Vaxtın hesablanmasında
daha çox müxtəliflik ilin
başlanğıcını nə vaxtdan müəyyənləşdirməkdən ibarət olmuşdur. Əksər ölkələrdə, o
cümlədən Azərbaycanda il yazdan hesablanmışdır. Qədim misirlilər ilin başlanmasını
Nilin daşmasından götürürdülər. Bəzi ölkələrdə isə ilin başlanğıcı kimi yeni hökmdarın
hakimiyyətə keçməsi, bəzilərində güclü küləklərin başlanması (Şumerdə), paytaxt
şəhərinin əsasının qoyulması (Romada), olimpiya oyunlarının keçirilməsi (Yunanıstanda)
qəbul edilmişdi.
Qəməri təqvimi
Ayın Yer ətrafında
hərəkətinə əsasən tərtib olunmuş qəməri təqvimində başlıca rolu Ayın səfhələri
(üz, səth) oynayır. Səfhə isə Ayın Günəş və Yerə görə qarşılıqlı vəziyyətindən asılıdır.
Ayın əsas səhfələri bunlardır: təzə Ay - birinci rüb, bədirlənmiş Ay - sonuncu rüb.
Ay təqvimi
miladdan əvvəl üçüncü minillikdə Babilistanda yaranmışdır. Ayın iki eyni səthi arasındakı
müddət 29,5 gün müəyyənləşdirilmişdir. Həmin müddət vaxt vahidi kimi bir ay sayılmış,
rahatlıq üçün kəsir atılaraq aylardan biri 29, o biri 30 gün qəbul olunmuşdur. Ay
3 ongünlüyə, yaxud 4 həftəyə bölünür. İl isə 12 aydan ibarət götürülür. Həmin təqvimdən
miladdan əvvəl VII əsrdə assuriyalılar, sonra isə yəhudilər istifadə etmişlər. Daha
sonra bu təqvim Şərq ölkələrində geniş yayılmışdır. Hazırda 20-dən çox müsəlman
ölkəsi ay təqvimindən istifadə edir.
Qədim tarixi
qaynaqlardan məlum olur ki, Azərbaycan ərazisində yaşayan əski tayfalar da vaxtı
Ayın hərəkəti ilə hesablayaraq, Ay - qəməri təqvimindən istifadə etmiş, Aya güclü
inam bəsləmişlər. Ay məbədinin baş kahini hökmdardan sonra ölkənin ikinci adamı
sayılmışdır. Sonralar azərbaycanlılar əlverişli təqvim olan Günəş -şəmsi təqviminə
keçmişlər.
Ay-Günəş təqvimi
Bu təqvimin
əsas vahidi Ay və ildir. Ay-Günəş təqvimi Ayın hərəkəti əsasında təsis edilmiş təqvimin
şəmsiləşdirilmiş variantıdır. Məlum olduğu kimi, qəməri təqvim ayı 29,5 gün, qəməri
il isə 354 gündür. Bu, şəmsi təqvim ilindən 11 gün azdır. Üç il ərzində qəməri il
şəmsi ildən 33 gün geri qalır. Burada Günəşin hərəkəti Ay səthlərinin növbələşdirilməsi
ilə uzlaşdırılır.
Günəş təqvimi
ilə ilin başlanğıcı həmişə eyni vaxta, yəni yaz fəslinin - Novruzun başlanmasına
düşür. Ay təqvimində isə başqa fəslə düşə bilər. Vaxtı Ay səfhələrinə və fəslin
real dəyişməsinə görə hesablayarkən yaranan kəsiri ləğv etmək üçün Ay təqvimində
əlavə ay qəbul edilir. Bu düzəlişdən sonra alınan təqvim Ay-Günəş təqvimi adlanır.
Ay-Günəş təqvimi hazırda yalnız yəhudi dinində istifadə olunur.
"Avesta” təqvimi
Azərbaycanda
işlədilmiş ilk təqvimlərdən biridir. Bu təqvimdə söhbət iki fəsildən gedir. Onlardan
biri - "böyük yay” adlanan birinci fəsil 7 aydan, digəri - "qış fəsli” adlanan
5 aydan ibarət idi. Qədim "Avesta” təqviminə, yəni atəşpərəstlərin inamlarına görə,
il "böyük yay” fəslinin ilk günündən başlanır.