Kinoteatrı kim partladıb?
1944-cü il martın sonlarında partizanların ştabına Triyest şəhərinin yaxınlığındakı Opçine qəsəbəsindən Faina adlı bir qız gəlirdi. Faina evlərindən bir az aralıda kinoteatr olduğunu, alman zabitlərinin hər axşam saat 7-də kinoya baxmaq üçün ora toplaşdıqlarını xəbər verdi. Kinoteatrı partlatmaq tapşırığı Mehdi Hüseynzadəyə və Mirdamət Seyidova verildi.
1944-cü il aprelin 2-də əyninə alman zabitinin hərbi uniformasını geymiş iki azərbaycanlı Opiçinenın dəmir yol stansiyasını keçib alman mahnısını zümzümə edə-edə iki kilometr aralıda yerləşən qəsəbəyə doğru irəliləyirdilər. Mehdi Hüseynzadənin sol qolunun üstünə zabit rütbəsi bərkidilmişdi. Partizanlar kinoteatrı partladacaq minaları və kapsulaları çörək çantalarına yerləşdirmişdilər. Partlayıcı isə Mirdamət Seyidovun cibində idi.
Faina kilsənin aşağı tərəfindəki birinci evdə yaşayırdı. Razılaşmaya əsasən, o, qapıda partizanları gözləməli idi. Ətrafa göz gəzdirib izlənmədiklərinə əmin olduqdan sonra partizanlar Fainagilin həyətinə keçdilər. Mirdamət İtaliya istehsalı olan avtomatını Fainagildə qoydu. Partizanların hər ikisində tapança var idi. Onlar kinoteatra tərəf addımladılar. Kinoteatrın ətrafı alman əsgər və zabitləri ilə dolu idi. Məqam düşən kimi partizanlar zabitlərin arasından keçib zala daxil oldular. Mirdamət Seyidov Mehdi Hüseynzadəyə vaxtın çatdığını işarə edir. Mehdi əlini çantaya aparanda çantanın xışıltısına qabaqda əyləşən zabitin geri dönüb onlara baxdığını görən Mirdamət alman dilində "biz ki, bu filmə baxmışıq, gəl gedək bir qədər şərab içək", - dedi. Partlayıcılar artıq lazım olan yerlərə yerləşdirilmişdi. Vaxt itirmədən kinoteatrdan çıxmaq lazım idi. Qapıçının da başı filmə tamaşa etməyə qarışdığından onlar küçəyə çıxıb Fainagilə getdilər. Artıq bir neçə dəqiqədən sonra komendant saatı başlayacaqdı. Mirdamət avtomatını götürüb, Faina isə ailəsi ilə vidalaşıb yola düzəldilər. Mehdi cib saatını çıxarıb baxır. Artıq 29 dəqiqə idi ki, kinoteatrı tərk etmişdilər. Bu an dəhşətli partlayış səsi eşidildi...
Səhər partizanların ştabına xəbər çatdı ki, partlayış zamanı 80 nəfər ölüb, 120 nəfər yaralanıb. Bunun əvəzi olaraq almanlar Triyest şəhərində yerləşən Koroneo türməsində olan 110 məhbusu Opçina kəndində güllələdilər.
"Soldatenhaus"un partladılması
Mirdamətlə Mehdi bir neçə gün idi ki, Mariya Stokanın evində növbəti əməliyyata hazırlıq görürdülər. Ştaba xəbər gəlmişdi ki, almanlar zənginlərin, din xadimlərinin övladlarından ibarət "Ağ qvardiya" adlı antipartizan dəstəsi yaradıb həmin dəstəyə güclü təlimlər keçirlər. Partizan ştabında qərara alındı ki, "Ağ qvardiyaçı"ların qərargahı partladılmalıdır. Bu mühüm əməliyyat da Mehdi ilə Mirdamətə tapşırılır.
Alman uniforması geyinərək ciblərində saxta alman sənədləri olan partizanlar Triyest şəhərinin küçələri ilə irəliləyirdilər. Axşam düşürdü. Partizanlar üçün alman geyimində gəzmək özü də təhlükəli idi. Onları alman uniformasında görən hər hansı partizan da güllələyə bilərdi.
