25 Avqust 2022 01:30
1736
Mədəniyyət
A- A+
Unikallığı ilə Qafqaz bölgəsində seçilən Diri Baba türbəsi

Unikallığı ilə Qafqaz bölgəsində seçilən Diri Baba türbəsi

 

Xalqımızın yüz illərdir ki, müqəddəs hesab edib ziyarətinə getdikləri misilsiz abidələrdən biri də Diri Baba türbəsidir. Abidə Şirvan-Abşeron memarlığına aiddir. Orta əsr Azərbaycan memarlığının ən diqqətçəkən nümunələrindəndir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonuna səfər zamanı Diri Baba türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış oldular. 
Bakı-Şamaxı magistral yolunun 1,5 kilometrliyində yerləşən, 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən Diri Baba türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. İkimərtəbəli türbə, yaxınlığında yerləşən bir neçə mağara və kaha, Orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir.
Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli  sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına və regional turizm klastrının yaranmasına töhfə verəcək.
Abidənin tarixi-mədəni əhəmiyyəti ilə yanaşı, turizm potensialı qiymətləndirilərək, həmçinin antropogen və təbii amillərin təsiri ilə deqradasiyaya uğramasının qarşısını almaq məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb.
Ərazidə bulaq, qurbangah və söhbətgah tikilib, meydan döşəməsi yenilənib, türbəyə qalxan pilləkənlər yenidən üzlənib, ərazi abadlaşdırılaraq oturacaqlar quraşdırılıb. Eyni zamanda türbədə gecə işıqlandırılması təmin edilib, kommunikasiya xətləri qurulub və yenilənib. Bununla bərabər, sel sularını axıdan kanal bərpa olunub, türbə kompleksinin ətrafı çəpərlənib, həmçinin 20 yerlik avtodayanacaq tikilib.
Burada XV əsrə aid və abidənin ayrılmaz tərkib hissəsi olan tarixi qəbiristanlığın ərazisində 40 qəbir tədqiq edilib və annotasiyası hazırlanıb. Qəbiristanlığın ərazisi abadlaşdırılıb. Şeyxlərdən birinin türbəsi aşkar edilərək arxeoloji işlər aparılıb. Abidənin ətrafındakı 8 mağara tədqiq olunub, onlardan bir neçəsi turistlərin ziyarət edə bilməsi üçün təmizlənərək hazır vəziyyətə gətirilib. Bu abidənin daş kitabəsi tədqiq edilərək rəqəmsal surəti çıxarılıb.
Prezident İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində Qobustan rayonundakı Diri Baba türbəsində aparılan yenidənqurma işlərindən də danışdı. Dövlət başçısı vurğuladı: "Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, onun ətrafında turizm infrastrukturu yaradılsın. Diri Baba türbəsi öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə ki, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək. Onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir".
Qeyd edək ki, türbə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

 

Nəhəng "qartal yuvası"na bənzəyən memarlıq nümunəsi

 

Orijinal memarlıq xüsusiyyətləri, tikinti kompozisiyasının bənzərsizliyi və təbiətlə bağlılığına görə Azərbaycan memarlığı tarixində xüsusi yer tutan Diri Baba türbəsinin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi qeyd edilib: "Hicri 805-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib".
Günbəzin içəri tərəfində beş yerdə memarın adı qeyd olunsa da, baxımsız qaldığı vaxtlarda həmin hissələr silinib. Divarlarda sadəcə, "Ustad Hacı oğlu" yazısı qalıb.  
Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri Baba türbəsi əsrlər boyu səyyahların da marağına səbəb olub. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, XVII əsrin sonlarında Mərəzədən keçən holland səyyahı Kornelius Devrin və digər səyyahlar yol qeydlərində abidədən bəhs edib və rəsmini çəkiblər. Rəsmlərdə türbənin təsviri tam əks olunub. Amma əsrlər ötdükcə abidənin görkəmi dəyişib.
XVII əsrdə Mərəzəyə səyahət edən türk səyyahı Övliya Çələbi Diri Baba barədə yazıb: "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir "Mərizat" adını daşısa da, əhali arasında "Pir Mərzə", "Pir Mirza" da adlanır. Amma səhihi "Pir Mərizat"dır, yəni "Diri Baba" adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin "Mərizat" sözü fars danışıq dilində "bükülmüş" mənasını verir. Həqiqətdə isə yüksək bir dağın ətəyində böyük, əzəmətli asitanə içrə bir guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə kəmər bağlayıb çöməlib oturur. Müqəddəs simaları qibləyə baxır. Mübarək başı sövmənin bir qayasına dayanıb durur. Hələ də vücudu bəyaz pambıqtək çürüməyib tər-təzə qalır..."
Mənbələrdə qeyd olunur ki, 1636-1637-ci illərdə Şamaxıya səyahət edən Holştiniya hersoqluğunun elçisi, səyyah Adam Oleari Diri Baba türbəsinə gəlib. Türbə haqqında qısa məqalə yazıb, qara qələmlə türbənin rəsmini çəkib.
XVII əsrdə Rusiya imperiyasından xüsusi səlahiyyətli şəxslər gəlib, öz maraq dairələrində abidəni tədqiq ediblər.
XIX əsrin 60-cı illərində Peterburq Universitetinin professoru, şərqşünas B.Dorn özünəməxsus memarlıq nümunəsi olan bu qalanı nəhəng "qartal yuvası"na bənzədib.

