14 Mart 2026 08:30
129
SİYASƏT
A- A+
Azərbaycan və Aİ tərəfdaşlıq prioritetlərini yeni müstəviyə daşıyır

Azərbaycan və Aİ tərəfdaşlıq prioritetlərini yeni müstəviyə daşıyır


Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri, Bakıda həyata keçirdiyi təmaslar, o cümlədən Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin tam yeni mərhələsinin və əlaqələrin sonrakı dövrdə inkişafının yol xəritəsi sayıla bilər. Prezidentin çıxışında ifadə edildiyi kimi, yalnız bu ilin yanvarında Azərbaycanın ticari dövriyyəsinin 50 faizi Aİ ilə bağlı olub. Xüsusən 2022-ci ildə Avropa Komissiyası və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədin imzalanmasından sonra Bakı və Brüssel münasibətlərin qarşılıqlı sərmayələrin yatırılmasında ehtiva olunan fəal mərhələsinə qədəm qoyub. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, bu gün Azərbaycan Avropa İttifaqının 10 üzvünün enerji təhlükəsizliyində, bununla da milli təhlükəsizliyində aparıcı rollardan birini tutur. Çoxsaylı təzyiq və maneçilik cəhdlərinə baxmayaraq, zamanında Azərbaycan Prezidentinin müdrikliklə realizəsinə nail olduğu və bu gün ölkəmizin boru kəməri ilə qaz təchiz edən birnömrəli subyektə çevrilməsinə səbəb olan infrastruktur layihələri, habelə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının illik toplantısında Prezident İlham Əliyevin Azərbaycanın qaz hasilatını artırmaq planı barədə bəyanatı fonunda tərəfdaşlığın daha da dərinləşməsi istiqamətində geniş perspektivlər mövcuddur. "Eyni zamanda Azərbaycanın bərpaolunan enerji sahəsinə böyük sərmayələr yatırması və bu istiqamətdə artıq ilkin nəticələrə səbəb olan layihələrin gerçəkləşdirilməsi, yaxın onillikdə ölkəmizin 6-8 qiqavatlıq bərpaolunan enerjiyə malik olan gücə çevriləcəyi fonunda, təbii ki, Avropa İttifaqının nəzərində Bakı ilə enerji sahəsində əməkdaşlığın alternativi yoxdur. Lakin o da sirr deyil ki, Avropa İttifaqı strukturları zaman-zaman müxtəlif lobbi maraqlarının təsiri altına düşərək anti-Azərbaycan dairələr üçün alətə çevrilmiş, ittifaqın özünün belə maraqlarının ehtiva olunmadığı mövqe sərgiləməklə Bakı və Brüssel arasında tərəfdaşlığın real mahiyyətinə xidmət etməyən situasiyanın formalaşmasına səbəb olmuşlar. Məsələn, Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Azərbaycanın yaratdığı yeni reallıqda avrostrukturların qeyri-praqmatik davranışları, Avropa Parlamentinin anti-Azərbaycan bəyanatları və qəbul olunan qətnamələr, Avropa Şurası Parlament Assambleyasında ölkəmizə qarşı qərəzli və qəbuledilməz münasibət, habelə, xüsusən, antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin könüllü şəkildə Azərbaycanı tərk etməsinin ardınca yaranan situasiyaya Azərbaycana təzyiq rıçağı kimi baxmağa çalışan güclərin mövcudluğu fonunda ötən dövr ərzində müəyyən siyasi-diplomatik gərginliklərin yaşandığı sirr deyil. O cümlədən avrostrukturlarda zaman-zaman imperializmin əsas alətlərindən biri olan "insan haqları" elementlərinə fokuslanaraq ölkəmizə bu və ya digər formada təsir göstərmək cəhdlərində bulunmuş, lakin cənab İlham Əliyevin geosiyasi reallıq fonunda bu tip hücumların hər biri nəinki neytrallaşdırılmış, üstəlik, bu hücumlarda maraqlı olan güclərin özü Cənubi Qafqazda öz maraqlarını təhlükə altına atmışlar", - deyə o deyib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi ümumbəşəri dəyərlərin və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin rəhbər tutulduğu, BMT Nizamnaməsində dövlətlərin əməkdaşlığı prinsiplərinə sadiq formada həyata keçirilən, habelə hərbi-siyasi zəfərlərin nəticəsi olaraq formalaşan reallıqlarla möhkəmlənən xarici siyasət kursu, dövlətimizin tam müstəqil və suveren iradəyə sahib olması anti-Azərbaycan mühitə Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada, təbii ki, şans verə bilməzdi. Nəticə etibarilə, biz artıq Avropa İttifaqı Şurasının Prezidentinin Bakıda təmasları fonunda əvvəlki dövrdə siyasi düyünə çevrilmiş mövqenin tam şəkildə aradan qalxdığına şahidlik etdi. Təsadüfi deyil ki, cənab Koşta çıxışının ilk tezisini Avropa İttifaqının Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə etmək istəyi üzərində qurdu. Avropa İttifaqı Şurasının Prezidentinin açıq mətnlə Azərbaycanın regionda Aİ-nin əsas tərəfdaşı olmasını, təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsində birgə öhdəliklərə riayət olunmasının zəruriliyini əsaslandırmağa çalışması bir daha göstərdi ki, Aİ ötən dövrlərdə uğurlu iqtisadi və ticari əməkdaşlıq fonunda həm də təəssüf doğuran siyasi yanaşmalara yol verilməsini artıq doğru hesab etmir və səmimi şəkildə Azərbaycanla münasibətlərin real ruhunu ifadə edən və xalqların mənafelərində ehtiva olunan sistematik əlaqələrin davamlılığında maraqlıdır. 

