24 May 2025 09:00
2905
Səhiyyə
A- A+
Qida asılılığı və onun yaratdığı fəsadlar

Qida asılılığı və onun yaratdığı fəsadlar


Sağlamlıq üçün alınan enerji ilə sərf olunan enerji tarazlıqda saxlanılmalıdır. Gündəlik qəbul edilən enerji sərf olunandan çox olarsa, o, bədəndə yağ olaraq yığılır və artıq çəkiyə səbəb olur. Piy toxuması kişilərdə bədən çəkisinin 15-18, qadınlarda isə 20-25 faizini təşkil edir, kişilərdə 25, qadınlarda 30 faizi keçdikdə isə piylənmə baş verir. 

Ümumdünya Piylənmə Federasiyasının 2023-cü il hesabatına görə, mövcud tendensiyalar davam edərsə, dünyada piylənmə ilə yaşayan insanların sayının 2035-ci ildə 1,9 milyard nəfər olacağı təxmin edilir ki, bu da hər 4 nəfərdən biri deməkdir. Bu təxmin həm də 2035-ci ildə dünya əhalisinin yarısının artıq çəki və ya piylənmə ilə üzləşəcəyini göstərir. Eyni hesabata görə, 2020-ci ildə hər 11 uşaqdan birinin, 2035-ci ilə qədər isə 400 milyon uşağın piylənmədən əziyyət çəkəcəyi proqnozlaşdırılır.

Artıq çəkinin bir çox səbəbləri olsa da, onlardan ən əsası qida asılılığı hesab edilir. İnsanın yaşaması üçün əsas faktorlardan biri olan qida bəzi hallarda enerji mənbəyi olmaqdan çıxaraq, emosional ehtiyacların təminat vasitəsinə çevrilir. Bu zaman qidalanmaya nəzarət itir və asılılıq yaranır. Qida asılılığında əsas rol oynayan maddələrdən biri dopamindir. Dopamin beyində mükafat və zövq hissini idarə edir. Asılılıq yaradan qidalar dopamin ifrazını artıraraq müvəqqəti zövq və rahatlıq hissi yaradır. Bu hal zamanla vərdişə, daha sonra isə asılılığa çevrilir. Qida asılılığı insanların gündəlik həyatına təsir edən, lakin çox zaman diqqətdən kənarda qalan bir problemdir. Bu halı yalnız iradə zəifliyi kimi qiymətləndirmək səhvdir.

Qeyri-iradi şəkildə qidaya qarşı hədsiz ehtiyac hissinin bioloji, psixoloji və sosial kökləri var. Beyində dopamin və serotonin səviyyələrində disbalans, uşaqlıq travmaları, özünəinam əskikliyi, emosional boşluqlar, televiziya və sosial mediada yüksək kalorili qidaların reklamı insanları həddindən artıq və zərərli qidalanmaya təhrik edir. Davamlı olaraq yüksək kalorili, şəkərli və ya yağlı qidalar qəbul etmək istəyi, doyduqdan sonra belə yeməyə davam etmək, sonra isə günahkarlıq və ya peşmanlıq hissi keçirmək, stres, narahatlıq və ya depressiya zamanı nəzarətsiz yemə davranışları qida asılılığının əlamətləridir. Mütəxəssislər bildirirlər ki, xüsusilə emosional və psixoloji gərginlik altında olan fərdlərdə yemək davranışı rahatlama və qaçış yolu olaraq görülür.

Qida asılılığı piylənmə, yüksək təzyiq, ürək xəstəlikləri, diabet, xərçəng kimi sağlamlıq problemlərinə səbəb ola, həzm sistemi və maddələr mübadiləsinə mənfi təsir göstərə bilər. Türkiyəli tədqiqatçılar son araşdırma nəticələrinə əsaslanaraq bildiriblər ki, Altsheymer xəstəliyi də yalnız genetik deyil. Onların sözlərinə görə, istehlak edilən qidalar beyin sağlamlığına ciddi şəkildə təsir edir və bu təsirlər epigenetik mexanizmlərlə nəsildən-nəslə ötürülür. Piylənmə beyindəki hüceyrələrin daha tez sıradan çıxmasına səbəb olaraq Altsheymer riskini artırır. Eyni fikirləri autizm xəstəliyi haqqında da demək olar. Mütəxəssislər dünyada autizm hallarının artmasını birbaşa qida vərdişləri ilə əlaqələndirirlər.

Həyat tərzini sağlamlaşdırmaqla, qida vərdişlərini dəyişdirməklə bu sağlamlıq probleminin öhdəsindən gəlmək mümkündür. Doymaq hissi barədə siqnalın beyindəki müvafiq mərkəzə çatması təxminən 20 dəqiqə çəkir. Buna görə də yavaş-yavaş yemək insanlara toxluq hissini vaxtında anlamağa kömək edir. Qida kiçik porsiyalarla və böyük olmayan boşqablarda istehlak edilməlidir. Şirniyyat, cips və "fast food"lar orqanizmdəki xoşbəxtlik hormonlarının ifrazını artırdığı və asılılığı gücləndirdiyi üçün onlardan uzaq durmaq məsləhətdir.

Aktiv həyat tərzi, gəzinti, pilates, yoqa və meditasiya məşqləri streslə mübarizə apararaq sözügedən problemi də həll edir. Araşdırmalara görə, işləyən insanlar gün ərzində təxminən 8, həftədə 40, ildə isə 2 min saatını masa arxasında çalışaraq keçirirlər. Ofisdaxili qidalanma isə piylənmə riskini daha da artırır. Fiziki fəaliyyət isə sağlam çəki saxlamağa kömək edir, bu da öz növbəsində immunitet sisteminə yaxşı təsir edir.

Gündəlik su istehlakı da unudulmamalıdır. Susuzluq hissi tez-tez aclıq hissi ilə qarışdırıldığı üçün gün ərzində kifayət qədər su içməyən insanlar əvvəlcə qidaya müraciət edirlər. Bütün bunlar kömək etmədikdə isə dietoloq və həkimə müraciət etməklə qida asılılığından tamamilə yaxa qurtarmaq mümkündür.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!