Dünya miqyasında qlobal güc mərkəzlərində dəyişikliklər, güc balansında sürüşmələr və zəifləmə meyilləri müşahidə olunur. Bu proseslər fonunda beynəlxalq sistemin yenidən formalaşdığı görünür. Eyni zamanda, bəzi böyük dövlətlərin əvvəlki geosiyasi təsir imkanlarının nisbətən azalması ilə bağlı müzakirələr də getdikcə genişlənir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk politoloq İsmail Cingöz deyib.
Onun sözlərinə görə, yeni geosiyasi reallıqlar, eyni zamanda, regionların strateji əhəmiyyətini artırır və beynəlxalq münasibətlərdə güc mərkəzlərinin yenidən müəyyənləşdirilməsi tendensiyasını gücləndirir. “Bu kontekstdə Azərbaycan–Türkiyə strateji əməkdaşlığının rolu xüsusi önəm kəsb edir, iki ölkənin yerləşdiyi regionun strateji əhəmiyyəti artır. Ölkələr arasında formalaşan müttəfiqlik münasibətləri təkcə ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal geosiyasi proseslərdə mühüm amil kimi çıxış edir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional inteqrasiya layihələri baxımından Azərbaycan–Türkiyə birliyi Avrasiya məkanında strateji körpü rolunu daha da gücləndirir. Ümumilikdə dəyişən qlobal nizam şəraitində Azərbaycanın və Türkiyənin əməkdaşlığı yeni geosiyasi arxitekturanın formalaşmasında mühüm istiqamətlərdən biri kimi dəyərləndirilir”, - deyə politoloq bildirib.
İ.Cingöz qeyd edib ki, regional əhəmiyyətin artması Türk Dövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiyadan Avropaya qədər uzanan coğrafiyada inteqrasiya proseslərinin gücləndirilməsi perspektivlərinin ön plana çıxması ilə özünü büruzə verir.
“Bəzi baxışlara görə, Türkiyə və Azərbaycan bu prosesdə mühüm körpü rolunu oynayaraq yeni çoxqütblü dünya nizamının formalaşmasında əhəmiyyətli aktorlardan birinə çevrilə bilər. Eyni zamanda, enerji təhlükəsizliyi, alternativ marşrutlar və nəqliyyat dəhlizləri baxımından Türkiyə–Azərbaycan əməkdaşlığının strateji əhəmiyyəti daha da artır. Şuşa Bəyannaməsi ilə rəsmiləşən Azərbaycan–Türkiyə hərbi əməkdaşlığının gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da genişlənərək institusional xarakter alması ehtimalı da müzakirə mövzusu olaraq qalır.
Yaxın Şərq və Cənubi Qafqazda baş verən proseslər regionun geosiyasi baxımdan daha həssas, eyni zamanda, daha strateji məkana çevrildiyini göstərir. Bu vəziyyət dövlətlərin beynəlxalq sistemdə mövqelərini yenidən müəyyənləşdirməsini şərtləndirir. Ümumilikdə, formalaşmaqda olan yeni qlobal nizamda Çin-Azərbaycan-Türkiyə-Böyük Britaniya xətti və Türküstan coğrafiyası ətrafında çoxqütblü sistemin konturları daha aydın görünür”, - deyə politoloq əlavə edib.