B.Məhərrəmov xatırladıb ki, 2024-cü ildə Azərbaycanın COP29-a evsahibliyi dövründə bir sıra avrostrukturlar ölkəmizi qazıntı yanacağını istehsal etməkdə günahlandırır və həmin dövrdə cəmi 2 il əvvəl Azərbaycanla enerji sahəsində tərəfdaşlıq sazişi imzalamış strukturun bu mövqeyi Bakıda təəccüb doğururdu: "Aİ Şurasının Prezidentinin Bakıya səfəri fonunda Koştanın İrandakı müharibənin qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda Azərbaycan və Avropa İttifaqının enerji sahəsində hazırkı tərəfdaşlığının heç zaman olmadığı qədər əhəmiyyətini xüsusi vurğulaması, Avropa İttifaqının Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazır olduğunu bəyan etməsi, ölkəmizin Avropa İttifaqı Şurasının qaz, neft və kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə dair qərarında həlledici rolu üzərinə götürməsini məxsusi qeyd etməsi, əslində, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Avropa İttifaqının zamanla buraxdığı səhvlərin nümayişkaranə şəkildə üzərindən xətt çəkməsi sayıla bilər. Beynəlxalq siyasətdə əhali sayı və ərazi göstəricələrinə görə xüsusi üstünlüyə malik olmayan, nisbətən, kiçik bir dövlətin bu miqyasda qələbəsi faktiki olaraq analogiyaya malik deyil.

Deputat vurğulayıb ki, Antonio Koştanın Azərbaycanın Orta dəhliz konsepsiyasında roluna xüsusi diqqət çəkməsi, Azərbaycanla Avropa İttifaqının əməkdaşlığının nəqliyyat bağlantıları üçün strateji fürsətə çevrildiyini etiraf etməsi, Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanmasının əhəmiyyətini vurğulaması və deməli, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ideyasının Avroittifaqda alternativsiz və ən etibarlı bağlantı seqmenti kimi qəbullanıldığını göstərməklə bərabər, həm də proseslərin məhz Azərbaycanın zamanında qəti olaraq müdafiə etdiyi və bir sıra hallarda maneələrlə üzləşən tezisləri əsasında inkişaf etdiyini göstərməkdədir. Təbii ki, cari situasiya tərəfləri qane edir və təsadüfi deyil ki, birgə mətbuat bəyanatında təhlükəsizlik, enerji, nəqliyyat sahələri də daxil olmaqla, son dövrlərdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktik əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqlik ifadə olundu. Xüsusən artıq Avropa İttifaqında Azərbaycanla əməkdaşlığa hər iki tərəfin ortaq maraqlarını əks etdirən proses kimi baxılması və bu tərəfdaşlığın iqtisadi və ticari fayda verməklə yanaşı, həm də bütün Qara Dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verən amil kimi yanaşılması Azərbaycanla Avroittifaq arasında praqmatik əsaslara söykənən yeni tərəfdaşlıq dövrünün başlanmasını deməyə əsas verir.

