Fevralın 27-də Bakıya rəsmi səfər etmiş Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Moktar Sisoko Embalo son bir il ərzində Azərbaycana gələn üçüncü Afrika dövlətinin rəhbəri oldu. Bundan əvvəl - fevralın 11-14-də Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana zəngin gündəmi olan səfəri reallaşıb. Ötən il aprelin 4-5-də isə Konqo Prezidenti Deni Sassu-Nqesso rəsmi səfərlə Bakıda olub. Bu səfərlər Afrika qitəsinin Azərbaycanın xarici siyasətində yeni istiqamət olduğunu göstərir.
Zəngin təbii ehtiyatları və iqtisadi potensialı olan Afrika ölkələri əsrlər boyu imperialist dövlətlərin müstəmləkəsi kimi amansız qarət və talana məruz qalıblar. Qitənin bir sıra dövlətlərinin müstəqil siyasi addımlar atmaq niyyətləri və neokolonializmə qarşı qətiyyətli mübarizə yoluna çıxmaları onların azad şəkildə yaşamaq, hansısa ölkənin boyunduruğunda olmadan müstəqil həyat sürmək istəyi ilə bağlıdır. Afrika dövlətlərinin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaq istiqamətindəki cəhdləri müstəmləkə istibdadından qurtularaq sivil dünyaya açılma prosesinin tərkib hissəsidir.
Azərbaycanın zəngin təcrübəsi Afrika təmsilçilərinin maraq dairəsindədir
Azərbaycanın Afrika dövlətləri ilə siyasi-iqtisadi müstəvidə aktiv münasibətlərə start verməsi dövlətimizin dünya arenasındakı siyasi çəkisinin artmasının bariz göstəricilərindən biridir. Özünün zəngin iqtisadi potensialı ilə dünyanın iri dövlətlərinin maraqlarını cəlb edən qitə ölkələri yüzillər boyu davam edən qanlı istismara məruz qalıblar. Bu baxımdan, həmin ərazi uzun müddət ərzində istisnasız olaraq böyük güc mərkəzlərinin mübarizə meydanına çevrilib. Fransa, Belçika, Niderland kimi dövlətlərin Afrikanın zənginliklərinin ələ keçirilməsi uğrunda yürütdükləri müstəmləkəçilik siyasəti nə qədər təəssüf və təəccüb doğursa da, XX əsrdə də davam edir. Afrika reallığı neokolonializm təzahürlərinin hələ də yaşadığını və xalqların amansız istismarı hesabına varlanmaq istəyən dövlətlərin olduğunu göstərən aşkar nümunədir.
Bu baxımdan, qitənin qabaqcıl və müstəqilliyə daha çox meyil edən təmsilçiləri özlərinə dünyada bərabərhüquqlu və hər iki tərəfin maraqlarını təmin edən formatda münasibətlər qurmaq üçün tərəfdaş axtarışındadırlar. Afrika dövlətlərinin liderlərinin bir-birinin ardınca Bakıya səfər etmələri onu göstərir ki, Azərbaycanın dünyada artan siyasi və iqtisadi çəkisi qitə ölkələrinin də diqqətlərini cəlb edib.
Azərbaycan postsovet məkanının postkolonial Afrika ilə tam əsaslı əlaqələrin bünövrəsini qoyan ikinci dövlətdir. Söhbət heç də sadəcə diplomatik münasibətlərin qurulması və ya iqtisadiyyatın konkret sahələrində hər hansı təmaslardan getmir. Bu yolu Azərbaycan müstəqilliyinin ilk illərində qət etməyə müvəffəq olub - 1992-2012-ci illərdə qitənin əksər dövlətləri ilə diplomatik münasibətlər qurulub. Hazırkı gündəmdə olan maraqlar, əlaqələr Azərbaycanın bir siyasi və iqtisadi güc olaraq uzaq qitə dövlətləri ilə əməkdaşlıq qurma tarixinin başlanğıcını əks etdirir.