"Ağ qvardiyaçı"lar təlimdə olduqları üçün onların kazarmaları da boş idi.
Dostlar şəhərin küçələri ilə fikirli-fikirli addımlayır, əməliyyatı necə yerinə yetirəcəklərini düşünürdülər. Oberdman meydanında bir qədər gəzişdikdən sonra yaxınlıqdakı "Via qeqa" küçəsində yerləşən almanların əsgər evi, "Soldatenhaus"ları diqqətini cəlb edir. Qərara alırlar ki, ora gedib bəzi məlumatları öyrənsinlər. Mehdi həyətdə durub gözləyir, Mirdamət isə içəri keçib almanların hərəkətinə diqqət edirdi. Mirdamət növbə gözləyən adam kimi həyətə çıxıb əməliyyat üçün buranın çox əlverişli yer olduğunu deyir. Bomba yerləşdirmək üçün zala qalxan pilləkənin altı seçilir. Vaxt itirmədən partlayıcını pilləkənin altına yerləşdirib binanı tərk edərək yaxınlaşmaqda olan tramvaya tərəf tələsilər. Partizanlar növbəti dayanacaqda düşdükdən bir neçə dəqiqə sonra əməliyyatlarının uğurla baş tutduğuna şahidlik edirlər. Partizan qərargahına daxil olan məlumata görə, partlayış nəticəsində 450 nəfər alman faşisti ölmüş və yaralanmışdı.
Sonuncu əməliyyat
Mirdamətlə Mehdi birlikdə yeni əməliyyat planını qururdular. Dostların ikisinin bir hərbi motosikleti var idi. Partizanlar məlumat toplamaq məqsədilə Kosovello kəndinə getmək qərarına gəlirlər. Yolda onların qarşısına çıxan rabitəçi qız kəndə getməyin təhlükəli olduğunu bildirir. Xəbərdən həyəcanlanıb geri dönmək istəyənlər qəzaya uğrayırlar. Mehdinin sol dirsəyi, Mirdamət Seyidovunun baş barmağı ciddi zədələnir. Onlar idarəetməyə yaramayan motosikleti kolların arasında gizlədib rabitəçi qızın velosipedi ilə geri - Krayno-Voso kəndinə qayıdırlar.
İki gündən sonra bir nəfər xəbər gətirir ki, Mehdini, Yankonu, Mirdaməti saat 10 üçün ştaba çağırırlar. Mirdamət güclə yerisə də, ştaba getməsi vacib idi. O, Krayno-Vasko kəndindən olan Mariyadan velosipedini almaq qərarına gəlir. Mariya kənddə sloven uşaqlarına gizlincə ana dili dərsi keçirdi. Partizanlara da kömək edən Mariya velosipedini Mirdamət Seyidova verir. Mehdi və Yanko meşə ilə piyada, Mirdamət isə velosipedlə getməli olur.
Mirdamət dərəyə yaxınlaşanda 20 metrlik məsafədən iki nəfər almanın silahı ona tuşlayıb "gəl" işarəsi etdiyini görür. Almanları partizan yoldaşları Oskara bənzədib "Oskar, kauye" (Oskar nə olub?) soruşur. Qulağının dibindən güllə keçdiyini hiss edib meşəyə tərəf üz tutaraq var gücü ilə dağın zirvəsinə tərəf qaçır. Faşistlər Qradnıy kəndinə soxulub, dinc əhaliyə divan tutur, partizanların yerləşdiyi məktəb binasını darmadağın edir, məktəbi də yandırırlar. Rabitəçi qız Ketnerin dəstə üzvlərindən Mehdi və Yanko olmaqla 33 nəfər partizanın tutularaq Sejana şəhərinə aparıldığını bildirir.
Vaxt keçdikcə ara da sakitləşirdi. Bir gün günorta vaxtı Mirdamət kəndin kənarında çəmənlikdə qollarını başının altına qoyub uzanmışdı. Bu zaman başının üstündə alman formasında kiminsə dayanıb "Salam İvan" dediyini eşidib diksinir. Gələn Mehdi idi. O, Mehdini görüb çox sevinir, Yankonu soruşduqda Mehdi həbs olunan zaman ayrı düşdüklərini bildirir.
