07 Noyabr 2025 08:00
1307
SİYASƏT
A- A+
Xalqın birliyindən və inamından güc alan Lider

Xalqın birliyindən və inamından güc alan Lider


Son 200 ildə Cənubi Qafqaz tarixin ən mürəkkəb və ziddiyyətli proseslərinin yaşandığı regionlardan biri olub. Bu, bir həqiqətdir ki, yaşadığımız coğrafiyada əsrlər boyu formalaşmış etnik-mədəni tarazlığın pozulması, xüsusilə XIX əsrdən başlayaraq ermənilərin kütləvi şəkildə bölgəyə köçürülməsi, regionun siyasi xəritəsini də, ictimai nizamını da kökündən dəyişdirdi.

Cənubi Qafqazda geosiyasi marağı olan dövlətlərin planlı şəkildə həyata keçirdiyi bu siyasət regionda təkcə demoqrafik vəziyyəti dəyişmədi, eyni zamanda xalqlar arasında süni qarşıdurmaların yaranmasına, etimadın sarsılmasına və sabitliyin pozulmasına gətirib çıxardı.

XX əsr isə bu proseslərin ən faciəvi nəticələrini Azərbaycan xalqının taleyinə yazdı. Deportasiyalar, qırğınlar, torpaqların işğalı və humanitar fəlakətlər xalqımızın tarixinə qara hərflərlə həkk olundu. Bu hadisələr təkcə keçmişin ağrılı xatirəsi deyil, həm də bu günün geosiyasi reallıqlarını formalaşdıran mühüm tarixi dərslərdir.

Xalqımızın başına gələn bəlaların bir səbəbi ermənilər, xain qonşularımız, əhatəmizdə yerləşən böyük dövlətlər idisə, digər səbəbi də beynəlxaq siyasəti bilən, güclü sərkərdəlik qabiliyyəti olan, xalq tərəfindən sevilən, öz xalqının gücünə arxalanan qətiyyətli bir liderin olmaması idi.

Tanrı İlham Əliyevi 200 ildən sonra xalqımızın qələbə dolu tarixini, zəfər salnaməsini yenidən yazmaq üçün bir xilaskar olaraq göndərdi. Ona xilaskar da demək olar, bir millətin arzusunun ifadəçisi də…

Düşmənə qalib gəlmək üçün müasir silahlarla təchiz edilmiş, vahid mərkəzdən idarə olunan ordunun, polad iradə və qətiyyətin olması əsas şərtdir. Eyni zamanda döyüş meydanında qazanılan qələbəni dünya miqyasında qəbul etdirmək üçün güclü diplomatik idarəetmə və zərgər dəqiqliyi ilə ölçülüb-biçilən siyasətin olması çox şeyi həll edir.

Düşmən təkcə sərhədlərimizi keçməmişdi. Bütün siyasi və diplomatik qayda-qanunları pozaraq müvəqqəti qələbə eyforiyasına qapılıb bizə meydan oxuyurdu. İşğal altında saxladığı torpaqlarda keçilməz dəmir-beton istehkamlar qurur, yeraltı tunellər çəkir, beynəlxalq hüquqa məhəl qoymadan məskunlaşma aparır, tarixi adları dəyişdirir, abidələri ya məhv edir, ya da saxtalaşdırırdı. Bunlar azmış kimi babalarımızın at çapıb qılınc oynatdıqları qəhrəmanlıq meydanlarında şənliklər qurub milli heysiyyətimizə toxunurdu. Düşmən o qədər harınlamışdı ki, qarşısındakının əzmini, gücünü və nəyə qadir olduğunu qiymətləndirə bilmirdi.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən düşməni həm siyasi, həm də diplomatik meydanda küncə sıxışdırdı. Ordu quruculuğuna ayrılan xərclərin artırılması, modern silahların alınması, hərbi intizamın gücləndirilməsi ilə qarşı tərəfə daim xəbərdarlıq da edirdi: "Əgər Qarabağ problemi sülh yolu ilə həll olunmasa, müharibə qaçılmazdır". "Biz torpaqlarımızın bir qarışını belə güzəştə getməyəcəyik. Qarabağ Azərbaycandır!" Bu qətiyyətli mövqe artıq müharibənin qaçılmaz olduğundan xəbər verirdi.

Xalqının məsuliyyətini dərk edən lider olmaq hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Azərbaycanın bəxti onda gətirdi ki, İlham Əliyev kimi rasional hesablama qabiliyyətinə malik, nəyi nə zaman edəcəyini dəqiqliklə bilən praqmatik bir lideri var.