 

Diri Baba barədə ehtimallar, fərziyyələr, rəvayətlər...

 

Türbə barədə müxtəlif fərziyyələr, mülahizələr söylənilib. Rəvayətlərdən birinə görə, türbədə sufi şeyxi Baba dəfn edilib. Son günlərini hücrəyə çəkilib ibadətlə keçirən şeyx müqəddəs kitabdan ilahi kəlamlar oxuyarkən vəfat edib. Müridləri bir neçə gün sonra Şeyx Babanın dünyasını dəyişdiyini biliblər. Onu həmin günlərdə diri zənn etdiklərindən qəbri üzərində tikilən türbəyə Diri Baba türbəsi deyiblər.
Türbədə Şeyx İbrahim Xəlillullahın dövründə yaşamış birinin dəfn olunduğu ehtimal edilir. Rəvayətə görə, şahın dövründə yaşamış Şeyx Məhəmməd adlı şəxs burada ibadət edib. O, ibadət zamanı səcdədə dünyasını dəyişib, meyiti 300 il çürüməyib.
Sovet Ensiklopediyasında belə məlumat verilib: "Ehtimala görə, mağarada Diri Baba türbəsinin memarı basdırılıb".
F.Deminski yazıb: "Ərəbqədimlilər Qafqaza ilkin gəlişləri ilə əlaqədar belə söyləyirlər ki, Məhəmməd özünü peyğəmbər elan edən zaman onun əmisi Əbu Ləhəb, əmisi oğlanları Əbu Cəhl və Əbu Sufyan onu öldürmək qərarına gəldilər. Bunun ardınca Allah Qurana "Abtar" surəsini göndərdi. Əbu Ləhəbin oğlu Əmir müsəlmanlığı qəbul etmişdi. Onun Məhəmmədə yaxın hesab edilən Atam və Akam adlı iki oğlu var idi. Peyğəmbərin Məkkədən Mədinəyə qayıtmasından sonra Atam başçılıq etdiyi dəstə ilə Şirvana gəlmişdi. Atam burada ölüb, cəsədi isə Mərəzə kəndinin yaxınlığındakı Diri Baba türbəsində uyuyur. Şirvanda, xüsusilə də Şamaxı-Qobustan ərazisində ərəb mənşəli kəndlər çoxdur. Ərəbqədim də belə kəndlərdən biridir və kəndin bir qolu indinin özündə də İbn Əmirlər adlanır. Tarixi mənbələr, görkəmli alimlərin apardıqları tədqiqatlar ərəbqədimlilərin Atam ibn Əmir ilə bağlılığını rəvayət yox, həqiqət olduğunu söyləməyə əsas verir. Bütün bunlara əsasən belə bir qənaət yaranır ki, Atam ibn Əmir yaxın qohumu Məhəmməd peyğəmbərin yolunu tutmuş, peyğəmbərin şəcərəsinə mənsub adamlar tərəfindən əsası qoyulan və geniş yayılan sufiliyin Xəlvətiyyə təriqətinin nümayəndələrindən olub. O da Xəlvətiyyə adəti ilə öz qohumu Məhəmməd peyğəmbər kimi yaşadığı ərazinin yaxınlığındakı mağaraya çiləyə çəkilirmiş. Növbəti çilə vaxtı vəfat etdiyinə görə, onu qəlbən Allahla tək qaldığı məkandan ayırmamış, oradaca dəfn etmişlər. Bundan sonra bura ziyarətgaha çevrilib".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

PSJ-nin qələbəsindən sonra Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780-ə çatıb  

19:23
31 May

İçərişəhərdə yeni idman meydançasının açılışı olub

18:47
31 May

ABŞ-nin Türkiyədəki səfiri Trampın Suriya və İraq üzrə xüsusi elçisi olacaq  

18:33
31 May

Türkiyədə yeni dron monitorinq sistemi tətbiq ediləcək

17:13
31 May

Media: İran “Cənubi Pars” yatağında qaz hasilatını bərpa edib

16:57
31 May

Ağdamda “Qarabağ I Uşaq Kitab Festivalı”

16:39
31 May

Azərbaycan Hava Yollarının heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib

15:26
31 May

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

14:57
31 May

İyunun ilk günündə gözlənilən hava proqnozu açıqlanıb YENİLƏNİB

14:47
31 May

İran son 24 saat ərzində Hörmüz boğazından 28 gəminin keçdiyini açıqlayıb

14:29
31 May

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

14:19
31 May

Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm MÜSAHİBƏ 

14:04
31 May

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

12:56
31 May

Şahdağa qar yağıb - Faktiki hava

12:17
31 May

NATO rəsmisi: Alyans üzvləri zəruri şərait yaranarsa, Hörmüz boğazının açılmasına dəstək verə bilər  

11:16
31 May

Türkiyədə sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 33-ü yaralanıb

10:37
31 May

Media: ABŞ-nin pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub

10:23
31 May

Nigeriyada vəbadan ölənlərin sayı 37-yə çatıb

10:09
31 May

Donald Tramp: İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb

09:42
31 May

Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

09:26
31 May

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

09:08
31 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!