Azərbaycan hələ sovetlər dönəmindən etibarən Afrikada ənənəvi maraqları olan və tez-tez Qərb təmsilçiləri ilə toqquşan Rusiyadan sonra postsovet məkanının qitəyə nüfuz edə bilən ikinci dövlətidir. Yeni yaranan təmaslar formatında ən çox maraq doğuran amil odur ki, qitə təmsilçiləri Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi zəngin təcrübəni öyrənmək üçün Bakı ilə sıx əlaqələrə can atırlar. Bu, dövlətlər arasında sağlam münasibətlərin olduğuna dəlalət edən vacib amildir. Afrikalıların Azərbaycanın hərbi, hərbi-sənaye sahəsindəki nailiyyətlərinə maraq göstərmələri dövlətimizin hərbi qüdrətinin dünya gündəmində özünə möhkəm yer tutması anlamına gəlir. İqtisadiyyatımız üçün ənənəvi sektor olan neft sənayesindəki təcrübəmiz Afrikanın bu təbii sərvətlə zəngin olan ölkələrində cəlbedici təəssürat yaradır. Azərbaycanın öz nailiyyətləri ilə dünyaya açılma prosesindəki vizit kartlarından biri - "ASAN xidmət" təcrübəsinə göstərilən hədsiz maraq ölkəmizdə həyata keçirilən hüquqi, sosial və humanitar sahədəki uğurlu islahatların beynəlxalq arenada da bir nümunə olduğuna dəlalət edir.
Azərbaycana maraq nədən qaynaqlanır?
Kolonial keçmişin acı təcrübəsindən qurtulmaq istəyən dövlətlərin maraq istiqamətlərindən birinin də Bakı olması Azərbaycanın son 4-5 il ərzində qazandığı orta güc statusunun əyani təsdiqidir. Qitə ölkələrinin Bakı ilə əməkdaşlıq istəklərinin ardıcıl və sistemli xarakter daşıması faktı ölkəmizin dünya arenasındakı yeri və rolunun yeni statusundan irəli gəlir. Azərbaycan qurulan yeni dünyada, formalaşan yeni nizamda məxsusi çəkisi olan dövlətə çevrilməkdədir. Bu status dövlətimizin siyasi və iqtisadi maraqlarının yerləşdiyimiz regionla məhdudlaşmadığını şərtləndirən başlıca faktordur. Çoxqütblü və tarazlaşdırılmış xarici siyasətin məntiqindən irəli gələn hərtərəfli iqtisadi əlaqələrə üstünlük verən Bakının yeni maraq dairələrindən biri də Afrika qitəsidir.
Son bir neçə il ərzində Afrikada baş verən hadisələr qitə tarixinin yenidən yazılma prosesinin başlandığını göstərir. Afrika aktiv şəkildə müstəmləkəçi istibdadından qurtulmaq üçün cəhdlər edir. Qitənin müxtəlif dövlətlərində Fransanın qanlı idarəçilik metodlarına qarşı baş qaldırmış etiraz dalğası özünün tarixi nəticələrini göstərməkdədir. Paris bir-birinin ardınca həmin dövlətlərdə olan hərbi mövcudluğuna son vermək məcburiyyətində qalıb. Fransanın qismində digər müstəmləkəçi dövlətlər də Afrikanı tərk edirlər. Milli hərəkatları qan gölündə boğmaq üçün nəzərdə tutulan hərbi bazaların qitədən çıxarılması neokolonialist dövlətlərin yerlərdəki iqtisadi mövcudluqlarını da zəiflədir. Bu baxımdan, Afrikada yeni geosiyasi və iqtisadi güc mərkəzlərinin peyda olmaları, özü də fərqli əməkdaşlıq gündəmi ilə gəlmələri nəzərə çarpır.