2020-ci il dünya üçün pandemiya ili olsa da, Azərbaycan üçün həm də möhtəşəm Qələbə ili kimi tarixə yazıldı. 2020-ci il həyatımızı zəhərləyən viruskimilərin üzərində çalınan Zəfər ili kimi yaddaşımıza möhürünü vurdu.

Azğınlaşan düşmən 2020-ci ilin isti yay günlərində Tovuz rayonu istiqamətində sərhədlərimizə təcavüz edərək yeni təxribatlara əl atdı. Generalımız, əsgər və zabitlərimiz şəhid oldular. Bu hadisə xalqı ayağa qaldırdı. Gənclər "Ya Qarabağ, ya ölüm!" deyərək hərbi komissarlıqlara axışdı. Ali Baş Komandan öz xalqının qətiyyətini görüb "dəmir yumruğ"unu düyünlədi və düşmənə son mesajını verdi.

2020-ci il sentyabrın 27-də düşmən artilleriyanın gücündən istifadə edərək bütün cəbhə boyu ordumuzun yerləşdiyi əraziləri və dinc əhalinin yaşadığı yaşayış məntəqələrini atəşə tutdu. Məqsəd yeni ərazilər zəbt etmək idi. Amma düşmən yanılırdı. İndi qarşılarında 1990-cı illərin nizamsız ordusu yox, müasir, güclü, nizamlı Azərbaycan Ordusu, həm də xalqın birliyindən və inamından güc alan qətiyyətli Ali Baş Komandan var idi.

Prezident xalqa müraciət edərək düşmənin xain hücumu barədə məlumat verdi. Ali Baş Komandan qətiyyətli çıxışı, səmimiyyəti ilə xalqda möhkəm inam yaratdı. Bu inam milləti bir yumruq kimi birləşdirdi. Elə döyüşün ilk saatlarından qazandığımız uğurlar göstərdi ki, ordunun gücləndirilməsi üçün aparılan tədbirlər öz bəhrəsini verir.

Müharibə təkcə döyüş zonasında getmirdi, informasiya və diplomatiya cəbhəsində də vəziyyət olduqca gərginləşmişdi. Ermənipərəst medianın, muzdlu jurnalistlərin ölkəmizə qarşı hücumu səngimək bilmirdi. Dövlətimizin başçısı dəmir məntiqi, sarsılmaz arqumentləri ilə muzdlu jurnalistləri susdurub yerlərində oturtdu. Hətta bəziləri dalana dirəndiklərini etiraf etmək məcburiyyətində qaldılar.

Prezidentin hər çıxışı əsgərlərimizdə ruh yüksəliyi yaradır, ordunun döyüş əzmini daha da artırırdı. Yaralı hərbçilərlə görüşündə dövlətimizin başçısının hər bir əsgərə ata qayğısı ilə yanaşması xalqımızın yaddaşına əbədi yazıldı.

44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı Vətəni üçün canından keçməyə hazırdır. Biz o günlərdə oğlunun tabutunu çiynində aparan ananı, həyat yoldaşının əsgər formasını geyinib "Təki Vətən sağ olsun" deyən qadını, qardaşının cənazəsinə girən bacını gördük. Yaralı yoldaşını belində daşıyaraq döyüşən igidləri, şəhid olmuş döyüş yoldaşının nəşini kilometrlərlə çiyinlərində aparan mərd oğulları gördük. Bütün bunlar xalqımızın möhkəm, qırılmaz iradəsini, qələbə ruhunu,Vətən sevgisini, bütövlüyünü əks etdirən kefiyyətlər idi.

Bu mübarizə göstərdi ki, Azərbaycan xalqı bir olduqda qarşısında heç bir güc dayana bilməz. İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun yenilməz qəhrəmanlığı və xalqın sarsılmaz birliyi tariximizin ən parlaq səhifəsini yaratdı. Biz bu zəfəri yalnız torpaqlarımızı azad etməklə qazanmadıq, - biz özümüzü, ruhumuzu, milli ləyaqətimizi azad etdik. Şəhidlərimizin müqəddəs qanı ilə yazılan bu Qələbə əbədi dövlətimizin dayağı, millətimizin qüruru, gələcək nəsillərin yol göstəricisi olacaq. Qarabağda ucalan hər bir ev, tikilən hər bir məktəb, açılan hər bir ocaq bu xalqın əzmini, gücünü, birliyini təbliğ edəcək. Azərbaycan 44 gündə təkcə torpaqlarını deyil, həm də gələcəyini qazandı. Bizi gözəl gələcəyə aparan yolun adı Qələbədir!

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!