27 Aprel 2024 08:35
290
SİYASƏT
A- A+

Qərb fırıldaqçı milyarderi niyə müdafiə edir?!

 

Vardanyanın çirkli pulların yuyulması sistemindən Üsamə bin Laden də istifadə edib

 

Bədnam erməni oliqarx Ruben Vardanyanla bağlı növbəti təbliğat kampaniyası başlayıb və bu prosesə dünyanın məşhur PR şirkətləri cəlb olunub.
Hər kəs yaxşı xatırlayır ki, Vardanyan Qarabağda olanda da bu cür kampaniya təşkil etmişdi, indi isə onun azadlığa buraxılması və "qəhrəmanlaşdırılması" istiqamətində təbliğat aparılır. İlk addım kimi Vardanyanın "Nobel sülh mükafatı"na namizəd kimi göstərilməsi, bunun ardından onun guya aclıq aksiyasına başlaması, ailə üzvlərinin CNN kimi platformalara çıxışı və sair.

 

Qanunsuz əməliyyatlardan fantastik gəlirlər necə əldə edilib?

 

Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək ölkəmizin Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olub, Azərbaycan qanunlarına zidd fəaliyyətə başlayıb - terrorçu rejimdə təmsil olunub, silah-sursat alınmasında iştirak edib, Azərbaycanın ünvanına hədə-qorxu bəyanatları səsləndirib. 
Vardanyanın təkcə Azərbaycanda yox, Ukraynada da separatizmə dəstək verməsi danılmaz faktdır. Bu səbəbdən o, Kiyev tərəfindən sanksiyaya məruz qalıb və ukraynalı deputatlar Nobel Komitəsinə etiraz məktubu göndəriblər.
Ruben Vardanyan üzdə xeyriyyəçi obrazı yaratsa da, 1990-cı illərdə qara pullarla varlanan, xüsusən çirkli pulların yuyulmasında mahir olan fırıldaqçı imiş. Hələ 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) R.Vardanyan barədə "The Troika Landromat" kimi təqdim edilən araşdırma hesabatını təqdim edib.
Hesabatda Ruben Vardanyanın Rusiyanın ən böyük investisiya bankı olmuş, sahiblik etdiyi "Troika Dialoq" və heç nədən xəbəri olmayan erməni fəhlələrin adlarına yaratdığı nəhəng ofşor şirkətlər vasitəsilə milyardlarla məbləğdə çirkli pulların yuyulmasına, bu qanunsuz əməliyyatlardan fantastik gəlirlər əldə etməsinə dair üzə çıxan çoxsaylı faktlar təqdim edilmişdir. Bildirilirdi ki, onun nəhəng ofşor şəbəkəsi milyardlarla pul vəsaitlərinin dövriyyəsini Rusiya Federasiyasına məxsus banklar vasitəsilə həyata keçirib.
Qeyd olunan şirkət 2006-cı ildən 2013-cü ilin əvvəlinə kimi fəaliyyət göstərərək mürəkkəb maliyyə şəbəkəsi yaradan azı 75 şirkətdən biri idi. Bu müddət ərzində "Troika" 4,6 milyard ABŞ dolları vəsaitin sistemə daxil olmasına, həm də 4,8 milyard dollar vəsaitin sistem vasitəsilə müəyyən istiqamətlərə yönəldilməsinə şərait yaratmışdır. Bu əməliyyatlar üzrə qarşı tərəflər arasında böyük Qərb bankları olan Citigroup Inc., Raiffeisen və Deutsche Bank da çıxış etmişdilər. Bunlardan başqa da həmin sistemə aid olan onlarla şirkət nağd pulun mənbəyini gizlətmək məqsədilə 8,8 milyard dollar dəyərində daxili əməliyyatlar həyata keçirmişdir. 

 

"Troika" pulyuma maşınıdı

 