Mehdi ilə Mirdamət birlikdə Eqonun yanına gedirlər. Eqon Mehdidən, - Mixaylo Ketner bu gecə harada olacaq, - deyə soruşur. - Triyestin şimalında yerləşən Aurssina kəndində, - deyə Mehdi cavab verir.
- Parolu bilirsənmi?
- Bəli.
Eqon üzünü Mirdamətə tutub: "İvan Russki, sən də hazırlaş, əlavə bir nəfər də verəcəyəm. Bu gecə Ketner dəstəsi ilə birlikdə gəbərməlidir.
Mirdamət Mehdi ilə bərabər bir nəfər də yerli partizan əməliyyata tam hazır idilər. Ketner postun yaxınlığında yerləşən daş hasarla əhatələnmiş uzunluğu 50 metr olan birmərtəbəli binanı özünə qərargah etmişdi. Nəzarətçilər Mehdini tanıdığı üçün binaya girmək elə də çətin deyildi. Daş hasarı keçəndən sonra Mehdi Getnerin və əsgərlərinin yatdıqları otağı Mirdamətə göstərib əməliyyata başlayırlar. Gecəyarısı binaya girib əsgərlərin yatdıqları otağın qapısını açıb içəri baxırlar. Şərab içib iyverən əsgərlərin hərəsi bir tərəfə uzanıb daş kimi yatmışdı. Çox əlverişli məqam idi. Mehdi ilə Mirdamət hərəsi iki avtomat da götürüb Getnerin yatdığı otağın qapısını bağlayaraq binanı minalayıb, dəmir yolu yaxınlığında onları gözləyən partizan yoldaşları ilə ştaba üz tutdular…
Partizan Miliç Mariyo əsir düşür
Növbəti tapşırıq Triyestlə Sloveniyanı birləşdirən dəmir yolunu partlatmaq üçün "Lyaquşka" deyilən qurğunu dəmir yoluna yerləşdirmək barədə idi. Əməliyyatı yerinə yetirmək Mirdamət Seyidova tapşırılmışdı. Dəmir yolunda həlak olan komandirin bacısı Pyerina da partizanlara qoşulmuşdu. Mirdamət Seyidov əməliyyata Pyerina ilə birlikdə onun velosipedi ilə getdilər. O, özü ilə alman hərbi geyimini də götürmüşdü. Mirdamətlə Pyerina Seana şəhərinə çatıb Pyerinanın ər evində bir qədər istirahət etdikdən sonra Mirdamət alman hərbi formasını geyinib əməliyyata tam hazır vəziyyətə gəlmişdi ki, küçədə alman hərbi maşınlarının sürətlə şütüdüyünü gördü. Saat səkkizdən sonra qadağan saatı başlayırdı. O zaman yola çıxmaq çox təhlükəli idi. Partizanlar məcburiyyət qarşısında planı dəyişməli oldular.
Pyerinanın ata evi Qabroviçşa kəndində körpünün yaxınlığında idi. Evləri ilə üzbəüz almanların ştabı yerləşirdi. Körpüyə çatanda Mirdamət sol tərəfə dönüb meşəyə getməli idi. Lakin bu, mümkün olmadı. Əli avtomatlı iki alman əsgəri ona "dayan" əmrini verdi. Almanlar onun üst-başını axtardıqdan sonra Pyerinanın evinin yaxınlığındakı taxta bir köşkə salıb üstünə nəzarətçi qoydular. Kənardan bunu seyr edən Pyerina köşkə yaxınlaşaraq "İvan, İvan", - deyə onu çağırmağa başladı. Mirdamət Pyerinaya italyan dilində "Mən İvan deyiləm. Başa düşürsən, italyan Miliç Mariyoyam" cavabını verdi. Söhbətin nə yerdə olduğunu anlayan Pyerina, - Mariyo, sənin üçün nə edə bilərəm, - deyə soruşdu. "Sən kəndin qadınlarına xəbər ver, gəlsinlər almanlara başa salsınlar ki, mən partizan deyiləm. Yetim uşağam. Kənddə bir tikə çörək üçün onun-bunun qapısında işləyirəm", - dedi.
