Azərbaycan və Türkiyə prezidentləri ölkələrimizin strateji müttəfiqlik əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində bir sıra dünya səviyyəli şirkətlərin və maliyyə qurumlarının rəhbərləri ilə görüşləri yeni iqtisadi əlaqələrin yaranmasına yol açdı.
Tiencin şəhərində Prezidentimizin bir sıra dövlət və hökumət başçıları ilə görüşləri isə Azərbaycanın həmin ölkələrlə ikitərəfli münasibətlərinin inkişafına yeni bir təkan rolunu oynadı. Beləliklə, "ŞƏT plyus" formatında keçirilən tədbir bu baxımdan da çox faydalı oldu.
Dövlətimizin başçısının Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli əlaqələrimizin bütün istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat sahələrində daha da genişlənməsindən məmnunluq ifadə edilib. Öncə SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə Türkiyənin "Botaş" şirkəti arasında əməkdaşlığa toxunulub. Bu xüsusda Azərbaycan qazının Qətərin maliyyə dəstəyi ilə Türkiyə ərazisindən Suriyaya çatdırılmasının önəmi qeyd edilib.
Xatırladaq ki, indi artıq Suriya da Azərbaycan qazı alır. Bir ay əvvəl Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib. Qazın Türkiyə ərazisindən Suriyaya ixracına bu il aprelin 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə əldə edilmiş razılaşmalar əsasında, qısa müddət ərzində start verilib. Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində iyulun 12-də SOCAR-la Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu da imzalanmışdı. Sənədi Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalamışdılar.
Suriyaya qaz Kilis şəhərindəki "Yavuzlu Ölçmə Stansiyası"ndan ötürülür. Azərbaycan qazını bu ölkəyə nəql edən boruların günlük potensialı 6 milyon kubmetrdir. Sadəcə, hələlik 3,4 milyon kubmetr qazın nəqli nəzərdə tutulur.
İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Həmin təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək.
SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan SVOP (mübadilə) razılaşmasının imzalandığını bildirən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini vurğulayıb.
Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, türk dünyası üzrə mütəxəssis Mehmet Yüce də bu mühüm hadisəni yüksək dəyərləndirib: "Kilis-Hələb təbii qaz boru xəttinin istifadəyə verilməsi regional baxımdan olduqca mühüm və çoxşaxəli nəticələr doğuracaq strateji hadisə kimi qiymətləndirilə bilər. Bu boru xətti Suriyanın təcili enerji tələbatını qarşılamaqla yanaşı, Türkiyənin regional enerji diplomatiyasında və Azərbaycanın enerji ixracında yeni bir səhifə açan strateji layihədir. Burada söhbət təkcə enerji nəqlindən getmir, bu xətt bölgədə sabitliyin və iqtisadi dirçəlişin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır. Həyata keçirilən layihə yalnız enerji transferi deyil, həm də Türkiyənin regional liderlik iddialarını gücləndirən, Suriyanın yenidənqurma prosesinə mühüm töhfə verən və Azərbaycanın enerji diplomatiyasını genişləndirən çoxşaxəli strateji addımdır. Bu layihə regional enerji təhlükəsizliyinin təmin edilməsi, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli regional sabitliyin yaradılması baxımından mühüm potensiala malikdir. Yəni bu xətt yalnız enerji layihəsi deyil, eyni zamanda regional geosiyasi balans, dövlətlərarası münasibətlər və enerji təhlükəsizliyi kontekstində dərindən təhlil olunmalı strateji addımdır".
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Çindəki görüşdə həmçinin Azərbaycanla Türkiyənin digər ölkələrdə birgə enerji layihələrinin icrasına dair məsələləri də müzakirə ediblər. Bununla yanaşı, bir neçə gün əvvəl Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda, o cümlədən Naxçıvan regionunda həyata keçirilən dəmir yolu layihələri barədə fikir mübadiləsi aparılıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Qars-İğdır-Aralık-Dilucu dəmiryol xəttinin Naxçıvan Muxtar Respublikası sərhədinə qədər uzanan birinci hissəsinin təməlqoyma mərasimində dediklərinə əsaslanaraq bildirək ki, polad magistralın uzunluğu 224 kilometr təşkil edəcək. Bu dəmir yolu xətti ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq gücündə olacaq. Layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 alt keçid, 27 üst keçid, 480 suötürücü və s. inşası nəzərdə tutulur.
Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizinin bir hissəsini təşkil edəcək. Layihə üçün Türkiyə Xəzinə və Maliyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində 2,4 milyard avro məbləğində xarici maliyyələşdirmə təmin olunub. Bu yolun həm Türkiyənin logistika imkanlarını artıracağı, həm də Asiyaya uzanan ticarət yollarında ölkənin təhlükəsizlik adası olaraq geostrateji mövqeyini möhkəmləndirəcəyi gözlənilir.
Çindəki görüş zamanı Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, ümumiyyətlə, Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələrinin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Flora SADIQLI,
"Azərbaycan"