05 Noyabr 2022 01:56
1865
Mədəniyyət
A- A+
Qədim şəhər, möhtəşəm tarix

Qədim şəhər, möhtəşəm tarix

 

Şuşa Azərbaycanın zəngin şəhərsalma mədəniyyətinin bənzərsiz incisidir

 

Qarabağ xanlığı 1747-ci ildə  Nadir Şah Əfşarın  ölümündən sonra tarixi Azərbaycan torpaqlarında yarandı.  Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən Qarabağ xanlığı Azərbaycanın xeyli ərazisini əhatə edirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Yuxarı Qarabağı,  Zəngəzuru,  Bərgüşadı əhatə etməklə yanaşı, Mehri və Qarakilsə şəhərinə (indiki Ermənistan ərazisi) qədər uzanırdı.
Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli xan Cavanşir olmuşdur. Qarabağ xanı Pənahəli bəy Cavanşirlər elinin (tayfasının) Sarıcalı oymağından idi. Cavanşir elinin Sarıcalı oymağının başçıları XVIII yüzildə xanlıq yaratdıqdan sonra Sarıcalı-Cavanşir kimi tanındılar. Cavanşirlər tayfası Qarabağın qədim sakinlərindən olmuş və uzun müddət Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. 
Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmləndirilməsinə nail olmaq idi. Pənahəli xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın sürgün olunmuş türk əhalisini - Cavanşir, Otuziki və Kəbirli ellərini geriyə, doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını daha da gücləndirdi. 

 

Qarabağ xanlığının əsas paytaxt qalalarının salınması

 

Həmin dövrdə Pənahəli xan Sarıcalı-Cavanşir strateji əhəmiyyətli müdafiə qalalarının tikilməsini lazım bildi. Bu sahədə ilk addımlardan biri qədim Azərbaycan - türk tayfası bayatların adı ilə bağlı olan Bayat qalasının tikilməsi oldu. Beləliklə, Pənahəli xan Cavanşir 1748-ci il yanvar ayının 2-də Ağcabədi yaxınlığında Kəbirli mahalında xanlığın ilk paytaxtı olan Bayat qalasının bünövrəsini qoydu. Xan bütün ailəsini, qohumlarının və bayat elinini böyüklərini oraya topladı. Ətrafda olanlar, hətta Pənahəli xanın rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları da öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər.
Pənahəli xanın "Qarabağ hakimi" kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynamışdı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra Pənahəli xanın qəhrəmanlığı o zaman Qarabağda yaşayan bütün türk tayfalarının müharibəsiz olaraq onun tabeliyinə keçməsini şərtləndirdi.
Bununla yanaşı, Bayat döyüşü bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınmasına daha çox ehtiyac var idi. Həmçinin Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan orada uzun müddət böyük hərbi qüvvə saxlamaq da mümkün deyildi. Bu səbəbdən də Pənahəli xan tərəfindən Ağdamın 10 kilometrliyində yerləşən "Şah bulağı" adı ilə məşhur olan bulağın yanında inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı.
Qarabağ tarixçilərinin məlumatına görə, Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq qalasına köçürtməsi XVIII yüzilliyin 50-ci illərinə təsadüf edir. 1749-1750-ci illərdə Tərnəküt adlandırılan ərazidə, Şahbulağının üstündə Şərq memarlıq üslubunda, Orta əsr qalalarına məxsus əzəmətli görünüşdə məşhur Şahbulaq qalası yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu.
Bunda əlavə, kompleks yaşayış evlərindən, bazar meydanı, hamam və məsciddən ibarət olmuşdur. İki ilə başa çatan kompleksin mühafizə divarları yaxınlığında Qarabağ xan sarayı yerləşirdi. Qala plana əsasən, düzbucaqlı formada inşa edilmişdir. Tədqiqatçıların fikirlərinə görə, Şahbulaq qalasının memarlıq üslubu Qarabağ xanlığında inşa edilən bir sıra tikililərin, o cümlədən Qarabağın mərkəzi Şuşa şəhərinin inşaat işlərinə də əhəmiyyətli təsir göstərmişdir. Şuşa qalası bütün qaladaxili qəsrlərinin memarlıq-planlaşdırma və strukturu baxımından, demək olar ki, Şahbulaq qalasının xüsusiyyətlərini təkrarlayırdı. Şuşa qalası keçilməz, əlçatmaz  bir yerdə inşa edilmişdi, hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi. Qarabağ xanlığının paytaxtı Şuşa qalasına köçürüldükdən sonra Şahbulaq qalası xanlığın yay iqamətgahına çevrildi. Mühüm memarlıq abidəsi olan Şahbulaq qalası Birinci Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilərək saxlanılmışdı.  Keçmiş SSRİ dövründə Ağdam səhərinə gələn bütün xarici qonaqlar bu abidəni ziyarət edirdilər. Bu baxımdan, abidə kompleksi həmişə diqqət mərkəzində olmuş və demək olar ki, Ağdamın simvoluna çevrilmişdi.