Azərbaycan üçün olduqca xoşdur ki, Afrika qitəsində əhəmiyyəti və rolu artan dövlətlərdən biri də Türkiyədir. Rəsmi Ankara Pekinlə yanaşı, Afrika qitəsində son illər ərzində siyasi nüfuzu və iqtisadi çəkisini artırmağa müvəffəq olmuş ikinci geosiyasi aktordur. Xarici siyasətinin ənənəvi istiqaməti olan, qitə ilə əsrləri əhatə edən birgə gündəmə malik Türkiyə dövləti Afrika ölkələri ilə fərqli əməkdaşlıq kontekstinə üstünlük verir. Qitə dövlətlərinin Türkiyə və Çinlə əməkdaşlığa çalışmalarının başlıca səbəbi budur ki, qurulan münasibətlər qarşılıqlı faydaya və inkişafa əsaslanır, habelə tərəflərdən birinin digəri üzərində hökmranlığını və ya əlahiddə statusunu ehtiva etmir. Bu gün Afrikaya lazım olan əsas amillər investisiya qoyuluşu və təcrübə mübadiləsidir. Azərbaycanın belə bir reallıqda bu dövlətlərə açılması təsadüfi deyil və qitə təmsilçilərinin liderlərinin ölkəmizə səfərləri müxtəlif sahələrdə əldə etdiyimiz qiymətli praktikaya olan marağın təzahürüdür.
Çoxqütblü siyasətin daha bir göstəricisi
Rəsmi Bakının qitə paytaxtları ilə diplomatik münasibətlərinin tarixi müstəqilliyimizlə eyni yaşa malikdir. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan edən kimi Afrika dövlətləri tərəfindən tanınmağa başlayıb. Bu prosesin sürətlə baş verməsi bir sıra amillərlə bağlıdır ki, bunlardan ən əsası təbii olaraq Afrika dövlətlərinin də Azərbaycan kimi müstəqilliyə can atmaları və azad yaşamaq istəyi ilə əlaqədar idi. Bununla yanaşı, Azərbaycan hələ sovetlər dövründən bir sıra Afrika ölkələrində, xüsusilə qitənin şimalında olan müsəlman dövlətlərində tanınırdı. Misir, Liviya, Sudan, Tunis, Əlcəzair kimi dövlətlərlə hələ SSRİ formatında iqtisadiyyat, humanitar sahədə sıx münasibətlər yaranmışdı. Təsadüfi deyildir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin bu coğrafiyaya bir neçə səfəri reallaşmışdır. Eyni kurs Prezident İlham Əliyev tərəfindən də davam etdirilmişdir.
Afrika coğrafiyasının təmsilçiləri ilə bizi birləşdirən ümumi maraqlar və təzahürlər var ki, bunlardan biri və bəlkə də ən vacibi müsəlman aləmini təmsil etmələrimizdir. İslam dünyasını müxtəlif məzmun və formatlarda bir araya gətirən çoxtərəfli platformalar bu baxımdan aramızdakı ünsiyyətin qurulması və möhkəmlənməsi üçün əlverişli fürsət olub.
İkinci mühüm istiqamət Qoşulmama Hərəkatı çərçivəsində əldə etdiyimiz zəngin münasibətlər formatıdır. Azərbaycanın təşkilatın həyatında və onun dünya siyasətində qəti addımlar atması üçün yeni reallığın formalaşması tarixində ciddi rolu var. Məhz ölkəmizin quruma rəhbərliyi dövründə Afrika dövlətlərinin bizimlə əməkdaşlığa maraqları artmağa və konkret istiqamətlər almağa başlayıb. Azərbaycan hərəkata rəhbərliyi ərzində bir sıra humanist aksiyalara imza atıb və bu kontekstdə Afrika dövlətlərinə də müxtəlif səpkili yardımlar edib. Pandemiya dövründəki təcrübə bu baxımdan xüsusi önəm daşıyır.
Qoşulmama Hərəkatına rəhbərlik və qurumun restrukturizasiya, yenidən formalaşma prosesində oynadığı müsbət rol Azərbaycana ciddi siyasi dividendlər qazandırıb. Təkcə bir faktı qeyd etmək bu müsbət praktikanın hansı miqyasa malik olduğuna dair dəqiq təsəvvürlərin yaranması baxımından yetərli ola bilər. Vətən müharibəsi günləri və sonrakı müddətdə Ermənistan və havadarlarının müxtəlif beynəlxalq platformalarda, xüsusilə də BMT və Parisin geosiyasi nüfuz aləti olan frankofon dövlətlərinin birliyi müstəvisində Azərbaycana qarşı atılmış təxribatçı addımların qarşısının alınması və neytrallaşdırılmasında ölkəmizin Afrika təmsilçiləri ilə əldə etdiyi tərəfdaşlıq münasibətlərinin hədsiz rolu olmuşdur.
