Dövlətlər ərazicə böyük ya da kiçik, əhalisi az və ya çox, təbii sərvət baxımından zəngin, yaxud yoxsul ola bilərlər.
Ancaq dövlətlərin güclü və qüdrətli, dünyada sayılıb-seçilən, yaxud da əksinə, tanınmayan, "görünməyən" və ya "səsi eşidilməyən" olması təkcə onların ərazisi, əhalisi, sərvətləri ilə müəyyənləşmir.
Dövlətləri onların başçıları və rəhbərləri yeritdikləri siyasət, atdıqları addımlar, gördükləri işlər hesabına tanıdır, saydırır, digərləri üçün dosta və əməkdaşa, strateji tərəfdaşa çevirirlər.
Çin qədim tarixə, zəngin ənənələrə, milyarddan çox əhaliyə malik bir dövlətdir.
Azərbaycanın müstəqillik yaşı isə yenicə 30-u keçib, təxminən 5 il öncə 44 günlük Zəfər müharibəsi apararaq torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünə və Konstitusiya əsaslarının təmininə nail olub!
Azərbaycan-Çin dostluğu da nisbətən cavandır.
Amma çox möhkəm və sağlam əsasa söykənir.
Bu dostluğun bünövrəsinə ilk daşı Ulu Öndər Heydər Əliyev qoymuşdur.
Bu gün isə Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlığa, ən yüksək mərhələyə yüksəlmişdir.
Deyilənləri son dövrlər Azərbaycan-Çin münasibətlərinin inkişafında baş verən mühüm yeniliklər, habelə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə səfəri bir daha təsdiq edir.
***
Bu gün dünya xəritəsində qabarıq görünən ölkələrdən biri Çindir.
* Çin dünyanın ikinci iqtisadi nəhəngidir.
* Çinin məhsulları dünyanın hər yerində, bütün bazarlarında satılır.
* Çinin çoxsaylı tərəfdaşı, ticarət partnyoru var.
Çin yalnız istehsal və ticarətlə məşğul olur.
O, dünyaya "demokratiya" və "insan haqları" ixrac etmir.
O, dövlətlərin daxili işlərinə və seçkilərinə də qarışmır.
* Çin "rəngli inqilab"ların, "bahar"ların təşkili ilə məşğul olmur.
*l Çin "erməni soyqırımı" müdafiəçiləri arasında yer almır.
* Çin siyasi hədəflər və məkrli niyyətlər naminə kimlərəsə "sanksiyalar" da tətbiq etmir.
Açıq niyyət, təmiz ticarət, bazara daha müasir, daha keyfiyyətli, daha ucuz mal-məhsul çıxarmaqla orada özünə yer tutmaq - Çinin hədəfi budur!
Çini ticarət tərəfdaşı kimi cəlbedici edən də məhz budur!
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə Çinə baş tutan uğurlu səfəri dünya gündəminə çevrilən mövzulardan biri oldu!
Dövlət səfəri zamanı aparılan müxtəlif istiqamətli danışıqlar və imzalanan sənədlərə istinadən cənab İlham Əliyev Azərbaycan-Çin münasibətlərini belə qiymətləndirdi:
"Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur".
Dövlət başçısı bu əlaqələrin başlıca prinsipini də açıqladı:
"Biz tərəfdaşlığa və dostluğa açığıq. Ancaq o halda ki bizim daxili işlərimizə müdaxilə edilmir və bizə yad olan dəyərlər bizə aşılanmır. Bu, bizim mövqeyimizdir".
***
Aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevin yüksəksəviyyəli qarşılanma mərasimi keçirildi.
Cənab İlham Əliyev ali qonağa göstərilən diqqət, hörmət və münasibətə layiq görüldü.
Çin Xalq Respublikasının Sədri Si Cinpin xanımı ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə böyük səmimiyyət və mehribanlıqla görüşdü.
* Hər iki ölkənin himnləri çalındı...
* Toplar gurladı...
* Hörmətli qonaqların şərəfinə fəxri qarovul təntənəli keçid etdi...
* Qəlbləri riqqətə gətirən "Ey Vətən" mahnısının melodiyaları səsləndirildi.
