buna görə dünya dövlətləri Kioto protokolu, Paris sazişi kimi sənədlərlə üzərlərinə götürdükləri öhdəliklərə ciddi əməl etməklə qlobal istiləşmənin təsirlərinin  minimuma endirilməsi istiqamətində cidd-cəhdlə çalışmalıdırlar. Amma unutmayaq ki, iqlim dəyişiklikləri ilə mübarizə yalnız bir ölkənin, dövlətin deyil, ümumilikdə bəşəriyyətin vəzifəsidir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanın enerji potensialı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

21:31
17 Avqust

Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq  

20:10
17 Avqust

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır  

20:05
17 Avqust

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər  

20:00
17 Avqust

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər 

19:55
17 Avqust

Azərbaycanda bu ilin birinci yarısında 41 minə yaxın körpə doğulub  

19:50
17 Avqust

2026/2027-ci tədris ili üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

19:45
17 Avqust

Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir

19:40
17 Avqust

Azərbaycan əhalisinin sayı açıqlanıb

19:35
17 Avqust

Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir  

19:30
17 Avqust

Mehmet Özçubukçu: TRIPP Orta Dəhlizin potensialını və dayanıqlılığını artıra biləcək mühüm bağlantıdır  

19:25
17 Avqust

ABŞ eksperti: TRIPP Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər

19:20
17 Avqust

Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib  

19:15
17 Avqust

“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb

19:10
17 Avqust

Böyükşor gölünün suyu nə üçün yaşıl rəngə boyanıb? - analizin nəticələri açıqlandı

19:05
17 Avqust

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib

19:00
17 Avqust

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

18:55
17 Avqust

Yeddi ayda külək elektrik stansiyalarından istehsal 22 dəfə artıb  

18:50
17 Avqust

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunub  

18:45
17 Avqust

Bu il Günəş enerjisi üzrə 459 giqavat/saat yeni batareya tutumu istifadəyə veriləcək

18:40
17 Avqust

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda tədbir təşkil olunub

18:35
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!