Həmin ərəfələrdə Vardanyan "Troika"nın prezidenti, baş icraçı direktoru və əsas partnyoru idi. O, Skolkova Moskva İdarəetmə Məktəbi həmtəsisçisi, ölkənin biznes mühitinin inkişafına çalışan şəxs kimi tanınaraq Rusiya kapitalizminin Qərb dostu nümayəndəsi kimi qazandığı nüfuzu ilə fərəhlənirdi. Bu vaxt, "Troika"nın işçiləri qeyri-şəffaf maliyyə sistemi qururdular - OCCRP tərəfindən aşkar edilmiş əvvəlki çirkli pulların yuyulması sxemlərinə bənzədiyinə görə bu sistem "Troika" pulyuma maşını adlandırılırdı.
Əvvəlki çirkli pulların yuyulması sistemlərində olduğu kimi, burada da böyük əməliyyatların çoxu uydurma ticarət sövdələşmələri əsasında həyata keçirilirdi. Saxta invoyslar "mallar", "ərzaq malları", "metal mallar", "fakturalar" və "avtomobil hissələri" kimi müxtəlif adlarla rəsmiləşdirilirdi. Sızmış məlumatlara daxil olan invoyslar proksilər (həqiqi sahibin gizlədilməsi məqsədilə müvəkkil edilmiş digər şəxslər) tərəfindən təsdiq edilərək Troika.ru elektron poçt ünvanlarından göndərilirdi.
Bu əməliyyat portreti OCCRP və Litvanın "15min.lt" xəbər saytı tərəfindən əldə edilən və 21 media partnyoru ilə paylaşılan sızmış bank əməliyyatları və digər sənədlər toplusundan aşkarlanıb.
Bütövlükdə qeyd olunan məlumatlar 238 min şirkət və insan tərəfindən aparılan 1,3 milyondan çox bank əməliyyatlarından, eləcə də minlərlə elektron məktub, müqavilələr və şirkət qeydiyyatı formalarından əldə edilib.
O vaxt Rusiyada bu tipli təcrübələr adi hesab edilsə də, mütəxəssislər "Troika" pulyuma maşını kimi sistemlərin ciddi fəsadlar verə biləcəyini qeyd edirdilər.
Maliyyə laundromatları sadəcə çirkli pulların yuyulması sistemi deyildir. Bu həm də gizli investisiya vasitəsi, rüşvət ehtiyatı, vergidən yayınma sxemi və digər cinayətlərdən ibarət idi.
"Troika"nın müştəriləri bu sistemdən Böyük Britaniya, İspaniya və Monteneqroda əmlak, lüks yaxtalar və sənət əsərləri, tibbi xidmətlər və dünya çempionatının biletlərini almaq, övladlarının nüfuzlu Qərb məktəblərində oxumaları üçün təhsil haqqını ödəmək, hətta kilsələrə ianə etmək məqsədilə istifadə edirdilər.
Əlavə olaraq, "Troika Laundromat"ı mütəşəkkil cinayətkar qruplara və fırıldaqçılara əldə edilən çirkli pulları yumaq imkanı verirdi. OCCRP və tərəfdaşlar Rusiyada özlərinə məxsus pul vəsaitlərinin mənbəyini gizlətmək məqsədilə maliyyə laundromatı şirkətlərindən istifadə edən bir neçə yüksəksəviyyəli fırıldaqları müəyyən etmişdir.
Laundromatdan pul əldə edən şəxslər arasında Vardanyan və onun ailəsi də olmuşdur. 3,2 milyon dollardan artıq vəsait onun American Expres kartının ödənişlərinə istifadə edilmiş, həyat yoldaşına və ailəsinə məxsus hesablara köçürülmüş, Böyük Britaniyada üç övladının təhsil haqqının ödənilməsinə yönəldilmişdir.
1990-cı illərin əvvəllərində yaradılan "Troika Dialoq" Rusiyanın iri özəl investisiya bankına çevrilmişdi. O, 2012-ci ilə qədər ölkənin ən böyük dövlət kreditoru olan "Sberbank" tərəfindən satın alınana qədər Vardanyanın rəhbərliyi altında fəaliyyət göstərmişdir.
Bütün investisiya bankları kimi, "Troika"da səhm və istiqrazların buraxılması ilə, ilkin ictimai təkliflərlə məşğul olur və sığorta agenti kimi fəaliyyət göstərirdi. O, həmçinin "Citibank Inc"in yerli ofisi ilə güclü əlaqələrə malik idi, belə ki, "Troika"nın yeni investorlarının 20 faizə qədəri ABŞ-nin nəhəng təşkilatları vasitəsilə gəlirdi. "Troika"nın həmtəsisçisi Pavel Tepluxinin 2006-cı ildə verdiyi müsahibəyə əsasən, bu, Nyu Yorkda yerləşən Citibankı "Troika"nı ən böyük xarici maliyyə institutu etmişdir. 
Bununla bağlı "George Mason" şirkətinin korrupsiya üzrə eksperti Şelley bildirmişdir: "Siz qeyri-qanuni ödənişin malların daşınması ilə əlaqəli olduğunu gizlədirsiniz. Bu gün dünyada çirkli pulların yuyulmasında ən mükəmməl sistem ticarət sistemidir. Əl-Qaidənin qurucusu Üsamə bin Laden də Yaxın Şərqdə pul köçürmək üçün oxşar sistemdən istifadə edirdi".

 

ABŞ mediası və PR şirkətləri "Vardanyan şou"da...

 

Son vaxtlar qurulan "Vardanyan şou"da ABŞ mediası və PR şirkətləri də iştirak edirlər. Qərbin bəzi dairələri, məsələn USAİD, Samanda Pauer, ABŞ-nin EDELMAN PR şirkəti və sair bu oliqarxa  dəstək verirlər. Vardanyanın çirkli pulu müqabilində bu gün CNN kimi telekanallar onu "qəhrəman" obrazında təqdim etməyə çalışırlar. Vardanyanın PR-ı ilə isə EDELMAN şirkəti məşğul olur. Bəs necə olur ki ABŞ şirkəti Ukraynada separatizmə birbaşa dəstək verən rusiyalı oliqarxı dəstəkləyir? Necə olur ki, Samanta Pauer kimi yüksəkçinli amerikalı məmur rusiyalı oliqarxa - pulyuma sisteminin  ixtiraçısına dəstək verir?
Son məlumata görə, Vardanyan cəmiyyətdən təcrid olunsa da, Ermənistanda çaxnaşma yaratmaq cəhdlərindən hələ də əl çəkmir. Belə ki, Tavuşdakı etirazları Ruben Vardanyanın "Yaşamaq üçün ölkə" partiyası təşkil edib. Bunu erməni bloqçu Roman Baqdasaryan deyib: "Noyemberyan sakinləri mənə yazıblar ki, Tavuşda keçirilən aksiyaların arxasında "Yaşamaq üçün ölkə" Partiyasından pul alan adamlar var. Onlar Alaverdidəki dilənçi qadınlar taparaq, pul müqabilində Tavuşun yollarında oturdublar. Ruben Vardanyan, Bakıda həbsxanada oturanda belə xalqınıza kədər gətirirsiniz. Tanrı həm səni, həm də partiyanı cəzalandıracaq".
Xatırladaq ki, toplanılmış sübutlarla hazırda Ermənistan vətəndaşı olan Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bu əməllərə görə onu uzun müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. İstintaq davam edir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video