Afrikada qida qıtlığı riski artır. “The Guardian” qəzetinin yaydığı məlumata görə, bunu dünyanın ən böyük gübrə istehsalçılarından biri olan “Yara International”ın Baş icraçı direktoru Sveyn Tore Holseser deyib. O, Yaxın Şərqdəki proseslərin qlobal ərzaq bazarına ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. Direktorun sözlərinə görə, bu vəziyyət xüsusilə Afrikanın ən yoxsul və həssas ölkələrində qida qıtlığı və qiymət artımına səbəb ola bilər.
S.T.Holseser bildirib ki, gübrə çatışmazlığı və qiymətlərin sürətlə yüksəlməsi “qlobal hərrac” effekti yaradır. Bu isə o deməkdir ki, zəngin ölkələr təchizatı təmin edə bildiyi halda, kasıb dövlətlər, xüsusilə Afrika ölkələri, lazımi resursları əldə etməkdə çətinlik çəkəcək. Onun sözlərinə görə, Afrika özünü ərzaqla təmin edə və hətta ixracatçı ola biləcək mövqedədir. Lakin hazırda qitə böyük ölçüdə idxaldan asılıdır. Bu səbəbdən qlobal bazarda qiymətlərin artması Afrikaya daha ağır təsir edir.
Məlumata görə, gübrənin əsas komponentlərindən biri olan karbamidin qiyməti Yaxın Şərqdə gərginliyin başlamasından sonra 60-70 faiz artıb. Eyni zamanda, ammonyak istehsalı və saxlanması da müharibə səbəbindən çətinləşib. Bəzi ölkələr, o cümlədən Qətər, təhlükəsizlik risklərinə görə istehsalı dayandırıb.
S.T.Holseser qeyd edib ki, istehsalın bərpası həftələr, hətta aylar çəkə bilər və bu, vəziyyəti daha da ağırlaşdırır. Qarşıdan gələn əkin mövsümündə Afrikadakı fermerlər həm cari, həm də gələcək məhsullar üçün gübrə təminatında ciddi problemlərlə üzləşə bilər. Avropa İttifaqı fermerlərə subsidiya və dəstək paketləri təqdim etsə də, belə yardım Afrikada mövcud deyil. Bu isə qlobal bərabərsizliyi daha da dərinləşdirir.
Onun sözlərinə görə, mövcud vəziyyətdə ən böyük zərəri yenə də ən həssas və yoxsul təbəqələr görəcək. Beynəlxalq ictimaiyyət vaxtında tədbir görməzsə, vəziyyət daha da ağırlaşa bilər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”