07 İyun 2022 00:20
1218
CƏMİYYƏT
A- A+
Qida təhlükəsizliyimiz niyə qorunmur?!

Qida təhlükəsizliyimiz niyə qorunmur?!

 

Yararsız "kərə yağları", mənşəyi bilinməyən sallaqxana ətləri əhalinin sağlamlığını ciddi təhdid edir

 

"İndiki yeməklərin heç tutumu yoxdur..."

"Əvvəlki kimi deyil..."

"Dadı yoxdur..."

"Yağların əksəriyyəti keyfiyyətsizdir..."

"Yediyimiz ət bilmirik nə ətidir..."

 

Bu kimi daha neçə-neçə cümlə artıq hər gün məişətdə eşitdiyimiz adiləşən fikirlərə çevrilib və problemin miqyasının böyüklüyünü göstərir.

Qida insan sağlamlığına birbaşa təsir göstərən amildir. Bəs görəsən ökəmizdə qida təhlükəsizliyi necə qorunur?

Qida rasionumuzda əsas yer tutan, yeməklərimizdə üstünlük verdiyimiz məhsullardan biri ət və yeməklərin hazırlanmasında daim istifadə etdiyimiz müxtəlif yağlardır. Ət enerji və protein mənbəyi olmaqla yanaşı, həm də yüksək bioloji dəyərə malik qida məhsuludur.

İnsan orqanizminin inkişafında, hüceyrələrin bərpasında, qan əmələ gəlməsində, sinir sisteminin möhkəmlənməsində qida mühüm rol oynayır. Ətin tərkibində 16-20 faiz zülal, 2-40 faiz yağ, karbohidratlar, mineral maddələr, fermentlər, azotlu və azotsuz ekstraktiv maddələr var. Heyvanın növündən, yaşından və bəslənməsindən asılı olaraq ətin tərkibindəki faiz göstəriciləri müxtəlif ola bilər. Eyni zamanda ətin tərkibində A, D, E, B qrupu vitaminlərinə rast gəlinir. Təbii ki, ətin qidalanmada əvəzsiz rolu olsa da, çox yeyiləndə müxtəlif fəsadlara yol açır, eyni zamanda yediyimiz ətin hansı şəraitdə kəsilməsi, bu zaman sanitar-gigiyenik qaydalara necə əməl olunması, heyvanın sağlam olması vacib faktorlardandır. Bu istiqamətdə hər hansı çatışmazlıq insan sağlamlığına birbaşa təhlükə yaradır.

Beynəlxalq səhiyyə təşkilatları gündəlik qidalanmanın sağlamlıqda mühüm rol oynadığını qeyd edirlər. Bəs həm ölkədə istehsal olunan, həm də idxal olunan qidalar sağlamlığımız üçün hansı təhlükələr yaradır? Əhali arasında müxtəlif qida məhsulları ilə bağlı daim narazılıqlar eşidirik, baxmayaraq ki, bu sahədə fəaliyyət göstərən qurumlar var. Müxtəlif qida məhsullarının əvvəlki dadının olmadığı, keyfiyyətinin aşağı olduğu tez-tez vurğulanır. Eyni zamanda yediyimiz ətin bəzən nə əti olduğu da şübhə doğurur. Bu istiqamətdə nəzarət tədbirləri həyata keçirilsə də, problemlər davam edir, saxta, zərərli yağlara, heyvan leşlərinə, qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən ət kəsimi məntəqələrinə, mənşəyi məlum olmayan heyvan cəmdəklərinə rast gəlinir. Bu sahədə nəzarətin güclü olmaması səbəbindən belə halların qarşısı alınmır.

 

Ət məhsullarına nəzarət yoxdur

 

Qida mütəxəssisi Ağa Salamov qəzetimizə açıqlamasında deyir ki, Azərbaycanda ət kəsimi ilə bağlı böyük problemlər var. Onun sözlərinə görə, hətta şəhərin mərkəzində - Yasamal rayonu ərazisində antisanitar şəraitdə ət kəsimi həyata keçirilir, eyni zamanda kabab bişirilib satılır. Antisanitar şəraitdə kəsilən ət  məhsulları mikrobioloji çirklənməyə məruz qaldığı təqdirdə xüsusən immun sistemi zəif olan insanların orqanizmində birbaşa fəsadlar yaradır və zəhərlənmələr qaçılmaz olur.