Daha bir yaddaqalan məqam isə kiçikyaşlı çinli oğlan və qızların sonsuz sevinc və coşqu ilə qonaqları salamlamaları oldu.
Bu məqamda bir qədər irəli gedərək vurğulamaq istərdik ki, cənab İlham Əliyev Pekində yerli CGTN telekanalına müsahibəsində Çinin lideri Si Cinpin haqqında ən yüksək fikirlərini bildirdi:
"O, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. "Bir kəmər, bir yol" təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin eyni zamanda çox təvazökar, çox mehriban insandır".
Həmin müsahibəsində cənab İlham Əliyev Çinlə imzalanan "Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"a da yüksək dəyər verdiyini söylədi:
"Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz "Vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq.
Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə bəyanat onların daxilində ən güclüsüdür".
Çin nəhəng istehsalçıdır, ən müxtəlif çeşiddə, müasir tələblərə cavab verən, rəqabətədavamlı, ucuz və keyfiyyətli mallar istehsal edir.
Azərbaycan isə Mərkəzi Asiya ilə Avropanı Çindən keçməklə birləşdirən ən qısa, səmərəlilik baxımından ən əlverişli və az vaxt aparan nəqliyyat dəhlizində açar ölkədir.
Başqa sözlə desək, Çindən Azərbaycan üzərindən Qara dənizə yüklərin daşınma müddəti 10 gündən 12 günədəkdir.
Ötən il iki ölkə arasındakı tranzit daşımalarında 86 faiz artım olub.
***
Dünyada baş verən mürəkkəb və ziddiyyətli proseslər, müharibələr, habelə "köhnə dost"lar arasında müşahidə olunan "inciklik"lər yeni dünya düzəninin formalaşmasından xəbər verir.
İndi ən mühüm vəzifələrdən biri bu prosesi uğurla və ağrısız keçirmək, yeni düzəndə uduşlu mövqe tutmaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin vədəsində atdığı bəsirətli və uzaqgörən addımlar bu vəzifənin öhdəsindən uğurla gəlməyə imkan və şərait yaradır.
Odur ki, Azərbaycan öz seçimində tam sərbəstdir, ona əngəl törədəcək, nədənsə çəkindirəcək heç bir maneə yoxdur!
Əvvəla, baş problemini zəfərlə həll edən Azərbaycan yalnız milli maraqlarının təmini, gələcək inkişafının daha uğurlu və sürətli olması barədə düşünür.
İkincisi, keçmişdə baş verənlərdən düzgün nəticələr çıxarmağı bacarmaqla yanaşı, kimin kim olduğunu yaxşı bilir.
Məsələn, ABŞ nə qədər ki Əfqanıstanda keçirdiyi əməliyyatla bağlı Azərbaycana möhtac idi, hər il 907-ci düzəlişin təsirini dayandırırdı.
Əfqanıstandan qaçıb gedəndən sonra erməni diasporunun təsiri ilə daha bu "güzəşt"ə getmir.
Yaxud Avropa İttifaqı daim ermənipərəst mövqe sərgiləyir, Ermənistanın yenidən silahlanmasına, revanşist niyyətlərə düşməsinə dəstək göstərir, Azərbaycan əleyhinə qərəzli və yalan bəyanatlar səsləndirir.
Buna baxmayaraq, ölkəmiz alicənablıq göstərərək sanksiyalar ucbatından çıxılmaz duruma düşən 8-i Avropa İttifaqının üzvü olan 10 Avropa dövlətinə təbii qaz ixrac edir.
Paradoksal haldır ki, Avropa İttifaqı qaz idxalının artırılmasını istəsə də, "Cənub qaz dəhlizi"nin ixrac imkanlarının artırılmasına nə kredit ayırır, nə də uzunmüddətli müqavilə bağlayır.
Təbii ki, belə etibarsız əməkdaşlıq ölkəmizi qane edə bilməz!
Azərbaycan kiminləsə ticarət və əməkdaşlıq etməkdə nə minnət götürür, nə də mərhəmət umur!
İmkanlı dövlət olaraq istənilən bağlaşmaya boş əllə getmirik, real, işlək layihələrimizi təklif edir, bərabər hüquq əsasında işbirliyi qururuq.