 

Qarabağ xanlığının paytaxtı - Şuşa qalasının və şəhərin qədim məhəllələrinin salınması

 

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1693-1763) adı ilə bağlıdır. Qarabağ xanı Pənahəli xan Cavanşirlər tayfasının Sarıcalı oymağından idi. Bu Azərbaycan tayfası Qarabağın qədim sakinlərindən olmuş və uzun müddət bölgənin ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və həmin əsrin sonrakı illərində qala divarlarının çəkilməsi davam etdirildi. Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.
XVIII əsrin ikinci yarısından başlayaraq Şuşanın əhalisi sürətlə çoxalmış və Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdir. Hələ Pənahəli xanın hakimiyyəti dövründə (1747-1763) şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın dövründə (1763-1806-cı illər) isə Qarabağ xanlığı daha da güclənmişdir. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının divarları və digər diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdir. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdir.
Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud olmuşdur. Pənahəli xanın hakimiyyəti illərində (1747-1763) şəhərin salınmasının ilkin mərhələsində ən qədim məhəllələr sonralar şəhərin relyefinə uyğun olaraq, "Aşağı məhəllə" adlandırılmışdır. "Aşağı məhəllə" 9 məhəllədən təşkil olunmuşdur: Seyidli, Çöl Qala, Çuxur Məhəllə, Quyuluq, Dördlər Qurdu, Qurdlar, Merdinli, Hacı Yusifli, Culfalar. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə "Yuxarı məhəllə" adlanan ikinci məhəllə formalaşmışdır. "Yuxarı məhəllə" 8 məhəllədən təşkil olunmuşdur: Saatlı, Mamayı, Köçərli, Xocamircanlı, Ağadədəli, Dəmirçilər, Təzə Məhəllə, Hamamqabağı. 

 

Şuşa şəhərinin qala qapıları, mərkəzi meydan və küçələri

 