Əslində, Mirdamət gündüzlər cırıq-sökük paltarda özünü qapılarda işləyən fağır kimi göstərirdi. Səhərisi gün kəndin qadınları almanlara nə qədər dil töksələr də, xeyri olmadı. Bunu görən Mirdamət Pyerinaya dedi: "Məni buradan aparacaqlar. Partizanlara xəbər ver, onlar maşının yolunu kəsib məni xilas etsinlər".
Almanlar yazı-pozu işini tamamladıqdan sonra Prosekt qəsəbəsinə - almanların ştabına, oradan da Triyest şəhərinin Nitse küçəsində yerləşən faşistlərin Koreneoya türməsinə təhvil verdilər. Almanlar bir neçə gün onu burada sorğu-suala çəksələr də, partizan olmasını təsdiq edən bir cavab ala bilmirlər. O, əzbərlədiyi eyni sözü təkrar edirdi: "Qonşu Rupin-Pikolada kəndində anadan olmuşam. Atam Antonio alman ordusunda kapitan, anam Mariya da kübar bir ailənin qızı olub, alman dilini onlardan öyrənmişəm. Özüm də kəndlərdə fəhləlik edib birtəhər dolanıram".
Mayor düz-əməlli bir cavab ala bilməyəcəyini görüb makina ilə yazı yazan əsgərə Mirdaməti stula bağlamağı əmr edir. "Başla" əmrini alan əsgər elektrik məftillərini cərəyana qoşub Mirdamətin dizlərinə yaxınlaşdırır…
Faşist zabiti gücü yetdikcə "düzünü söylə, sən kimsən? Sən partizanlara işləyirsən?", - deyə bağırırdı. Mirdamət isə, - mənim partizanlarla heç bir əlaqəm yoxdur, - cavabını verirdi.
Müharibənin hər üzünü görən Mirdamət belə dəhşət yaşamamışdı. Nəhayət, işgəncə verən zabit yorulub başı ilə makinada yazan əsgərə işarə etdi: "Yazdıqlarını oxu".
Səhərisi gün dəmir yolu vağzalında dustaqları yük vaqonlarına dolduraraq qapısını bağlayırlar...
Mülhaym şəhərinə az qalmış məlum olur ki, amerikalılar şəhəri bombardman edir. Vaqonlardakı dustaqlara əmr olunur ki, vaqonlardan düşüb ağzıüstə uzansınlar. Bir neçə saata dəmir yolu bərpa edildikdən sonra hərəkət başlayır. Dustaqlar bir də Dahau şəhərində vaqonlardan düşürlər.
Dahau müharibə ərzində əsirlər üzərində tibbi eksperimentlər keçirilən düşərgələr arasında qəddarlığı ilə xüsusi ad çıxarmışdı. Henrix Himler və onun kimi yüksəkçinli rəsmilər vaxtaşırı Dahauda olur, əsrlər üzərində aparılan eksperimentləri izləyirdilər.
Bu ölüm düşərgəsi böyük bir ərazini əhatə edirdi. Darvazanın üstünə "Edimzainə" "cənnətə xoş gəlmisiniz" yazılmışdı. Burada dustaqları ilkin olaraq hamama aparır, dezinfeksiya etdikdən sonra başlarını milliyyətlərinə görə qırxırdılar. İtalyanları, rusları, polyakları başının ortasından arxaya doğru, qalanların başını isə bütövlükdə. Hamamdan çıxdıqdan sonra dustaqların hamısı bir geyimdə - zolaqlı şalvar-pencəkdə, başlarında papaq, ayaqlarında isə altı taxta üstü isə brezentdən olan başmaq olurdu. Onları həyətdə iki cərgə düzülən baraklara yerləşdirirdilər. Hər barakda adətən 50-60 dustaq olurdu. Üst-üstə düzülən çarpayılar bir nəfər üçün nəzərdə tutulsa da, hər çarpayıda iki dustaq yatırdı. Hər səhər baraklara doluşan "ölü komanda"sı çarpayıların arasında gəzir, ölən dustaqların ayağından tutub üst-üstə lapetlərə qalayaraq böyük bir peçdə yandırır, küllərini xüsusi qablara doldurub kübrə kimi satırdılar. Burada xidmət edənlər, yemək paylayanlar, əsirləri hamama aparanlar "ölü komanda"sı əsirlərin özündən təşkil edilmişdi.
