İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Tovuz rayonunda aqrar sahə sürətlə inkişaf edir. Dövlətin təsərrüfat sahiblərinə verdiyi dəstəkdən yararlanan tovuzlular hər ili uğurla yola salır, bol kənd təsərrüfatı məhsulları istehsal etməklə ölkəmizdə ərzaq təhlükəsizliyinin qorunmasında əllərindən gələni əsirgəmirlər.
Əvvəlki illərdə olduğu kimi, keçən il də bütün sahələr üzrə yüksək göstəricilər qazanan fermerlər 139,1 hektar bağdan 21 min ton meyvə, 49,5 hektar sahədən 1000 tonadək giləmeyvə toplamışlar ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. Digər sahələrdə də yüksək göstəricilər qazanılmışdır. 1087,3 hektar tərəvəz sahəsinin hər hektarından 208 sentner olmaqla 22620,7, 23 hektar bostan sahəsinin hər hektarından 191,3 sentner olmaqla 440 ton məhsul toplanmışdır.
Rayonda üzümçülük də sürətlə inkişaf edir. Bunun üçün rayonlaşdırılmış üzüm sortlarından ibarət yeni plantasiyalar salınır. Həyata keçirilən tədbirlər nəticəsində üzüm bağlarının sahəsi 808 hektara çatdırılmışdır ki, onun da 14,5 hektarı bu il salınan bağlardır. Plantasiyaların 668 hektarı süfrə üzümüdür.
Respublikamızda ikinci ən böyük kartof istehsalçısı olan Tovuz rayonunda keçən il 6 min 748,7 hektardan 174 min 453,5 ton məhsul yığılmışdır. Orta hesabla hər hektardan 258,5 sentner məhsul götürülmüşdür. Hazırda rayonda kartofçuluqla məşğul olan çoxlu sayda fermer təsərrüfatı var. Onların təsərrüfatlarında min tonlarla məhsul istehsal olunur.
Rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanılması da mümkündür. Bu məqsədlə rayonda 22 min 500 ton tutumu olan soyuducu anbar kompleksi inşa edilmişdir. Loqistik mərkəz kimi fəaliyyət göstərən bu obyekt regionda kartofçuluğun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Hazırda Tovuz rayonunda 40-a yaxın soyuducu anbar fəaliyyət göstərir. Təsərrüfat sahibləri bu anbarların gücündən maksimum istifadə etməyə çalışırlar. Onlar hər il yetişdirdikləri məhsulu anbarlara yığmaqla qış mövsümündə satışını həyata keçirir və nəticədə daha çox qazanc əldə edirlər.
Rayonda ən çox kartof istehsalı ilə məşğul olan fermer Sakit Yəhyayev deyir ki, böyük təsərrüfatı var. Hər il bu təsərrüfatda tonlarla kartof və müxtəlif bostan bitkiləri istehsal edilir. İstehsal olunmuş məhsulların soyuducu anbarlarda saxlanması ona xeyli xeyir gətirir.
Aşağı Quşçu kənd sakini Sabit Cəfərov deyir ki, soyuducu anbarların xidmətindən istifadə etmək onlar üçün sərfəlidir. Məsələn, yığım vaxtı üzümün qiyməti 50-60 qəpik olursa, sonrakı aylarda bu qiymət ikiqat artır. Bu səbəbdən onlar yığım vaxtı məhsulun bir hissəsini soyuducu anbarlarda saxlayırlar ki, qış aylarında sərfəli qiymətə satsınlar.
Bəzi fermerlər isə soyuducu anbarlardan istifadə etmirlər. Bunlar kiçik təsərrüfatı olanlardır. Bağ kiçik olduğundan məhsul da az olur. Ona görə də sahədə satış mövsüm vaxtı həyata keçirilir. Fermer Vüqar Nəsirov: “Bizim üzüm bağımız var. Sahəm az olduğuna görə məhsulu yerində satıram. Ona görə də soyuducu anbarlardan indiyədək istifadə etməmişəm. Gələcəkdə bağın sahəsini genişləndirsəm, soyuducu anbarların xidmətindən istifadə etməyi planlaşdırıram”.
Fermer Kərəm Səfərovun 700 tonluq soyuducu anbarı var. Üç kameradan ibarət anbarda əsasən xurma və kartof saxlanılır. Söhbət zamanı dedi ki, icarəyə də məhsul götürürük: “Öz məhsulumuzu da anbarda müəyyən qədər saxlayırıq. Xurma yeşiklərinin birinin saxlanması xərci iki ay müddətinə 1 manat 20 qəpikdir”.
Gənc fermer olmasına baxmayaraq, bu sahədə yetərincə təcrübə qazanmış Şəhadət Mehralıyev isə deyir ki, 400 ton tutumuna malik soyuducu anbarı var. Soyuducunun quraşdırılmasına 50 min manat xərcləyib. Onun da fermer kimi bəzi təklifləri var: “Soyuducu anbarın qurulması üçün nəzərdə tutulan izolyasiya avadanlıqlarının, materialların dövlət tərəfindən güzəştli qiymətlərlə verilməsi yaxşı olardı. Əgər belə olarsa, məhsulu da ucuz qiymətə saxlaya bilərik”. Bundan əlavə, soyuducu anbar sahibləri enerji xərclərində bu obyektlərin də kənd təsərrüfatı sahəsi kimi güzəştlərə cəlb edilməsinin vacibliyini bildirirlər.
Sabir ƏLİYEV,
“Azərbaycan”