13 Mart 2026 09:05
120
Mədəniyyət
A- A+
Uçurum

Uçurum


Azərbaycanın ziddiyyətli siyasi simalarının 37-ci il faciələri


Sovet imperiyasının 1930-cu illərdə tətbiq etdiyi siyasi mübarizə, idarəetmə üsulları və həyata keçirmək istədiyi "dövlət quruculuğu" bütün mahiyyəti ilə bəşəriyyətin minilliklər ərzində formalaşmış dəyərlər sisteminə zərbə oldu. Sovet cəza maşınının amansızlıqla fəaliyyət göstərdiyi həmin illər minlərlə insanın, o cümlədən azərbaycanlıların qanı ilə tarixə yazıldı. 

İmperiya cəlladları, demək olar ki, hamını eyni bir "cinayət"də - "vətənə xəyanət"də ittiham edib alovların içinə atırdılar. Həmin dövrdə elə hadisələr baş verirdi ki, onların gerçək mahiyyətini,  səbəblərini insan şüuru ya ümumiyyətlə qavraya bilmir, ya da çox çətin qavrayırdı. O illərdə ən görkəmli ziyalıların, ən ağıllı mütəxəssislərin taleyi cəmi 15 dəqiqəlik  məhkəmə proseslərində həll edilirdi. Verilən hökm əksər hallarda güllələnmə ilə nəticələnirdi. Sürgünlük nə qədər ağrılı, işgəncəli olsa da, bu cəzaya məhkum edilənlər ölümün pəncəsindən qurtulduqlarına görə şükürlər edirdilər. Niyə? Təəssüf ki, bu sistemin ideoloqları bu cür suallara cavab vermək istəmirdilər və əslində, heç cavabı da yox idi. Bu, sadəcə olaraq, insanlığını itirmiş bir ovuc cəlladın fəaliyyət strategiyasının əsasını təşkil edirdi.

Repressiyaya uğrayan ziyalıların əksəriyyəti 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın nümayəndələri idi. Həmin qurultayda respublika rəhbərləri, nazirlər, komitə sədrləri də var idi. Arxiv materiallarından göründüyü kimi, İnoqamov Özbəkistanın, Perenqliyev Türkmənistanın, Mustafa Quliyev Azərbaycanın xalq maarif nazirləri idilər. Moskvalı nümayəndə Naqovitsın RSFSR-in sosial təminat naziri, Baraxov Yakutiya Xalq Komissarları Şurasının sədri, Qorxmazov Dağıstan Nazirlər Sovetinin sədri, əslən Qubadan olan azərbaycanlı Məmmədbəyov Dağıstanın, Mirzə Davud Hüseynov Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının xalq maliyyə nazirləri olmuşlar.

1937-ci ildə İnoqamov da, Perenqliyev, Quliyev, Naqovitsın, Baraxov, Qorxmazov, Məmmədbəyov, Mirzə Davud Hüseynov da "xalq düşməni" kimi güllələniblər. Siyahıda Həmid Sultanov,  Qəzənfər Musabəyov da vardı.


"Köhnə bolşevik"


Həmid Sultanov Azərbaycanın sovetləşməsi dövrünün ən nüfuzlu və ziddiyyətli siyasi simalarından biri olmuşdur. Gənc yaşlarından fəhlə hərəkatına qoşulmuş, 1907-ci ildən "Hümmət" təşkilatının üzvü idi. O, Bakı fəhlələrinin tətillərində fəal iştirak etmiş, çar rejiminə qarşı gizli fəaliyyət göstərdiyi üçün dəfələrlə həbs olunmuşdur. 1917-ci ildən sonra bolşevik ideyalarının Azərbaycanda yayılmasında əsas təşkilatçılardan biri kimi tanınmışdır.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasında H.Sultanov böyük rol oynamışdır. O, cümhuriyyət hakimiyyətinin devrilməsini tələb edən ultimatumu parlamentə təqdim edən şəxslərdən biri idi. Sovet hakimiyyəti qurulduqdan sonra yüksək dövlət postlarında çalışmış Həmid Sultanov 1920-1921-ci illərdə Daxili İşlər Xalq Komissarı vəzifəsində olarkən köhnə rejimin qalıqlarına qarşı sərt mübarizə aparmışdır. O, 1925-1927-ci illərdə ZSFSR-in MİK katibi olarkən dövlətin qanunvericilik və idarəetmə strukturunda mühüm qərarlara imza atmış, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri kimi çalışaraq bölgənin idarə edilməsində ciddi rol oynamışdır. 1937-ci ildə H.Sultanov Azərbaycan SSR Kommunal Təsərrüfatı komissarı vəzifəsində işləmişdir.