Etiraf
Yəhudilərə olan münasibət isə tamam fərqli idi. Onları hamama aparmaq adı ilə soyundurub bir otağa yığıb, otağı qazla doldurub qətlə yetirirdilər.
Bu arada dustaqların arasında "Səpkili yatalaq" xəstəliyi yayılmışdı. Əmr gəlmişdi: "Kimin tibbi savadı varsa, hamamın qarşısına gəlsin". Mirdamət də bir neçə əsirlə birlikdə deyilən yerə getmişdi. Üç-dörd gündən sonra Mirdamət də oynaqlarında ağrılar, halsızlıq, bədənində qızdırma hiss etdi. Yanındakı partizan dostları Mirdamətin sağalması üçün əlindən gələni edirdilər. Bədəni 41 dərəcə qızdırmada alışıb yanan Mirdamət Seyidov ona tibbi yardım göstərən sloven Vrabeç Vladimirə dedi:
- Mən italyan deyiləm. Partizanlar mən ələ keçməyim deyə, mənə italyan - Miliç Mariyo adı veriblər. Sloveniyada isə məni "İvan Russki" çağırırdılar. Sloven də deyiləm. Əslən azərbaycanlı olan sovet zabiti və kəşfiyyatçısıyam. Mənə xarici pasportları da Dövlət Təhlükəsizlik Komitəsi verib. Xahiş edirəm, vətənə dönsən, orada de ki, İvan Russki öldü.
15 gün müddətinə sudan başqa heç bir qida qəbul edə bilməyən Mirdamətin on altıncı gün qızdırması düşüb səhhəti düzəlir. Saçları tökülüb həddindən artıq arıqlasa da, o, xəstəliyə qalib gəlmişdi.
117848 nömrəli əsir
Dahau ölüm düşərgəsinin bir qanunu da var idi. Almanlar ölümə məhkum olunan əsirlərin yaxasına rəngli parçadan hazırlanmış xüsusi lövhə tikirdilər. Eyni geyimdə olan məhkumları bir-birindən yalnız yaxalarındakı nömrə ilə ayırmaq olurdu. Məhkumları güllələməyə aparanda radio ilə yaxalarındakı rəqəmlə çağırırdılar.
Mirdamət ölüm düşərgəsində ukraynalı Aleksandr Kovalenko ilə dostluq edirdi. O, ixtisaca həkim idi. Kovalenkonun da yaxasında ölümə məhkum olanların lövhəsindən var idi. Hər gün radionun səsi eşidiləndə o da o dünyanı görüb gəlirdi. Mirdamətin nömrəsi 117848 idi. Bir gün radionun tükürpədici səsi eşidildi. Güllələnməyə çağırılanlar arasında 117848 nömrəli məhkum da var idi. Mirdamət ayağa qalxanda Aleksandrın ötkəmlə dediyi "otur" sözünü eşidib yerindən tərpənmədi. Sonra Aleksandr cəld ayağa qalxıb gecə canını tapşıran bir dustağın köynəyini çıxardıb Mirdamətə, onun 117848 nömrəsi yazılan köynəyini isə ölmüş dustağa geyindirdi...
1945-ci ilin 29 apreli. Səhər tezdən radio ilə əsirlərə xəbərdarlıq edilir: "Heç kəs barakdan bayıra çıxmasın". Bu isə o demək idi ki, güclü atışma olacaq. Qərbdən amerikanların, şərqdən rusların hücuma keçdiyi Dahauda top səsindən qulaq tutulurdu. Nə ruslar, nə də amerikalılar düşərgəyə xətər yetirir, əsirlərin təhlükəsizliyinə çalışırdılar. Keşikçi qülləsinin birinin pulemyotla vurulması hadisələri bir qədər də tezləşdirdi. Pərən-pərən düşən faşistlər artıq uduzduqlarını dərk edib müqavimət göstərməyi dayandırdılar. Bir qədər sonra qapılar açıldı, bir motosiklet, arxasınca da "Vilis" markalı hərbi maşın ölüm düşərgəsinin həyətinə daxil oldu. Avtomobildən düşən amerkalı qadın səs gücləndirici ilə, - Amerika ordusu Dahaunu azad etdi. Bu andan ibarət siz də azadsınız! - sözlərini deyəndə əsirlərin sevincdən az qalırdı ki, ürəkləri dayansın…
Yazını hazırlayarkən Mirdamət Seyidovun indi Almaniyada yaşayan kiçik qızı Liliana Seyidlə də əlaqə saxladıq. Lilana dedi: "Dahau əsirləri azad edildikdən sonra atam dərhal evə qayıtmayıb. Əvvəlcə o, pozulmuş sağlamlığını bərpa etməyə çalışıb. Sonra partizanlıq etdiyi yerlərə gedib, partizanların məşhur komandiri Arturo Kalabriya da daxil olmaqla, bir sıra komandirdən partizan olaraq döyüş tapşırıqlarını yerinə yetirməsi baradə sənədlər, sübutlar toplayıb.