Ət məhsullarının saatlarla açıq havada qalaraq mikrobioloji təsirlərə məruz qaldığını vurğulayan mütəxəssis deyir ki, 10 saatlarla açıq qalan ət qəssabların dediyi kimi, özünü tutmur, əksinə əti dincəltmək, ölüm sərtliyindən çıxartmaq üçün soyuducuya qoymaq lazımdır. Qəssabların isə soyuducuları həmişə boş olur. Əsasən isti havalarda mikrobioloji çirklənmə daha çox olur, ət məhsulu yararsız hala düşür və zəhərlənmə baş verir.

Ağa Salamov qeyd edir ki, bəzən marketlərdə ətin qiymətinin ucuz olmasına rast gəlinir ki, bu da heyvanın yaşı ilə əlaqədardır. Yaşlı heyvan ətinin rəngi dəyişik olduğundan məcbur qalıb ucuz satırlar. Bəzən ictimai iaşə müəssisələrinə, dönərxanalara leş ətlər satılır: "Azərbaycanda ət məhsullarına nəzarət sistemi güclü işləmir və belə qanunsuz hallar hər gün şəhərin mərkəzində baş verir. Əslində Qida Təhlükəsizliyi Agentliyi yaradıldığı gündən ciddi addımlar atmalı idi".

Mütəxəssis gündəlik rasionda istifadə edilən yağlar barədə də danışaraq deyir ki, insan orqanizmi üçün zərərli olan, doymuş bitki yağlarının - marqarin və ucuz kərə yağlarının satışına rast gəlmək mümkündür. Doymuş yağlardan kərə, quyruq, nehrə yağları zərərli deyil. Bunlar insan orqanizmində mənimsənilir, əvəzolunmaz yağ turşularını ödəyirlər. Trans, yəni hidrogenlə doydurulmuş yağlardan əvəzolunmaz yağ turşularını almaq mümkün deyil, çünki onlar süni bitki yağlarıdır. Belə yağlar yüksək temperaturda qızdırılır və hidrogenlə doydurulur, sonra rəngləndirici və dadlandırıcı maddələr qatılır. Nəticədə süni kərə yağı və ya marqarin əmələ gəlir. Təbii ki, bu yağların insan orqanizminə faydası yoxdur.

Ağa Salamov qeyd edir ki, doymamış yağlar otaq temperaturunda donmurlar. Bunlara günəbaxan, zeytun və digər bitki yağları daxildir. Sağlamlıq üçün ziyanlı olmayanlar rafinə olunmamışlardır. Məsələn, bura zeytun yağını misal çəkə bilərik. Bəzən rafinə olunan yağlar müəyyən qatqı maddələri ilə üzləşirlər ki, bu maddələr insan orqanizminə zərərsiz ötüşmür.

Ekspert bildirir ki, ölkəyə idxal olanlar arasında palma yağlarına da rast gəlinir: "Palma yağının başına oyun açırlar. Onu 200-250 dərəcəyə qədər qızdırır, rəngini, qoxusunu dəyişdirib içinə hidrogen püsgürdüb doydururlar, sonra ekstratları əlavə edib satışa çıxarırlar".

Mütəxəssis vətəndaşlara üzərində doymuş bitki yağı yazılan məhsulları almamağı tövsiyə edərək deyir ki, quyruq, kərə, nehrə yağının xolesterin əmələ gətirdiyi, ürəyə zərərli olduğu bildirilsə də, mədəyə  ağırlıq verməmək şərtilə bu yağlardan müəyyən qədər istifadə etmək olar. Çünki həmin yağlarda heç bir zərərli xolesterindən söhbət gedə bilməz. Amma süni bitki, doydurulmuş kərə, marqarin yağları birbaşa zərərli xolesterindir. Ən yaxşısı zeytun yağıdır ki, ondan müxtəlif yeməklərdə, tərəvəz salatlarının hazırlanmasında, xüsusən qızartma zamanı istifadə etmək olar. Çünki zeytun yağı istiliyə dözümlüdür. Ət məhsulları ilə yeməklər hazırlayan zaman isə heyvan mənşəli yağlardan, yəni kərə, nehrə, quyruq yağından istifadə etmək daha məqsədəuyğundur.