Sadəcə vaxt itirmək istəmirik, bizə şərt qoyanlara yox, bərabər hüquq əsasında əməkdaşlıq edənlərə üstünlük veririk.
Çinlə münasibətlər bu aspektlərdən bizi hərtərəfli qane edir.
***
Azərbaycan-Çin münasibətləri müstəqilliyin ilk illərindən yaradılıb və inkişaf etdirilib.
1992-ci ildə Çinin Azərbaycanda, 1993-cü ildə isə Azərbaycanın Çin Xalq Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
Azərbaycan ilk günlərdən Çinin "Bir kəmər, bir yol" layihəsini dəstəkləyib.
2019-cu ildə Pekində keçirilən ikinci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan yalnız cənab İlham Əliyev iştirak edib.
Həmin səfər zamanı 10 mühüm sənəd imzalanıb.
Əgər Azərbaycan-Çin əməkdaşlığına rəqəmlərin dili ilə nəzər salsaq, artımın həcminin və dinamikasının necə yüksəlməsinin şahidi olarıq:
* Beş il ərzində - 2018-ci ildən 2023-cü ilədək Azərbaycan-Çin ticarət dövriyyəsinin dəyəri 1,3 milyard dollardan 2,4 dəfə və ya 1,9 milyard dollar artaraq, 2023-cü ildə 3,2 milyard dollara çatıb.
* Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, 2023-cü ilin nəticələrinə görə, 4-cü iri ticarət tərəfdaşına çevrilib.
* Azərbaycanla Çin arasında əmtəə dövriyyəsinin dəyəri 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb.
* Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb ki, onlardan da 298-i aktiv fəaliyyət göstərir.
* "Bir kəmər, bir yol" layihəsinin tərkib hissəsi olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyəyə və Avropa dövlətlərinə uzanır.
* Orta dəhlizdən keçməklə Çindən Avropaya ən qısa müddətdə - 12 gün ərzində, həm də 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşımalar həyata keçirilir.
***
Azərbaycan "böyük qardaş"ın necə olduğunu, öz iradəsini "kiçik qardaş"lara nə sayaq diktə və qəbul etdirdiyini, təbii sərvətlərini necə mənimsədiyi yetmişillik qırmızı imperiya təcrübəsindən yaxşı bilir.
Azərbaycan üzdə özünü dost kimi göstərərək arxada ermənilərə dayaq duranların, düşmənə dəstək verərək onu silahlandıranların, ona qarşı ermənidən betər ermənilik edənlərin də iç üzünə yaxşı bələddir.
Azərbaycan açıq, təmiz və mərd siyasət yürüdür, bir sifət, bir sima və mövqe sahibidir.
Yeri gələndə çətinliyə düşmüş hansısa dövlətə səxavətlə kömək edir və müstəqillik illərində belə yardımların sayı çox olub.
Amma kiminsə vassalı, əlaltısı funksiyasını daşımır və bir daha belə "dostluğ"u və "qardaşlığ"ı qəbul etməyəcəkdir.
Azərbaycanı Çin üçün maraqlı və cəlbedici edən isə bu məqamlardır:
* Ölkəmiz müstəqil siyasət yürüdür;
* Etibarlı tərəfdaş və dost imicinə yiyələnib;
* Öz maraqlarını daim qoruyur və əməkdaşlıq etdiyi dövlətlərin də maraqlarının təmininə normal yanaşır;
* İşlək, digərlərindən rahat, təhlükəsiz, daha az zaman sərfinə imkan yaradan layihələrə malikdir;
* Daim sülh və əməkdaşlıq tərəfdarıdır;
* Cənubi Qafqazda isə söz sahibidir!
Dövlət səfəri zamanı dünyanın ikinci supergücü ilə bərabərhüquqlu və qarşılıqlı maraqların təmininə əsaslanan münasibətlər qurarkən, Çinlə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında Birgə Bəyanat və 20 rəsmi sənəd imzalayarkən bu prinsip və qaydalar əsas tutuldu!
Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsini yuxarıda xatırlanan tələbləri özündə ehtiva edən fikirlərlə başa çatdırıb:
"Suverenlik, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verməmə prinsipləri bizim üçün vacibdir".
Bəxtiyar SADIQOV