Ukraynalılar bundan sonra komendant saatı zamanı sərbəst hərəkət edə biləcəklər, lakin yalnız “Yenilməz məntəqələrə” çatmaq mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal “Telegram”da məlumat verib.
O qeyd edib ki, Ukraynanın energetika sektoruna Rusiyanın kütləvi hücumları səbəbindən fövqəladə vəziyyət elan edilib. Bu, ilk növbədə, paytaxt, regionlar və icmalardakı bütün xidmətlər arasında maksimum koordinasiyanı təmin etmək üçün lazımdır.
“Baş nazirin birinci müavini və energetika naziri kimi mənə fövqəladə vəziyyətin nəticələrinə cavabdehlik məsuliyyəti həvalə edilib”, -deyə Şmıqal qeyd edib.
Onun sözlərinə görə, hökumətlə birgə bir sıra vəzifələr müəyyən edilib, o cümlədən enerji sektorunda fövqəladə hallarının nəticələrinin aradan qaldırılması üzrə qərargahın, Kiyev şəhəri və Kiyev vilayətinin elektrik enerjisi sistemləri üzrə qərargahın işini gücləndirmək həvalə olunub. Artıq hər iki qərargahın ilk iclasları keçirilib və komendant saatı zamanı ictimai hərəkət qaydaları dəyişdirilir. İnsanlar, gecə saatları da daxil olmaqla, “Yenilməz məntəqələrə” çatmaq üçün sərbəst hərəkət edə biləcəklər.
Hökumət ehtiyat enerji avadanlıqlarının şəbəkəyə qoşulmasının mümkün qədər tez bir zamanda yenidən nəzərdən keçirilməsini və sadələşdirilməsini tövsiyə edir. Layihənin nəzərdən keçirilməsi və təsdiqlənməsi və texniki şərtlərin alınması, həmçinin ölçmə qurğusunun yoxlanılması və möhürlənməsi iki gün çəkir. Ehtiyat avadanlıqları vacib infrastrukturun zəruri ehtiyacları nəzərə alınmaqla bölgələr arasında yenidən bölüşdürüləcək. Dövlət şirkətləri, ilk növbədə, “Ukrzaliznitsa” (Ukrayna Dəmir Yolları) və “Naftogaz” Milli Səhmdar Cəmiyyəti 2025-2026 payız-qış dövründə ümumi istehlakın ən azı 50%-ni təşkil edən idxal elektrik enerjisinin alınmasını təcili olaraq təmin etməlidir.
Bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski şiddətli şaxtalar və Rusiyanın hava hücumlarının başlamasından sonra yaranan çətin vəziyyət səbəbindən ölkənin bəzi şəhərlərində və icmalarında komendant saatlarının ləğv edilə biləcəyini açıqlayıb.
Bundan əlavə, Zelenski enerji obyektlərinə Rusiyanın hava hücumları səbəbindən enerji sektorunda fövqəladə vəziyyət elan edilməsi qərarının qəbul edildiyini bildirib.