Yeri gəlmişkən, Azərbaycan CAR-la effektiv əməkdaşlıq praktikasına malikdir ki, burada hərbi və hərbi-sənaye istiqamətini xüsusi vurğulamaq lazımdır. Somali Prezidentinin ölkəmizə səfəri zamanı müdafiə və müdafisə sənayesi sahələrində əməkdaşlıq haqqında sənəd imzalanıb. Eyni zamanda dövlət başçısı Azərbaycanın müdafiə sənayesi məhsulları ilə tanış olub.
Afrika dövlətləri uzun müddət sivil dünyadan zorla kənarlaşdırılaraq, istisnasız olaraq xammal bazası qismində və "geridə qalmış" obrazı ilə təqdim olunublar. Bu, müstəmləkəçi dövlətlər tərəfindən qəsdlə həyata keçirilmiş siyasət olub. Halbuki qitə unikal tarixi olan əsrarəngiz sivilizasiya və zəngin mədəniyyət məkanıdır. Siyasi terminologiyada "inkişafdan qalmış", "üçüncü dünya təmsilçiləri" kimi ifadələrlə işarə edilən dövlətlərin müstəqilliyə, azad siyasi və iqtisadi fəaliyyətə, habelə bərabərhüquqlu münasibət və tərəfdaşlığa can atmalarının əsasında bu kimi vacib amillər durur. Tarixdən qaynaqlanan belə bir gerçəklikdə Afrika təmsilçilərinin Azərbaycanla münasibətlərə meyil göstərmələri həm tədqirəlayiqdir, həm də dövlətimizin beynəlxalq arenada əldə etdiyi yüksək reputasiya və nüfuzunun göstəricisidir.
Bu ölkələr arasında təhsil sahəsində əməkdaşlıq da əsas istiqamətlərdən biridir. 2023-2024-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində Afrikanın 35 ölkəsindən 365 nəfər təhsil alıb. Azərbaycan Prezidentinin 2023-cü il 8 iyul tarixli sərəncamı ilə təsis edilmiş "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatına üzv olan Afrika qitəsi ölkələrinin vətəndaşları üçün Azərbaycanın ali təhsil müəssisələrində dövlət hesabına təhsil almaq imkanı yaradılıb. Somali Prezidentinin ölkəmizə səfəri zamanı təhsil sahəsində əməkdaşlığa dair sənəd də imzalanıb.
Azərbaycanın Afrika siyasətində əsas əməkdaşlıq istiqamətlərindən biri də qitə ölkələrinə humanitar yardımların göstərilməsidir. Demək olar ki, bütün Afrika qitəsi ölkələrinə Azərbaycan tərəfindən çoxtərəfli və ikitərəfli əsasda müxtəlif zamanlarda humanitar yardımlar göstərilib. Ölkəmiz bu yardımlar sıralamasında ilk 20 dövlət arasında yer alır. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə artıq neçə ildir ki, Afrika qitəsinin müxtəlif ölkələrinə tibbi və texniki yardım layihələri həyata keçirilir. Bu fəaliyyətə həmçinin Heydər Əliyev Fondu mühüm töhfə verir.
Bu ilin əvvəlində yerli telekanallara müsahibə verən Prezident İlham Əliyev qarşıdakı dövr ərzində Azərbaycanın beynəlxalq siyasi çəkisinin artacağını bildirmiş və dövlətimizin yeni dünya nizamında özünəməxsus yerə və rola sahib olacağını bəyan etmişdir. Belə görünür ki, rəsmi Bakının bu kontekstdəki xarici siyasət istiqamətlərindən biri də məhz Afrika qitəsi olacaq. Bu, Azərbaycanın beynəlxalq nüfuz və çəkisinin artmasının, habelə təsir dairəsinin yalnız yerləşdiyimiz bölgə ilə məhdudlaşmadığının mübahisəsiz ifadəsidir.
İradə ƏLİYEVA,
"Azərbaycan"