 

Leş ətlər regionlardan Bakıya daşınır

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, istehlakçılar tərəfindən ət kəsimi ilə bağlı ölkənin hər yerindən birliyə həftədə 6-7 dəfə zəng edilir. İnsanlar əti necə seçmək, haradan almaq, qiymətin paradoksallığı, ətdən hazırlanan kolbasanın qiyməti ilə bağlı çoxsaylı suallar verirlər.

Birlik sədri bu sahədə müəyyən iş aparıldığını, amma  harada necə gəldi ət kəsiminin qarşısının alınmadığını, işlərin öz bəhrəsini vermədiyini də deyir. Eyyub Hüseynov qeyd edir ki, hətta şəhərin mərkəzində belə heyvanların antisanitar şəraitdə kəsilməsi, murdar olmuş heyvan ətlərinin regionlardan şəhərə daşınması müşahidə edilir. Bu halları ən yaxşı ifşa edən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsidir, çünki onlar təkcə cərimələmir, həm də cinayət işi qaldırır, işi məhkəməyə ötürürlər. Nədənsə Azərbaycan məhkəmələri bəzən həmin şəxslərə haqq verərək onları sərbəst buraxır. Onlar isə yenidən bu işlə məşğul olurlar. DİN-in bu idarəsinə əlavə səlahiyyətlər verilməli olduğunu deyən E.Hüseynov işin sonuna ancaq bu qurumun çıxa biləcəyini vurğulayır. At, eşşək, murdar olmuş heyvanların təhlükəli ətlərinin yığılıb paytaxta daşınması Azərbaycana yaraşmayan bir haldır və bu ətlər dönərxanalara, uşaq bağçalarına da yol açır. Çox təəssüf ki, bu sahədəki vəziyyətdə tam dönüş yaradıla bilmir.

Onun fikrincə, ət kəsimi məntəqələrində vəziyyət tədricən yaxşıya doğru getsə də, lazımi effekt hələ göz qabağında deyil: "Mərkəzləşdirilmiş ət kəsimi məntəqələri hələ də tam düzgün işləmir, yenə də yol kənarında, harada necə gəldi ətin kəsildiyini, satıldığını görürük. Şəhərin mərkəzi küçələrində də belə hallara rast gəlinir. Nazirlər Kabinetinin qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər bükülməli və üzərinə buraxılma tarixi, yararlılıq müddəti qeyd olunmalıdır. Lakin bu cür ət satışı həyata keçirilmir".

Eyyub Hüseynov vurğulayır ki, Azərbaycanda heyvanların identifikasiyası məsələsi gündəmdədir. Amma hələ də heyvanların heç

1 faizi identifikasiyadan keçməyib. Bu işi həyata keçirən Qida Təhlükəsizliyi Agentliyi əgər heyvanların identifikasiya məsələsini həll edərsə, onda ətlər markalanacaq, yəni istehsal edən firmanın adı, nömrəsi, digər rekvizitləri qeyd olunacaq, ətin hansı mənbədən gəldiyi məlum olacaq.

Lakin hazırda anormal vəziyyət davam edir. Eyyub Hüseynov deyir ki, Qida Təhlükəsizliyi Agentliyi media ilə işləyə bilmir. Mediada ətlə bağlı materialları, araşdırma və reportajları təqib etmir, məsələnin araşdırılması, hansı işlər görüldüyü ilə bağlı məlumat vermir.

 

Zərərli "kənd yağları"

 

Azərbaycana idxal olunan və ölkədə istehsal edilən yağlarla bağlı danışan ekspert deyir ki, ölkəmizdə müxtəlif firmalar tərəfindən zeytun yağları istehsal olunur və bunlar son dərəcə təmiz zeytun yağlarıdır. Əhali tərəddüd etmədən bu yağları rahatlıqla ala bilər.