Bu dövlət xadimi yalnız hərbi və siyasi işlərlə deyil, həm də Azərbaycanın  modernləşməsi ilə məşğul olmuşdur. Xüsusilə savadsızlığın ləğvi, qadınların cəmiyyətə inteqrasiyası və əlifba islahatı (latın qrafikasına keçid) məsələlərində fəallıq göstərmişdir. I Türkoloji Qurultaydakı fəaliyyəti də məhz bu mədəni quruculuq işlərinin tərkib hissəsi idi.

Həmid Sultanov möhtəşəm tədbirin Təşkilat Komitəsinin üzvü olmuş, qurultayın rəyasət heyətində yer almışdır. Həmin dövrdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü və digər yüksək vəzifələrdə çalışan H.Sultanov qurultayın ən önəmli qərarlarından biri olan ərəb əlifbasından latın qrafikalı yeni türk əlifbasına keçidi dövlət səviyyəsində dəstəkləyənlərdən olmuşdur. H.Sultanov həm də qurultayın siyasi xəttinin və sovet ideologiyasına uyğunluğunun təmin edilməsində "köhnə bolşevik" kimi mühüm rol oynamışdır.

O, "köhnə qvardiya" bolşeviklərindən olsa da, 1930-cu illərin ortalarında Stalin repressiyalarından qurtula bilməmiş, "əks-inqilabi fəaliyyət" və "millətçilik" kimi ittihamlarla həbs edilmişdir. 1938-ci ildə həyat yoldaşı, Azərbaycanın ilk qadın xalq komissarı Ayna Sultanova ilə birlikdə güllələnmişdir. 1950-ci illərdə isə bəraət almışdır.


İttihamları rədd etsə də, güllələndi


SSRİ-də, ZSFSR və Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutmuş dövlət xadimlərindən biri də Qəzənfər Musabəyovdur. O, 1911-ci ildə Bakı gimnaziyasını,1919-cu ildə Kiyev Universitetinin Tibb fakültəsini bitirmişdir. 1929-1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri vəzifəsində çalışmış, bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmişdir. Lakin həmin rejim onu "xalq düşməni" kimi ölüm hökmünə  məhkum etmişdir.

Arxiv sənədlərindən məlum olur ki, Q.Musabəyov ona qarşı irəli sürülən ittihamları boynuna götürməsi üçün məruz qaldığı saysız-hesabsız işgəncələr nəticəsində artıq özünü idarə edə bilmirmiş. 1937-ci il iyul ayının 25-də SSRİ Xalq Daxili İşlər Komissarlığı onu Moskva şəhərindəki evində həbs edir. 1931-1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Xalq Komissarları Sovetinin sədri vəzifəsində işlədiyi nəzərə alınaraq, o, Tbilisiyə gətirilir. Həmin il avqustun 2-də Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsinin 3-cü şöbəsinin rəis müavini Viner tərəfindən arayış tərtib edilir: "1889-cu ildə anadan olmuş, Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sabiq sədri Musabəyov Qəzənfər Mahmudoviç əks-inqilabçı terrorçu və casusluq təşkilatının rəhbəri kimi ifşa olunub. Arayışa Çiçinadze, Getmanov, Xeçuyan və başqalarının ifadələri əlavə edilib".

