Aprelin 15-i Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Bu əlamətdar gündə biz böyük alimin zəngin elmi irsini, insanlara bəxş etdiyi şəfa və ümid dolu ömrünü dərin ehtiramla yad edirik.
Zərifə xanım Əliyeva bütün həyatını Azərbaycan səhiyyəsinin inkişafına həsr etmiş, oftalmologiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə tibb tariximizdə silinməz iz qoymuşdur. Onun traxoma kimi ağır xəstəliyə qarşı apardığı məqsədyönlü mübarizə nəticəsində bu sosial bəlanın ölkəmizdə aradan qaldırılması mümkün olmuşdur. Eyni zamanda qlaukoma və digər göz xəstəliklərinin öyrənilməsi istiqamətində apardığı tədqiqatlar müasir oftalmologiyanın inkişafına mühüm töhfələr vermişdir.
Akademik Zərifə Əliyeva həm böyük alim, həm də yüksək mənəvi keyfiyyətlərə malik, insanlara sevgi və qayğı ilə yanaşan nəcib şəxsiyyət idi. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, o, “insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”. Bu fikirlər Zərifə xanımın zəngin daxili aləmini və onun insanlara bəxş etdiyi mənəvi işığı aydın şəkildə ifadə edir.
Ulu Öndər həmçinin vurğulayırdı ki, “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim və ictimai xadim olaraq əsl insanlıq zirvəsinə yüksəlmişdir”. Bu dəyərlər onun həyat və fəaliyyətinin əsasını təşkil etmiş, onu cəmiyyət üçün əvəzsiz bir örnəyə çevirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Zərifə xanımın şəxsiyyətinə yüksək dəyər verərək qeyd edir ki, onun həyat fəlsəfəsinin əsasında uşaqlıqdan formalaşan xeyirxahlıq, şəfqət və insanlara sevgi dayanırdı. Cənab Prezidentin sözləri ilə desək, “insan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir” və Zərifə xanım bu dəyərləri bütün həyatı boyu yaşadaraq ətrafına ötürmüşdür.
Eyni zamanda cənab Prezident İlham Əliyev Zərifə Əliyeva haqqında dərin duyğularla bildirir ki, o, son günlərində belə məğrurluğunu qoruyaraq, həyatı boyu olduğu kimi, insanlara sevgi və qayğı hissi ilə yaşamışdır. “Onu sakitləşdirən məhz yaxşılıq idi” fikri Zərifə xanımın həyat amalını ən dolğun şəkildə ifadə edir.
Akademik Zərifə Əliyeva həm də böyük pedaqoq və elm təşkilatçısı kimi Azərbaycan səhiyyəsində mühüm rol oynamış, yüzlərlə gənc həkimin yetişməsinə töhfə vermişdir. Onun elmi əsərləri, monoqrafiyaları və dərs vəsaitləri bu gün də öz aktuallığını qoruyaraq mütəxəssislər üçün dəyərli mənbə olaraq qalır.
Bu gün Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti onun ideyalarının və elmi məktəbinin uğurla davam etdirildiyini göstərir. Onun zəngin irsi Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamaqda davam edir.
Akademik Zərifə Əliyevanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onun həyat yolunu gələcək nəsillər üçün parlaq nümunə hesab edirik. Onun adı Azərbaycan tarixində daim uca tutulacaq, xatirəsi isə xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Fatma YILDIRIM,
Milli Məclisin deputatı