B.Məhərrəmov bildirib ki, prezidentlərin yeni əhatəli ikitərəfli saziş barədə mövqe ifadə etməsi, münasibətlərin daha da inkişafı üçün nəzərdə tutulan yeni sazişin möhkəm hüquqi çərçivə yaradacağına inamın ifadə olunması və sənədin ən qısa zamanda hazırlanaraq qüvvəyə minməsinə dair ortaq qənaətin bölüşülməsi açılacaq yeni səhifənin təməlində sağlam iradənin dayanması barədə düşünməyə ciddi əsas verir: "Bu saziş Azərbaycan və Avropa İttifaqı tərəfdaşlıq prioritetlərinin yenilənmiş formatını müəyyən edəcək və ikitərəfli gündəlik məhz yeni yanaşmalarla irəli aparılacaq. Prezident İlham Əliyev Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində böyük qələbəsindən sonra, o cümlədən Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi dövründə dəfələrlə dünyada ayırıcı xətlərin dərinləşməsindən, xüsusən Qərbin Cənubi Qafqaza selektiv yanaşmasından narahatlığını ifadə edərək bu mövqeyin heç bir tərəfə fayda gətirməyəcəyini bəyan etmişdi. Cənab İlham Əliyev və cənab Koştanın birgə mətbuat bəyanatında ayırıcı xətlərdən azad, dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədin bəyan olunması, əslində, bütövlükdə avrozonanın Azərbaycan Prezidentinin haqlı mövqeyini qəbul etməsini və həqiqətən də, maraqların yalnız tərəfdaşlıq və dialoq mexanizmləri vasitəsilə daha uğurlu təmin edilə biləcəyi mühitinə üstünlük verilməsinin zərurətinin Qərbdə artıq dərk edildiyini göstərmiş oldu. Bundan başqa, bəyanatda 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə görüşünün nəticələrinə istinad olunması, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi istiqamətində atılan addımların xüsusi olaraq yüksək qiymətləndirilməsi həm də ABŞ-nin ardınca daha bir iri gücün cənab İlham Əliyevin nail olduğu yeni reallıqları həzm etdiyini göstərməkdədir". 

Deputatın sözlərinə görə, bəyanatda ifadə edilən mövqedə prezidentlərin Qarabağ və Şərqi Zəngəzur bölgələrində postmüharibə dövründə genişmiqyaslı yenidənqurma və inkişaf səylərinin əhəmiyyətini vurğulamaları, o cümlədən mina ilə çirklənmənin yaratdığı təhdidlərə diqqət yönəldilməsi, həm də Avropa İttifaqı Şurası tərəfindən, nəhayət, Azərbaycan ərazilərinin 6 il əvvələ qədər davam etmiş işğal və təcavüzünün yaratmış olduğu təhdidlərə nümayiş etdirdiyi qəti münasibət sayıla bilər. Dolayısı ilə Avropa İttifaqı Şurası 30 il ərzində kimin bu bölgədə dağıntılara, mina çirkləndirmələri yolu ilə müharibə cinayətlərinə yol verdiyini, kimin isə ümumbəşəri dəyərlərə xidmət edərək bu təhdidlərin nəticələrinin aradan qaldırılmasında rol oynadığını aşkar formada ifadə etmiş oldu. Bəyanatın digər önəmi isə ondan ibarətdir ki, sənəddə nəzəri siyasi iradə ifadəsi ilə yanaşı, həm də çevik, operativ, praktik addımların atılması nəzərdə tutulub. Bu qəbildən "Qlobal qapı" təşəbbüsü çərçivəsində Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının və sərmayələrin gücləndirilməsi üçün iqtisadi əməkdaşlıq üzrə yüksəksəviyyəli işçi qrupunun yaradılması alqışlanılmaqla bu istiqamətdə fəaliyyət təşviq edilir. "Sənəddə rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyinin qeyd olunması, mütəşəkkil cinayətkarlıq, terrorçuluq, ekstremizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, insan alveri və qeyri-düzgün miqrasiya kimi ortaya çıxan təhdidlərin qarşısının alınması istiqamətində birgə fəaliyyət, müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlığın faydalarının xüsusi qeyd olunması, bu istiqamətdə qarşılıqlı təmasların artırılması, viza sadələşdirilməsi sazişinin davamlı icrasının təmin olunması, humanitar istiqamətləri əhatələyən layihələrin və normativ bazisin gücləndirilməsinə dair mövqeyin ifadə olunması yalnız Azərbaycan və Avropa İttifaqı arasında deyil, bütövlükdə Azərbaycanın xarici siyasət kursunda tarixi qələbə hesab oluna bilər", - deyə deputat əlavə edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!