Atam başa düşürdü ki, bu sənədlər olmadan onu Dahaudan heç də az təhlükəli olmayan sovet düşərgəsinə göndərə bilərlər. Çünki o, əsir düşmüşdü.
Vətənə qayıdandan sonra bu sənədləri, dəlilləri aidiyyəti orqanlara təqdim edib repressiyalardan xilas olsa da, onun ali təhsil almaq hüququnu məhdudlaşdırmışdılar. Atam ali təhsil almaq üçün Tibb İnistitutuna daxil olmaq arzusunda idi. Tibb İnstitutunda onun sənədlərini qəbul etmirlər.
Poliqlot olduğu üçün Xarici Dillər İnstitutuna müraciət etsə də, onu "söhbət"ə çağırıb bu istəyinin də mümkünsüz olduğunu izah edirlər. Arzularını reallaşdıra bilməyən atam Bədən Tərbiyəsi İnstitutuna daxil olmaq qərarına gəlir. Atam idmanı çox sevirdi, boksla məşğul olurdu, hətta respublika birinciliyində mükafatçı da olub.
İnstitutu bitirdikdən sonra bir müddət orta məktəbdə bədən tərbiyəsi müəllimi olaraq fəaliyyət göstərir. Bu arada anamla ailə qurur.
Bir məsələni də qeyd edim ki, atam vətənə dönəndən sonra repressiya olunmasa da, günü çox da rahat keçməyib. Onun haqqında imzasız məktublar yazıb faşistlərə işlədiyini deyirdilər. Atamı özünün bilmədiyi bir qüvvə qoruyurdu. Bu qüvvə Ümummilli Lider Heydər Əliyev idi. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik etdiyi zaman atamın həyatında yeni bir mərhələ başlayır.
Bu arada Yuqoslaviya səfirliyi öz arxivini açıb qəhrəmanlarını axtarmağa başlayır. Atamı Moskvaya çağırırlar və səfirlikdə ilk mükafatlarını, sənədlərini alır. Anamın məsləhəti ilə hüquq fakültəsinin qiyabi şöbəsində təhsil alıb polisdə işə düzəlir.
Buzovnada bağ evimiz vardı. Bir gün Daxili İşlər Nazirliyindən zəng vurub dedilər ki, evinizdə yanğın olub. Məlum olub ki, bunu "çörək mafiyası" adlanan cinayətkar qrup qisas məqsədilə edib.
Atamın DİN-də yerini dəyişib Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin rəisi təyin etdilər. Təqaüdə çıxana kimi orada çalışdı.
Vikipediyada atamla bağlı çoxlu səhvlər var. Atamın heç vaxt Veselin təxəllüsü olmayıb. Bu, "Uzaq sahillərdə" filminin yaradıcılarının bədii təxəyyülünün məhsuludur.
Atam Miliç Mario adı ilə almanlar tərəfindən həbs edilib və Dahau ölüm düşərgəsinə göndərilib. Sənədlərlə bu sübut olunur. Biz Azərbaycanın və minlərlə qəhrəmanımızın layiqli yer tutduğu Böyük Qələbənin 80 illiyini qeyd edirik. Qürurluyam ki, bu qələbənin qazanılmasında atamın da payı var.
