Dövrünün ən məşhur aktrisalarından olan Hökumə Qurbanova 1913-cü il iyunun 11-də Bakıda dünyaya gəlib. Atası Abbasəli Qurbanov, anası Malikat xanım uşaqlarının mükəmməl təhsil almalarına çalışırdılar. Evdə qoyduqları möhkəm qaydalar, uşaqlarına qarşı tələbkarlıqları da bunun üçün idi.
Hökumə Qurbanovanın oxuduğu 38 saylı qız məktəbində, sonra isə 33 saylı məktəbdə musiqi, ədəbiyyat, dram, tikiş, idman dərnəkləri fəaliyyət göstərirdi. Valideynləri övladlarının həmin dərnəklərdə məşqlərinə nəzarət edirdilər.
Ata-anası incəsənəti çox sevirdilər. Ancaq Hökumə Qurbanovanın teatr sənətinə, səhnəyə kiçik yaşlarından maraq göstərməsinin səbəbi yalnız bu sevgi deyildi. O, uşaqlıqdan teatr sənəti barədə söhbətlərin, müzakirələrin, mübahisələrin şahidi olmuşdu. Və bunlar sadəcə, teatr həvəskarlarının söhbətləri deyildi. Hökumə xanımın anası Malikat xanım görkəmli bəstəkar Müslüm Maqomayevin bacısı idi. Onlar uzun müddət Qubernski (indiki Füzuli) küçəsində Müslüm bəyin olduğu evdə yaşamışdılar. Balaca Hökumə xanım hər gün dayısının otağını qonaq-qaralı görürdü. Kiçik yaşlarından böyük sənətkarların teatr barədə fikirlərini dinləyirdi. Onların söhbətləri Hökumə Qurbanovanın yaddaşına həkk olunurdu.
Ömrünün ən şirin, unudulmaz xatirələrindən biri ilk dəfə teatra Müslüm bəylə getdiyi gün idi. “Leyli və Məcnun” tamaşasına baxdılar. O gün səhnədə gördüklərini Hökumə Qurbanova günlərlə xəyalında yenidən canlandırdı, sanki Məcnunun yanıqlı səsi onu hər yerdə müşayiət edirdi.
Bakı Pedaqoji Texnikumuna daxil olan Hökumə xanım 1931-ci ildə həmin məktəbdə təhsilini başa vurdu. Təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirdi. İki il konservatoriyanın fortepiano sinifində oxudu. Dramaturq və teatr xadimi Cəfər Cabbarlının təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna da həmin illərdə çəkildi.
Hökumə xanım fortepiano sinfində oxuduğu zaman Ələsgər Ələkbərovla tanış olur. Dostluqla başlanan münasibətləri sonra məhəbbətə çevrilir. Onlar evlənəndə Ələsgər Ələkbərov artıq 6-7 il idi ki, Bakı Türk İşçi Teatrının aktyoru idi. Onu 1927-ci ildə, 17 yaşında bu teatra dəvət etmişdilər. Gənc aktyorun ailəsinin maddi vəziyyəti ağır olduğu üçün qızını ona vermək istəməyən Malikat xanım nəhayət Hökumə xanımın inadkarlığı qarşısında güzəştə getməli olur.
1933-cü ilin yanvarında Azərbaycan Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürüldü. Gənc ailə də həmin şəhərə getdi.
Tezliklə teatrın yeni məkanda daha yüksək səviyyədə fəaliyyət göstərməsinə kömək etmək üçün Abbas Mirzə Şərifzadə Bakıdan Gəncəyə gəldi. Aktyorların əksəriyyəti teatr işçiləri üçün ayrılmış xüsusi binada qalırdı. Abbas Mirzə Hüseyn Cavidin "Şeyx Sənan" pyesini tamaşaya hazırlayırdı. Teatrın binası təmirdə olduğu üçün və darısqallıq ucbatından məşqlər tez-tez onun mənzilində keçirildi. Hökumə Qurbanova o günləri sonralar belə yada salmışdı: “Bizim mənzilləri nazik bir divar ayırdığı üçün məşqlərin gedişini, rejissorun qeydlərini, məsləhətlərini hər dəfə əvvəldən-axıradək aşkar eşidirdim. Özümün də xəbərim olmadan burada keçən bütün məşqlərin iştirakçısı olurdum. Xumar rolunun ifaçısı o qədər də həssas, çevik olmadığına, ləng işlədiyinə görə rejissor vaxtının çoxunu ona və Xumara aid parçaların təkrar məşqlərinə sərf edirdi. Mən bir müddətdən sonra ayılıb gördüm ki, Xumar rolunu əzbər bilirəm. Rolu günü sabah oynamağa hazıram. Abbas Mirzənin rejissorluğu ilə Xumar "hazırlamışam". Bu qəribə əhvalatı uzun illər bir mən bildim, bir də Ələsgər Ələkbərov. Üstündən 23 il keçəndən sonra Dram Teatrında "Şeyx Sənan" tamaşası hazırlananda Xumar rolunda məşq və çıxış edəndə tez-tez o qəribə hadisəni və o böyük sənətkarı minnətdarlıqla xatırlayırdım. Mən aktrisa olmaq arzusunu ilk dəfə həmin gizli məşqlərdən sonra duydum..."