Xaricdən idxal olunan bitki yağlarında isə problemlər var. Bir neçə il əvvəl Rusiyadan gələn qarğıdalı yağının analizi keçirildi. Məlum oldu ki, qarğıdalı yağı ilə həmin yağın heç bir əlaqəsi yoxdur, hətta ixrac edən şirkət yerli Azərbaycan distribüterini də aldadaraq, qarğıdalı adı altında başqa yağları Azərbaycana göndərir. Duru yağ bazarında bu kimi problemlərin olduğunu təəssüflə deyən E.Hüseynov birmənalı olaraq zeytun və yerli yağlara üstünlük verilməsini məsləhət görür.

O, kərə yağı ilə bağlı da hər gün birliyə müraciət daxil olduğunu bildirir. Onun sözlərinə görə, kərə yağı seqmenti çox çirklənmiş sahədir. Xüsusən "nənəmin yağı", "nehrə", "kənd yağı" adı altında satılanların əksəriyyətinin demək olar ki, kərə yağı ilə əlaqəsi yoxdur. Əslində onlar spred, nisbətən ucuz qiymətə satılan yağlardır. Lakin ölkənin əmtəə bazarında yerli və xarici istehsal olan standartlara uyğun yağlar da mövcuddur. Yerli Azərbaycan istehsalında hətta zavod şəraitində istehsal olunan, yerli marqarinlə qarışdırılmış yağlar var. Bəzən onlar kərə yağı kimi təqdim olunur, amma bu yağlar araşdırılmalıdır.

 

Qida Təhlükəsizliyi Agentliyinin adı var, fəaliyyəti isə...

 

Ekspertlərin dediklərindən, əhalinin narazılığından, gündəlik istifadə etdiyimiz məhsulların gündən-günə keyfiyyətinin aşağı düşməsindən bu nəticəyə gəlmək olar ki, qida təhlükəsizliyimiz təmin olunmur.

Bu sahəni tənzimləyən dövlət qurumu olsa da, onun fəaliyyəti hiss olunmayacaq səviyyədədir. 2017-ci ildən yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

5 illik fəaliyyəti dövründə yalnız monitorinqlər aparmaqla kifayətlənir.

Qurumun vəzifələri sırasına istifadəyə yararsız yeyinti məhsullarının, bitki və heyvan mənşəli məhsulların, qablaşdırma materiallarının, köməkçi emal maddələrinin zərərsizləşdirilməsi və utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi) da aiddir. Eyni zamanda qurumun tabeliyində olan qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu da var. İnstitutun əsas fəaliyyət istiqamətlərinə isə insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkili, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi də aiddir.

Bəs gündəlik istifadə etdiyimiz qidalar həqiqətən laborator analizlərdən keçirmi? Əgər qidalarımız keyfiyyətli və təhlükəsizdirsə, niyə daim narazılıqlar eşidilir?

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tərkibində Bakı və Abşeron üzrə müxtəlif laboratoriyalar fəaliyyət göstərsələr də, artmaqda olan xəstəliklər, keyfiyyətsiz qidalar onların işləməməsindən xəbər verir. Bu da göstərir ki, Qida Təhlükəsizliyi Agentliyinin adı var, fəaliyyəti isə...

Mövzu ilə əlaqədar AQTA-ya suallar yönləndirsək də, sorğumuza cavab verilmədi. Belə qənaət yaranır ki, ölkədə qida təhlükəsizliyinin məsuliyyətini daşıyan qurum hətta fəaliyyəti ilə bağlı ünvanlanan suallara da etinasız yanaşır. Özü də bu hal artıq bir neçə dəfədir ki, təkrarlanır...

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Elçin Yusubov: Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda təqdim ediləcək  

16:00
13 May

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

15:41
13 May

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

15:37
13 May

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

15:25
13 May

Ümumdünya Ərzaq Proqramı: Bu il dünyada 318 milyon insan daha kəskin aclıqla üzləşir

15:22
13 May

Amerikalı mühəndislər “Tramp marşrutu” layihəsi üçün Ermənistana gəliblər  

15:22
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!