Ötən əsrin 60-cı illərinin ortalarından sonra atam partizan yoldaşlarını və onların ailə üzvlərini ziyarət etmək üçün dəfələrlə Yuqoslaviyaya və İtaliyaya getmişdi. Onlar da bizə gəlirdilər. İtaliyadan Milena xalanın, Yuqoslaviyadan Sonya xalanın və Albin dayının gəlişini unutmaq mümkün deyil. Biz mütəmadi olaraq Yuqoslaviyadan məktublar alırdıq və zərfdə Mirdamət Seyidovun adının yanında həmişə onun partizan təxəllüsü - İvan Russki də yazılırdı.
Təqaüddə olan prokurorluq işçisi Əmrulla Şirvanov da Mirdamət Seyidov haqqında məlumatları bizimlə bölüşdü. O dedi: "Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin partizan yoldaşı Mirdamət Seyidovla qısa müddət ərzində də olsa, yoldaşlıq etmək mənə də qismət olub. 1981-1983-cü illərdə Sabirabad rayon prokurorluğunda müstəntiq işləyirdim. Mənzilim olmadığı üçün köhnə bir binada yerləşən mehmanxanada qalırdım. Mirdamət Seyidovla da o zaman tanış olduq. O özünü Daxili İşlər Nazirliyindən rayon milis şöbəsinin sahə müvəkillərinin fəaliyyətini yoxlamağa gəlmiş polkovnik Mirdamət kimi təqdim etdi, iki-üç gün qonağımız olacağını, mənimlə qalacağını bildirdi.
Mirdamət Seyidov ucaboylu, ciddi simalı bir adam idi, azərbaycanlıya az oxşayırdı. Elə ilk dəqiqələrdən ağır təbiətli, təmkinli adam olduğunu hiss etdim. Tanış olandan sonra "ev yiyəsi" kimi ona qayğı göstərdim, söhbətimizin alındığını hiss etdim, siması işıqlandı. Amma hələ də onun müharibə iştirakçısı, əsir düşüb əsir düşərgələrində olması, Mehdi Hüseynzadə ilə bir partizan dəstəsində fəaliyyət göstərdiyini bilmirdim. Əvvəllər harada işləməsi ilə maraqlandım. O, bir neçə idarənin adını çəkdi. Müharibə iştirakçısı olduğunu bilən kimi harada, hansı cəbhələrdə döyüşdüyünü soruşdum.
Mən sovet sərkərdələrinin əksəriyyətinin memuarlarını oxumuşdum. Onlar haqqında bildiklərimi Mirdamət Seyidova danışanda, bu mövzu ona xoş gəldi. Müharibə mövzusu bizi daha da yaxınlaşdırdı. O, müharibə illərində iştirak etdiyi cəbhələrdən, hərbi hissələrdən, komandirlərdən, döyüş yoldaşlarından, azərbaycanlı və digər respublikalardan olan hərbçilərin bir qisminin rus dilini bilmədikləri üçün yaranmış çətinliklərdən, əsir düşməsindən, əsir düşərgələrində çəkdiyi əzab-əziyyətdən danışdı. Ondan Mehdi haqqında danışmağı xahiş etdim. O, Mehdinin çox cəsur, qorxmaz olduğunu bildirdi.
Mən Veselinin kim olduğunu, onunla yoldaşlıq edib etmədiyini soruşanda, onun rəngi tutuldu, dərindən nəfəs aldı. Az sonra dedi, Veselin qarşındadır. Mən çaşdım, dedim, başa düşmədim. Təkrar dedi ki, Veselin qarşındadır. Mən çaşıb qalmışdım. Mənə dedi ki, yoldaş Şirvanov, kitabda, filmdəki həmin Veselin mənəm! Adımı kitaba və filmə salmadıqları üçün narazı qaldım, xaricə getmək istədim. İcazə vermədilər...
Rəhmətlik şox ötkəm, sözü üzə deyən, heç kimdən, heç nədən çəkinməyən bir adam idi. Dörd ildən çox davam edən müharibənin bütün əzab-əziyyətini, əsirliyin, partizan həyatının hər üzünü görmüş bu adam başqa cür ola da bilməzdi. Belə adamlar dünyaya çox az gəlirlər...
Allah onu rəhmət eləsin. Ruhu şad olsun!
Elşən QƏNİYEV,
"Azərbaycan"