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onların adı Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. 
Gəncə qapısı  - Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir. Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş qapı, artıq XVIII əsrdən etibarən Gəncə qapısı adlandırılırdı. Şuşa qalasının bu qapıdan çıxan yolu şəhəri Gəncə şəhəri ilə birləşdirirdi. Şuşa qalasının şimal qapısı hesab edilən Gəncə qapısı qala divarlarının ortasında - Ağoğlan və İrəvan qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı müasir dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatmışdır. 
İrəvan qapısı  -  Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Pənahəli xanın dövründə inşa edilmiş bu qala qapısı XVIII əsrdən etibarən İrəvan qapısı və ya Xəlfəli qapısı adlandırılırdı. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi ilə, oradan isə İrəvan şəhərinə gedən yol ilə birləşdirirdi. 
Ağoğlan qapısı - Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edirdi. XIX əsrdə qalanın aşağı tərəfində, şərq qapısı yaxınlığında Şuşa həbsxanası inşa edilmişdir. Həbsxananın inşa edilməsi zamanı qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilmişdir. Bu zaman qapı da həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılmışdır (39, s.32-34). 
Şuşanın mərkəzi meydan və küçələri sırasında, ilk növbədə, "Bazarbaşı" və ya "Divanxana meydanı" adlanan yerin adını qeyd etmək lazımdır. "Bazarbaşı" adlanan yer Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır. Şəhərin ən böyük ticarət küçəsi olan "Rastabazar" öz başlanğıcını məhz bu meydandan götürür. 
XIX əsrin I yarısında Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra "Divanxana meydanı" ictimaiyyətə açılmışdır. Həmin dövrdən sonra  bu meydan həm də "Bazarbaşı" adlandırılmağa başlanılmışdır. Müasir dövrümüzə kimi saxlanılmış bu adın verilməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş "Rastabazar" küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir.
"Divanxana meydanı"nda Qarabağ xanının Divanxanası yerləşmiş, XX əsrin 60-70-ci illərində  qədim Divanxana binasının yerində Mədəniyyət evi inşa edilmişdir. 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra isə Mədəniyyət evi dağıdılmış, bina tamamilə məhv edilmişdir. 
"Meydan"  adlanan yer  Şuşanın əsas şəhər meydanıdır.  Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı "Bazarbaşı"ndan başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan "Rastabazar" küçəsi məhz "Meydan"da tamamlanır, beləliklə, "Meydan" və "Bazarbaşı"nı  əlaqələndirir. "Meydan"ın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII-XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. 
"Aşağı meydan" və ya "Torpaq meydanı" adlanan yer Şuşa şəhərinin ən qədim şəhər meydanlarından biridir. Şuşa şəhərinin aşağı hissəsində yerləşir. "Aşağı meydan" xalq arasında həm də "Torpaq meydanı" adı ilə tanınır. Bu adın yaranmasının səbəbi isə Şuşanın digər şəhər meydanlarından fərqli olaraq buranın daşlarla döşənməməsi və torpaq örtüyə malik olması ilə əlaqəlidir. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında "Aşağı meydan"ın qərb tərəfində yerləşən, bir-birinə bitişik iri ictimai binalar mövcud olmuşdur. Həmin binaların heç biri dövrümüzə qədər gəlib çatmamışdır.
"Rastabazar" adlanan küçə  Şuşa şəhərinin  mərkəzində yerləşməklə yanaşı, "Bazarbaşı" və "Meydan"ı birləşdirən,  XIX əsrin II yarısından etibarən isə həm də əsas ticarət mərkəzi rolunu oynayan tarixi küçədir. 
"Şeytan bazar" adlanan küçə  Şuşa  şəhərinin mərkəzində yerləşməklə "Meydan"dan başlayan və "Rasta bazar" küçəsinin davamı olan tarixi küçədir.  Qarabağ xanının vəziri və şair Molla Pənah Vaqifin malikanəsi bu küçədə yerləşmişdir.
"Aşağı bazar" adlanan  küçə isə  Şuşanın mərkəzində yerləşən üç əsas magistral küçədən biridir. "Aşağı bazar" və "Rastabazar" küçələrinin kəsişməsi nəticəsində şəhərin əsas ticarət və ictimai mərkəzi olan "Meydan" formalaşır. Şəhərin ən qədim və mühüm ticarət küçəsi olan "Aşağı bazar" küçəsi "Aşağı meydan" və "Meydan"ı birləşdirir. 
XIX əsrin birinci yarısına kimi Şuşanın əsas  ticarət küçəsi olmaqla yanaşı, həmin dövrdə "Aşağı bazar" küçəsi həm də uzun mərkəz rolunu oynayırdı. Qarabağ tarixçisi Baharlının verdiyi məlumata görə, həmin dövrdə "Aşağı bazar" küçəsində ticarət sıraları ilə yanaşı, karvansara və hamamlar, o cümlədən Uğurlu bəy hamamı yerləşirdi.