Hökumə Qurbanovanın aktrisalıq istedadı Abbas Mirzənin də diqqətini cəlb edirdi. Amma onun məşqlərdə iştirakı Ələsgər Ələkbərovda qısqanclıq hissi yaradırdı. Hökumə xanım da yaraşıqlı həyat yoldaşını teatrda deyib-güldüyü, məşq etdiyi qızlara qısqanırdı. Aralarında yaranan bu qısqanclıq, inciklik getdikcə güclənirdi. Bu evliliyi onların yeganə qızları Nailənin varlığı da qurtara bilmədi. Cütlük 1933-cü ilin oktyabrında Bakıya dönən kimi ayrıldı. Onlar boşanandan sonra Ələsgər Ələkbərov evləndi. Bir müddət sonra Hökumə xanım da teatrın baş rəssamı Nüsrət Fətullayevlə ailə qurdu. Onlar 25 ilə yaxın bir yerdə ömür sürdülər. Vəfa adını verdikləri qızları oldu. Lakin uzun illik ailə həyatı bu dəfə də boşanma ilə bitdi. Hökumə Qurbanova özündən 17 yaş kiçik olan aktyor Gündüz Abbasovla böyük bir məhəbbət yaşadı.
Abbas Mirzə Şərifzadə, Adil İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi istedadlı rejissorlarla çalışan Hökumə Qurbanova yeni-yeni rollara dəvət almağa başladı. Çünki o, istedadlı aktrisa, gözəl, məğrur qadın idi. Səhnədə tayı-bərabəri yox idi. Hökumə Qurbanovanın oynadığı hər rol bir yaradıcılıq məktəbi idi. Aktrisalığa başladığı ilk illərdən ən məşhur, ən parlaq rolları ifa edə bilərdi. Ancaq çalışdığı Akademik Milli Dram Teatrının qüdrətli aktyoru, keçmiş həyat yoldaşı Ələsgər Ələkbərov onunla bir yerdə səhnəyə çıxmaq istəmirdi, bununla da istər-istəməz Hökumə xanımı baş rollardan məhrum edirdi.
Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən H.Qurbanova sonralar bu kollektivin əvəzolunmaz aktrisası kimi məşhurlaşdı. O, oynadığı rollar barədə deyirdi: "Mən oynadığım qəhrəmanların heç birinə bənzəmirəm. Axı onların hərəsi bir fərddir. Doğrudur, hadisələr, dramatik vəziyyətlər arasında bənzərlik, oxşar zahiri əlamətlər tapmaq mümkündür. Lakin bütün bunların müqabilində onlar hardasa bir-birindən fərqlənir və ya digər keyfiyyətləri ilə seçilirlər”.
Hökumə Qurbanova Akademik Milli Dram Teatrının səhnəsində "Şeyx Sənan"da Xumar, "Səyavuş"da Südabə, "Antoni və Kleopatra"da Kleopatra, "Fərhad və Şirin"də Şirin, "Od gəlini"ndə Solmaz, "Eşq və intiqam"da Zöhrə, "İnsan"da Səhər və daha neçə-neçə rollar oynadı. Onunla eyni tamaşada çıxış etməyi gənc aktyorlar özləri üçün böyük xoşbəxtlik hesab edirdilər. Çünki Hökumə xanımdan öyrənirdilər.
Ancaq sənətin zirvəsinə yüksəlməsi ona yalnız sevgilər, pərəstişkarlar bəxş etmirdi. Ona paxıllıq edənlər də çox idi.
Hökumə Qurbanova “Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarmı?"da Kəmalə xanım, "İnsan məskən salır"da Ana rollarına çəkildi. Kinorejissorlar nədənsə onu daha böyük rollara dəvət etmədilər. Ancaq 1950-1960-cı illərdə çəkilən filmlərin əksəriyyətində baş rolları Hökumə Qurbanova və Əli Zeynalov səsləndirirdi.
Hökumə xanım kinodan fərqli olaraq, teatrda layiq olduğu rolları ifa edə bildi. Sənəti də dövlət tərəfindən layiqincə qiymətləndirildi. 1943-cü ildə Azərbaycanın Əməkdar artisti, 1960-cı ildə Xalq artisti, 1965-ci ildə isə SSRİ Xalq artisti fəxri adlarına layiq görüldü.
Onun sənət yolunu davam etdirən, Akademik Milli Dram Teatrının istedadlı aktrisası olan sevimli qızı Vəfa Fətullayevanın sağalmaz xəstəliyə tutulması və 42 yaşında dünyadan köçməsi Hökumə Qurbanovanın qəlbinə sağalmaz yara vurdu. Qızından bir il sonra - 1988-ci il noyabrın 2-də vəfat etdi. Məzarı Fəxri xiyabandadır.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”