1937-ci ilin avqustundan oktyabrınadək aparılan dindirilmə zamanı Q. Musabəyov ona qarşı sürülən bütün ittihamları rədd edib. 1937-ci il oktyabrın 29-da onunla sorğu-sualı Krimyan aparıb. Q.Musabəyov türk əks-inqilabi millətçi təşkilata rəhbərlik etdiyini etiraf edib və bu işdə yaxından iştirak edən 24 nəfərin də adını çəkib. 1937-ci il dekabrın 28-də verdiyi ifadədə Q. Musabəyov millətçi əks-inqilabi-terrorçu təşkilat rəhbərləri sırasına Mirbəşir Qasımovun da adını əlavə edib, bu antisovet mərkəzlərin Almaniya, Yaponiya və İran xəfiyyə orqanları ilə gizli əlaqə saxladığını bildirib. 1938-ci il fevralın 8-də Gürcüstan SSR XDİK yanında Xüsusi Üçlüyün qərarı ilə Qəzənfər Musabəyov güllələnməyə məhkum edilib.

Xüsusi qeyd olunmalıdır ki, Qəzənfər Musabəyov 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın həm təşkilatçısı, həm də əsas rəsmi simalarından biri olmuşdur. O, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin (MİK) sədri kimi qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsinə rəhbərlik etmişdir. 1926-cı il fevralın 26-da İsmailiyyə binasında qurultayın açılışında təbrik nitqi ilə iştirakçıları salamlamışdır. Q.Musabəyov öz çıxışlarında qurultayın qarşısında duran mühüm vəzifələri, xüsusilə türk xalqlarının dili, tarixi və mədəniyyəti ilə bağlı ortaq problemlərin həlli zərurətini vurğulamışdır. O, ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid prosesinin ən fəal tərəfdarlarından və bu islahatın dövlət səviyyəsində həyata keçirilməsinə cavabdeh olan şəxslərdən biri idi. Bu insanın da həyatı saxta ittihamlarla yarıda qırılmışdır. 


"Biz qoymarıq ki, sən öz əcəlinlə gəbərəsən..."


1937-ci ildəki qurultayda Mircəfər Bağırov qəzəblənərək həkim, ictimai xadim, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri, inqilabçı və publisist Sultanməcid Əfəndiyevə demişdi: "Əfəndiyev, biz qoymarıq ki, sən öz əcəlinlə gəbərəsən. Biz vaxtında sənin axırına çıxacağıq, sənə divan tutacağıq". Doğrudan da sonradan ona divan tutuldu. O, əcəli ilə deyil, döyülərək, işgəncələrə məruz qalaraq güllələnib öldürüldü.

Onun həyatı, siyasi fəaliyyəti və publisistikası ilə tanış olanda aydın görünür ki, sovet hökumətinin quruculuğu, inkişafı üçün sözün əsl mənasında var qüvvəsi ilə çalışmışdı. Sonda isə bütün varlığı ilə bağlı olduğu həmin rejim onu "düşmən" kimi qələmə verib məhv etmişdi.

Sultanməcid Əfəndiyev 1887-ci ildə Şamaxıda anadan olub. 1904-cü ildən RSDFP üzvü, RSDFP Bakı Komitəsi yanında Hümmət qrupunun rəhbərlərindən olub, burada Məmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Nəriman Nərimanovla yaxın dostluq əlaqələri qurub.

Birinci Rus İnqilabında fəal iştirak edərək zəhmətkeşlər arasında təbliğat aparan S.Əfəndiyev inqilabi və antiçarizm fəaliyyətinə görə təqiblərə məruz qalıb. O, 1907-ci ilin fevral ayında Kazana sürgün olunub, daha sonralar Kazan Dövlət Universitetindən məzun olub həkimlik peşəsinə yiyələnib. S.Əfəndiyev burada da kommunist təbliğatı aparmağa davam edərək, fəhlələr arasında inqilabi işi gücləndirib.

1918-ci ilin 31 mart hadisələri dövründə S.Əfəndiyev "Jizn Nasionalista" qəzetində bu haqda məqalə çap etdirib. 1919-cu ilin avqustunda Həştərxanda dəmir polka daxil olub, bir qədər sonra RK(b)P MK yanında Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi bürosunun sədr müavini təyin edilib. 1919-cu ilin iyunundan Milli işlər üzrə xalq komissarlığı yanında Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar olub. 1921-ci ilin yanvar ayında Xalq Maarifi Komissarlığı yanında Əlifba İslahatı üzrə Komissiya, az sonra - 1922-ci ilin mayında Yeni Türk Əlifba Komitəsi yaradılanda onun tərkibində Əfəndiyev də olub.