 

Şuşada qədim tarixə malik şəhərsalma mədəniyyəti, sənətkarlığın və ticarətin inkişafı

 

Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin "Meydan" deyilən əsas meydanı "Rastabazar" küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı Cümə məscidindən ibarət idi.   Şuşada XIX əsrin ikinci yarısında "Bazarbaşı" deyilən yerdən "Şeytan bazar"a qədər uzanan üstü örtülü ticarət mərkəzi  olan "Rastabazar"ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi.
XVIII əsrin ikinci yarısında Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxa bilmiş, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını şuşalı tacirlər Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə satırdı. 
Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu.    
XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkilib başa çatdırıldı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Leypsiq, London, Mançester, Marsel və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə "Pənahabadi" adlı gümüş sikkələr zərb edilirdi.
Şəhərin ticarət həyatında bazarlarda, karvansaralarda və şəhər meydanlarında yerləşən dükanlar da mühüm rol oynayırdı. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmışdı ki, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı.
Məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən sonra yazmışdı: "Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir".
Tarixi mənbələrdə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. Tarixi mənbələrdə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. XIX əsrin 60-cı illərində Şuşada illik ticarət gücü 78 milyon rubla bərabər olan ipəksarıma fabrikləri fəaliyyət göstərirdi ki, çox keçmədən həmin müəssisələrin illik istehsal gücü 117 milyon rubla çatmışdı. 
XIX əsrin ikinci yarısında tikinti işləri Şuşada daha geniş vüsət almışdı. Xurşidbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlubəyin, Fərzəlibəyin, Nəcəfqulu ağanın, Hacı qulunun, Səfibəyin tikdirdiyi yeni tipli saray və imarətlər şəhərə xüsusi gözəllik verirdi. Dövlət tərəfindən əsası qoyulan bir sıra məktəb binaları, Qarabağın imkanlı adamlarının sayəsində ucaldılan məscid və hamamlar ozamankı memarlıq abidələrinin ən gözəl nümunələrindən sayılırdı. 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı.
1840-cı il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yaradıldıqda Şuşa şəhəri yenə mərkəz olmuşdu. 1873-cü il kameral təsvirinə görə, Şuşada 24552,  1886-cı il siyahısına görə, 26806,  1897-ci il Ümumrusiya siyahıyaalmasına görə isə 25581 nəfər əhali qeydiyyata alınmışdı. 1897-ci il Ümumrusiya siyahıyaalmasına görə, Şuşada 2272 nəfər zadəgan, 270 nəfər din xadimi, 1416 nəfər tacir, 2738 nəfər sənətkar, 97 nəfər dövlət məmuru, 334 nəfər hərbçi və başqaları qeydə alınmışdı.
1903-cü ildə Tiflisdə nəşr olunmuş "Kavkazskiy Vestnik" jurnalının 43-cü səhifəsində göstərildi ki, "Şuşanın görünüşü Orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar". "Qafqaz" qəzetinin icmalçısı isə 1868-ci il 24 may tarixli şərhində göstərmişdi: "Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Buraya hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə, şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar".

 

XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü, Şuşanın işğalı və mədəni soyqırımı siyasəti

 

XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 
1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin Şuşa filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.
Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 850-dən çox yaşayış binası və 300-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində Son Tunc və İlk Dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, Daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansara, M.P.Vaqifin məqbərəsi və büstü, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansara, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xocamircanlı, Merdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Real məktəbin binası, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və ya məhv edilmişdir.

 

Şuşanın işğaldan azad edilməsi Zəfər Günü kimi tarixə yazıldı 

 

Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci il oktyabrın 16-da, 44 günlük İkinci Qarabağ müharibəsinin 20-ci günündə Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində demişdi: "Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq".
İkinci Qarabağ müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i oldu. Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.
Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!"
Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. 
Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin "Şuşa ili" elan edilməsi haqqında imzaladığı sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

15:41
10 May

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

15:32
10 May

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

15:26
10 May

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

15:14
10 May

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

15:09
10 May

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

15:01
10 May

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

14:56
10 May

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

14:56
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!