05 Iyul 2023 10:15
754
Mədəniyyət
A- A+

Tanınan soyadın tanınmayan nümayəndəsi

 

Dövlət Tarix Arxivində Aleksandrinski qadın rus-müsəlman məktəbinin məzunu, dövrünün tanınmış qadın pedaqoqlarından sayılan Qumru xanım Molla Məhəmməd qızı Nərimanovanın həyat və pedaqoji fəaliyyəti haqqında xeyli sənədlər qorunub saxlanılır. Arxivin “Bakı - Dağıstan xalq məktəblərinin rəhbərliyi” adlı 309 saylı fondunda bu maarifçi xanımın şəxsi işi mövcuddur. 
Q.Nərimanova Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi N.Nərimanovun əmisi Molla Əlimirzənin nəvəsidir. Azərbaycanın bir sıra digər qadın pedaqoqları kimi Qumru xanımın da həyat və pedaqoji fəaliyyəti demək olar ki, indiyə qədər kifayət qədər öyrənilməmişdir. Doğrudur, tarix elmləri doktoru Sabir Gəncəlinin vaxtilə işləyib hazırladığı və 2001-ci ildə “Azərbaycan” nəşriyyatında işıq üzü görmuş “Qadın, Gözəllik və Ülviyyət” adlı ensiklopedik toplunun “Nərimanovlar soyadının davamçıları” adlı bölməsində Q.Nərimanova haqqında müəyyən məlumatlar qeyd edilmişdir. Lakin XX əsrin əvvəllərində fəaliyyət göstərmiş bir sıra digər qadın pedaqoqlar kimi bu xanım haqqında da cəmiyyətimizdə demək olar ki, kifayət qədər məlumat yoxdur. İndiyədək dərc olunmuş ensiklopediyalarda və ya digər kütləvi nəşrlərdə onun adına rast gəlinmir. Halbuki Qumru xanım Nərimanovanın pedaqoq olaraq Azərbaycanda qadın və qızların məktəbə cəlb edilməsində, onların savadlanmasında, savadsızlığın aradan qaldırılmasında, eləcə də mədəni-maarif işinin inkişafında rolu və xidmətləri olmuşdur. Qumru xanım ömür yoldaşı ilə birlikdə Bakıda və İmişlidə yaşadıqları zaman bir sıra orta məktəblərdə pedaqoji fəaliyyətini davam etdirmişdir. O, ömrünün yarım əsrdən artıq bir dövrünü mədəni-maarif işi ilə məşğul olmuş, hətta “Lenin” ordeninə layiq görülmüşdür.
Arxiv materiallarını araşdırarkən Qumru xanım Nərimanovanın həyatı və pedaqoji fəaliyyəti haqqında müəyyən sənədlər aşkar edilmişdir. Qumru xanım 1892-ci il noyabrın 3-də Tiflisdə anadan olmuşdur. Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə ünvanladığı 3 yanvar 1912-ci il tarixli məktubda bildirilirdi ki, məktəb komissiyası özünün 19 dekabr 1912-ci il tarixli iclasında I şəhər qadın rus-tatar məktəbində müəllimə vəzifəsinə Qumru xanım Nərimanovanı seçmişdir. Həmin məktubda müəyyən məlumatlar da təqdim edilirdi: “Milliyyətcə tatarkadır (yəni azərbaycanlı qızdır - R.S.), şiə məzhəblidir, 20 yaşı var, 1908-ci ildə Bakı Aleksandrinski qadın rus-müsəlman məktəbinin təlim kursunu bitirmişdir. Kladbişenskoy və Pozenovskoy küçələrinin tinindəki Cəfərovların 10 nömrəli evində yaşayır”.
Digər arxiv sənədində göstərilirdi ki, Qumru xanım Nərimanova 18 fevral 1915-ci ildə Bakı şəhərində Xalq məktəblərinin Bakı-Dağıstan Direksiyasının 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə ərizə ilə müraciət edərək ailə vəziyyətindəki dəyişiklik haqqında məlumat təqdim etmişdir. Bildirirdi ki, 1915-ci il fevralın 5-də Şuşa şəhər sakini Həbib Kərbəlayi Əli oğlu Kərimovla qanuni nikaha daxil olub. O, taleyini Almaniyada ali mühəndis təhsili almış görkəmli mütəxəssis Həbib Kərimovla bağlamışdır. Həbib bəy Azərbaycanda süd-pendir müəssisələrinin əsasının qoyulmasında və inkişafında böyük rol oynamışdır. Qumru xanım da ömür yoldaşı ilə birlikdə Bakıda, İmişlidə yaşadıqları illərdə xalq maarifi işində çalışmış, bir sıra orta məktəblərdə Azərbaycan dilindən dərs demişdir. Onların bu nikahdan 1915-ci il avqustun 13-də Murad adlı oğlu dünyaya gəlmişdi.
Qumru xanım Nərimanova H.Z.Tağıyevin rus-müsəlman qız məktəbinin bir qrup tanınmış müəllimələri, o cümlədən Hənifə xanım Məlikova, Məryəm xanım Sulkeviç, Asiya Nərimanova, Minə Rəhimova, Ayna Musabəyova və başqaları ilə birgə pedaqoji fəaliyyət göstərmişlər. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda milli ziyalı qadın elitasının yaranmasında, maarifçilik tariximizdə dünyəvi qadın təhsilinin inkişafında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin böyük xidmətləri danılmazdır. Bu məktəbi bitirmiş onlarla azərbaycanlı qız sonrakı dövrlərdə xalqımızın mədəni tərəqqisində, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak etmişdir. Keçmiş Rusiya İmperiyasında müsəlman qızlar üçün ilk dəfə olaraq Hacı Zeynalabdin Tağıyev tərəfindən Bakıda açılmış məktəbin fəaliyyəti 1918-ci ilin martında daşnak-bolşevik dəstələri tərəfindən azəbaycanlılara qarşı törədilmiş soyqırımı zamanı dağıdılmışdır. Cümhuriyyət dövründə də bu məktəbi bərpa etmək mümkün olmamışdı. Lakin bütün bunlara baxmayaraq, danılmaz bir faktdır ki, XX əsrin əvvəllərində yetişən ziyalı azərbaycanlı qadınların böyük əksəriyyəti bu məktəbin pedaqoqları və məzunları idilər. Ölkəmizdə qızların və qadınların məktəbə, təhsilə cəlb edilməsində qadın təhsilinin inkişafında rolu və iştirakı olmuş maarif fədailərinin, o cümlədən Qumru xanım Nərimanovanın da xidmətləri xalqımız tərəfindən unudulmur, böyük hörmət və ehtiramla yad edilir. Qumru xanım ictimai-mədəni həyatda da fəal olmuş, dəfələrlə Bakı şəhər Sovetinə deputat seçilmişdir. 

Rafiq SƏFƏROV,
Milli Arxiv İdarəsinin baş məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video