Yeni əlifba uğrunda mübarizədə S.Əfəndiyev fəallığı ilə seçilib. I Türkoloji Qurultayda latın qrafikasına keçidi qətiyyətlə müdafiə edən nümayəndələrdən biri idi. O, çıxışlarında latın əlifbasının türk xalqlarının tərəqqisi və kütləvi savadlanma üçün ən əlverişli vasitə olduğunu vurğulamışdır. Əleyhdarlara qətiyyətli cavablar vermişdir. O, ərəb əlifbasının saxlanılmasını istəyən mühafizəkar qüvvələrin arqumentlərinə qarşı çıxış etmiş, yeni əlifbanın texniki və iqtisadi üstünlüklərini qeyd etmişdir. Dövlət xadimi kimi, qurultayı "Şərq xalqlarının oyanışı" və elmi-mədəni inteqrasiya platforması kimi qiymətləndirmişdir. 

O, qurultayda Azərbaycan SSR-in rəsmi nümayəndəsi kimi iştirak edərək, tədbirin siyasi və inzibati səviyyədə uğurla keçməsinə kömək etmişdir. Əfəndiyev bu tədbirdə türk dünyasının ortaq elmi və mədəni gələcəyi üçün radikal, lakin dövrünə görə mütərəqqi addımların atılmasını vacib sayırdı.

1937-ci ilin repressiyası ondan da yan keçməmişdir. Onu evindən aparıblar. Həyat yoldaşı Zivər xanımın xatirələrinə görə, Sultanməcid Əfəndiyevin istintaqı çox ağır keçib. Onu M.Bağırov özü işgəncələrlə dindirib. Axırıncı istintaq zamanı elə hala düşüb ki, onu xərəklə aparmalı olublar. Bu zaman M.Bağırovun ürəyi soyumur və əmr edir ki, müttəhimi xərəkdən yerə atsınlar. Belə də edirlər. Ölümcül haldaykən onu güllələyirlər.


Rejimin daha bir qurbanı


Tənqidçi, ədəbiyyatşünas, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Mustafa Zəkəriyyə oğlu Quliyev 1893-cü ildə Şəki şəhərində anadan olub. Burada ibtidai və realnı məktəbi, Tiflisdə gimnaziyanı bitirib. Kiyev Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb. 

Tələbəlik dövründə inqilabi hərəkata qoşulub, RK(b)P Kiyev komitəsi müsəlman bölməsinin sədri seçilib. Bakıda, Azərbaycan bolşeviklərinin gizli fəaliyyətində iştirak edib. Lənkəran qəzasında yerli bolşeviklərin köməyi ilə kəndlərdə partiya özəkləri yaradıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə Lənkəran qəza inqilab komitəsinin sədri, 1921-1922-ci illərdə AK (b)P Qaraşəhər rayon komitəsinin katibi, 1922-1928-ci illərdə Azərbaycan SSR Xalq maarifi komissarı, 1923-1926, 1929-1932-ci illərdə "Maarif və mədəniyyət", onun xələfi "İnqilab və mədəniyyət" jurnallarının məsul redaktoru vəzifələrində işləyib. 

M.Quliyev RK (b)P XI Qurultayında iştirak edib, Zaqafqaziya partiya təşkilatının bir qrup nümayəndəsi ilə Leninin qəbulunda olub. Moskvada Kommunist Akademiyasını bitirəndən sonra Qarayazı MTS-nin siyasi şöbə rəisi, Qazaxıstanın Çimkənd Şəhər Partiya Komitəsində katib, Odessa Vilayət Partiya Komitəsində şöbə müdiri işləyib, Azərbaycan  MİK, Zaqafqaziya MİK, AK (b)P MK və BK üzvü seçilib. 

