Türk Dövlətləri Təşkilatı (TDT) regional əməkdaşlıq üçün vacib bir vasitəyə çevrilir. Bu barədə Hudson İnstitutunun baş analitiki Lyuk Koffi ABŞ-ın nüfuzlu “The National Interest” jurnalında dərc olunmuş məqaləsində yazıb. AZƏRTAC xəbər verir ki, amerikalı ekspertin sözlərinə görə, ABŞ böyük dövlətlərin ciddi rəqabəti dövründə daha çox rəqabətqabiliyyətli olmaq istəyirsə, TDT ilə daha sıx şəkildə əlaqə saxlamalıdır. O vurğulayıb: “İndi Prezident Donald Tramp üçün məhz bu əlaqələri möhkəmləndirmək baxımından ən uyğun zamandır. O, vəzifəyə qayıtdığı ilk ildə ABŞ-ın regiondakı maraqlarını inkişaf etdirməyə sadiq olduğunu nümayiş etdirdi, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinə vasitəçilik etdi. Bu irəliləyiş sayəsində potensial olaraq Türkiyənin Mərkəzi Asiyanın türk ölkələri ilə əlaqələrini yaxşılaşdıracaq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan yeni bir nəqliyyat dəhlizi açıla bilər. Bu marşrut Ermənistan da daxil olmaqla bütün regiona fayda verə biləcək yeni ticarət, tranzit və iqtisadi imkanlara səbəb olacaq”.
Lyuk Koffi TDT-nin yaranması tarixi, təşkilata üzv ölkələr barədə amerikalı oxuculara ətraflı məlumat verib. O əlavə edib: “Təşkilatda yer alan ölkələr dünyanın geosiyasi cəhətdən ən vacib bölgələrindən birində yerləşir. Ümumilikdə, TDT üzvləri və müşahidəçi dövlətlər təxminən 1,6 milyon kvadrat mil ərazidə 160 milyondan çox insanı təmsil edir və onların ÜDM həcmi 2 trilyon dollara yaxınlaşır. Bu dövlətlər, həmçinin əhəmiyyətli neft və təbii qaz ehtiyatları, eləcə də nadir torpaq minerallarının mühüm yataqları da daxil olmaqla əhəmiyyətli təbii sərvətlərə malikdir. Bundan əlavə, onlar dünyanın ən vacib ticarət mərkəzlərinin və tranzit yollarının, o cümlədən Türkiyə boğazlarının, Orta Dəhlizin və Azərbaycandakı Gəncə dəhlizinin kəsişməsində yerləşir. Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən əsas neft və qaz boru kəmərləri, fiber-optik kabellər və avtomobil yolları şəbəkələri bu dəhlizlərdən keçir”.
Məqalədə TDT ölkələri tərəfindən 2024-cü ildə təsdiqlənmiş 34 hərfli ortaq türk əlifbasının yaradılması təklifi, eləcə də milli dillərin istifadəsinə üstünlük verilməsi də diqqətə çatdırılır. “Eyni zamanda, TDT öz ambisiyalarını genişləndirməyə başlayıb. Təşkilatı birləşdirən mədəni məsələlərlə yanaşı, siyasi dairələr indi daha dərin iqtisadi inteqrasiyanı, hətta sadələşdirilmiş gömrük dəhlizi kimi mövcud təşəbbüslərə əsaslanan gömrük ittifaqına bənzər bir sistemin yaradılması istiqamətində addımları müzakirə edirlər. Bu il Qəbələdə keçirilən TDT sammitində Azərbaycan ilk dəfə olaraq təhlükəsizlik əməkdaşlığının vacibliyini vurğuladı. Bu, təşkilat üçün əhəmiyyətli bir dəyişiklik olardı, həm də regionun geosiyasi reallıqları fonunda belə bir addım labüddür”, -deyə ekspert qeyd edib.
Məqalənin sonunda qeyd olunur: “TDT üzvləri aparıcı güclər arasında balanslaşdırılmış xarici siyasət yürüdürlər. ABŞ-ın daha fəal iştirakı onların bu tarazlığı qorumaq qabiliyyətini gücləndirə bilər. Eyni zamanda, təşkilatın özü Avrasiya məkanındakı azsaylı geosiyasi qütblərdən birinə çevrilir və Vaşinqtonun nöqteyi-nəzərindən bu, əks-hücum qüvvəsi kimi çıxış edir.
Lakin ABŞ ilə TDT arasındakı münasibətlər avtomatik olaraq yaranmayacaq. Onlar məqsədyönlü səylər və daimi diqqət tələb edəcək. TDT ilə əlaqə qurmaqdan imtina etmək geosiyasi səhlənkarlığa bərabər olardı və böyük güclərin rəqabəti dövründə Amerikanın maraqlarına xidmət etməzdi”.