Onun "Ə.Əbdülhəsənin "Dünya qopur" romanı haqqında", "S.Vurğun yaradıcılığı yüksəliş yolunda", "Sabir füqəra  şairidir", "Yoldaş Nərimanov haqqında", "Azərbaycanda teatro və teatr məsələləri", "Hazırkı Azərbaycan ədəbiyyatı haqqında", "M.F.Axundovun yaradıcılığı", "Simurğun bədii yaradıcılığı", "Hüseyn Cavidin "Uçurum"u",  "Zaqafqaziya xalqlarının mədəni birliyi", "Ədəbiyyat cəbhəsində mübarizə" və s. klassik və müasir Azərbaycan ədəbiyyatına dair məqalələri,  "Oktyabr və türk ədəbiyyatı" kitabı mədəni irsə münasibətdə, sovet ədəbiyyatının nəzəri məsələlərində vulqar sosiologizm meyillərinə baxmayaraq, Azərbaycan sovet ədəbi tənqid və ədəbiyyatşünaslığının ilk nümunələri kimi qiymətlidir. Bunlar Azərbaycanda marksist estetika və ədəbi tənqidin yaranmasında və inkişafında faydalı olmuşdur. 1937-ci ildə Ukrayna K(b)P Odessa Vilayət Komitəsinin Məktəb və elm şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Mustafa Quliyev 1937-ci ilin iyulunda Azərbaycanla bağlı əks-inqilabi millətçi qruplaşmanın rəhbəri olması ittihamı ilə Ukrayna Xalq Daxili İşlər Komissarlığının Odessa Vilayət İdarəsi tərəfindən həbs edilmiş, avqustun 4-də Bakıya gətirilmişdir. Dekabrın 1-də xalq düşməni adı ilə partiyadan çıxarılmış, 3 iyul 1938-ci ildə isə güllələnmişdir. Bunlar Mustafa Quliyev haqqında qısa bioqrafik məlumatlardır.

M.Quliyev 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın təşkilində və işində mühüm rol oynayan görkəmli ictimai-siyasi xadim, publisist və maarifçi olmuşdur. O, qurultayda Azərbaycan nümayəndə heyəti adından Rəyasət Heyətinin fəxri üzvü seçilmişdir. Əli bəy Hüseynzadə, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Vilhelm Tomsen kimi dünyaşöhrətli alimlərlə birlikdə qurultayın fəxri üzvləri və rəhbərliyi sırasında yer almışdır. O dövrdə Azərbaycan SSR-in xalq maarif komissarı kimi Mustafa Quliyev qurultayın yüksək səviyyədə təşkili üçün ciddi səy göstərmişdir. Mötəbər tədbirin əsas müzakirə mövzularından biri olan ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid məsələsində fəal mövqe tutmuş və bu islahatın tərəfdarı kimi çıxış etmişdir. Qurultayda türk xalqlarının mədəni və elmi inteqrasiyası, terminologiyanın vahidləşdirilməsi və təhsil sisteminin müasirləşdirilməsi məsələlərinə toxunmuşdur. Mustafa Quliyevin bu tarixi hadisədəki iştirakı onun həm siyasi xadim, həm də türk dünyasının elmi-mədəni birliyi ideyalarına sadiq bir ziyalı olduğunu nümayiş etdirir.

Ən yaxşı və bacarıqlı partiya rəhbərləri olan bu insanlar uğrunda mübarizə apardıqları rejim tərəfindən məhv edilmişlər, onlara əks-inqilabçı, millətçi, pantürkist damğası vurulmuşdur. Onlar kommunist ideyalarının işıqlı gələcəyinə bütün varlıqları ilə inanmışdılar. Uzun illər bu yolda çalışmış və mübarizə aparmışdılar. Amma sədaqətlə xidmət etdikləri quruluş bu insanlara xilaf çıxmış, bütün əziyyətlərini və əməklərini danmaqla kifayətlənməyib, onları ləkələmiş, şərləmiş və ölümə məhkum etmişdir. Bu, bir uçurum idi.  


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

Yel baba 

09:00
13 Mart

Qubanın Novruz adətləri

08:55
13 Mart

"Cıdır tamaşaları"

08:50
13 Mart

Qədimdən qədim yeni gün

08:45
13 Mart

Ermənistan geosiyasi dönüş nöqtəsindədir

08:40
13 Mart

Türkiyə və Azərbaycan regionun təhlükəsizliyi məsələsində bir yerdədirlər

08:35
13 Mart

Naxçıvandan sülh və qətiyyət mesajı

08:30
13 Mart

Azərbaycan-Avropa İttifaqı: iqtisadi əməkdaşlığın yeni mərhələsi

08:25
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!