Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi dünyaya bir daha nümayiş etdirildi
Müstəqillik tariximizin ən şanlı, qürurlu, ən qüdrətli günlərini yaşayırıq. Vətən müharibəsindən ötən beşillik zaman kəsiyində həm də Müstəqillik Gününü bir ayrı əhvali-ruhiyyədə, təntənədə, coşquda qeyd edirik. Qarabağı azadlığına qovuşduraraq Azərbaycanı bütövləşdirən qalib sərkərdə İlham Əliyev hər il 28 May - Müstəqillik Günündə xalqımıza möhtəşəm ərmağanlar etməyi, həmin günü tarixə, ikiqat bayrama çevirməyi sözün əsl mənasında ənənəyə çevirib.
Qarabağın baş memarı İlham Əliyevin quruculuğun ilk təməl daşını 28 may 2021-ci ildə Ağdamda qoyması, 2022-ci ildə Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşməsi, 2023-cü ilin Müstəqillik Günündə Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etməsi, 28 may 2024-cü ildə xocalılıları yurdlarına qaytarması müstəqillik tariximizin qızıl səhifələridir.
2025-ci il 28 May - Müstəqillik Gününün əlamətdar hadisələrindən biri strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Laçın Beynəlxalq Hava Limanının açılışının həyata keçirilməsi oldu. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəmzi olaraq yaşıl lentini kəsdikləri bu beynəlxalq hava limanı ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi.
Həmçinin qardaş ölkələr - Azərbaycan, Türkiyə və Pakistanın liderlərinin Laçında Zirvə görüşü keçirmələri sözügedən tarixin mühüm hadisəsi oldu. Laçının artıq bu kimi beynəlxalq görüşlərə, tədbirlərə evsahibliyi etməsinin fonunda dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda gördüyü genişmiqyaslı quruculuq işləri də gözlər önünə sərildi. Laçında - azad Azərbaycan torpağında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü dünyaya üç qardaş ölkə - Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyini, həmrəyliyini nümayiş etdirdi. Qardaş ölkələrin liderləri 44 günlük müharibə sayəsində beynəlxalq hüququn tələblərinə uyğun şəkildə azadlığına qovuşdurulan Şərqi Zəngəzur bölgəsindən sülh mesajları verdilər, yeni dünya nizamında daim haqqın tərəfində olduqlarının, eyni zamanda xalqlarının, ölkələrinin milli maraqlarına istənilən təhdidə qarşı birlikdə mübarizə aparacaqlarının qətiyyətli bəyanını etdilər.
Azərbaycan, Türkiyə və Pakistan hər zaman ədalətin tərəfində olub
Azərbaycanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə sıx bağlı olduğu Türkiyə və Pakistanla əlaqələri bu gün ən yüksək zirvəyə yüksəlib. Gerçəklikdir ki, qardaş ölkə liderləri arasında olan səmimi dostluq, qardaşlıq münasibətləri ölkələrimiz arasında əvvəldən var olan əlaqələri daha da möhkəmləndirib. Xoş gündə də, dar gündə də həmrəylik nümayiş etdirən, problemlərə qarşı birgə mübarizə aparan bu üç ölkənin birliyinin gücünə hələ Vətən müharibəsi zamanı hər kəs şahid oldu.
O zaman Azərbaycan qardaş ölkələr olan Türkiyə və Pakistanın böyük siyasi və mənəvi dəstəyini hiss etdi, ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizəsində onlar tərəfindən açıq siyasi və mənəvi kömək gördü. Vətən müharibəsinin başladığı ilk günlərdən Türkiyə də, Pakistan da Azərbaycana böyük siyasi və mənəvi dəstəyini ifadə etdi, hər iki ölkənin ali şəxsləri respublikamızın ərazi bütövlyünü dəstəkləyən bəyanatlar verdilər və bütün bunlar Azərbaycanın mübarizə meydanında tək olmadığını dünyaya göstərdi.
Laçında keçirilən sözügedən Zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olublar: "2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik".
350 milyon əhali, 1,5 trilyon dollar iqtisadi güc
Ötən müddətdə Azərbaycanın Türkiyə və Pakistanla əlaqələri bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edib. 15 iyun 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağın mirvarisi Şuşada tarixi Şuşa Bəyannaməsini imzalaması ilə qardaş ölkələrin əlaqələri müttəfiqlik səviyyəsinə ucalıb.
Eynilə də Pakistanla Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edirlər.
Azərbaycan, Pakistan və Türkiyə üçtərəfli formatda da əməkdaşlığa malikdirlər. Laçındakı Zirvə görüşündə "Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik. Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk" deyən Rəcəb Tayyib Ərdoğan birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğuladı.
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən üçtərəfli Zirvə görüşü strateji əhəmiyyət daşıyır. Bu Zirvə görüşünün ölkələrimizin siyasi, iqtisadi, ümumiyyətlə, hərtərəfli əlaqələrinin inkişafında geniş imkanlar açacağı da şübhəsizdir. Hər üç ölkənin rəhbərləri öz çıxışlarında bu məsələni xüsusi vurğuladılar.
Zirvə görüşündə dövlətimizin başçısı İlham Əliyev dedi ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var: "Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq".
Birgə mübarizə
Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi sahədə əməkdaşlıq da xüsusi diqqət çəkir və bunun regional sabitlik üçün mühüm amil olduğu da danılmaz reallıqdır. Ümumiyyətlə, hər üç ölkənin bir-birlərinin ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləməsi də diqqətçəkəndir.
Necə ki Vətən müharibəsində Türkiyə ilə Pakistan Azərbaycana tam dəstək ifadə etdilər, eləcə də Pakistan və Azərbaycan Şimali Kipr məsələsində daim Türkiyənin yanındadırlar. Həmçinin bu yaxınlarda Pakistan və Hindistan arasında baş verən gərginlik zamanı Azərbaycan və Türkiyə Pakistana açıq şəkildə dəstək nümayiş etdirdilər.
28 May Müstəqillik Günündə Laçında keçirilən Zirvə görüşündəki çıxışında Baş nazir Məhəmməd Şahbaz Şərif də bu məqama toxunaraq, "tarixi münasibətləri Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik" söylədi: "Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bu, təbiidir, çünki Türkiyədə və Azərbaycanda qardaş xalqlarımız bizə güclü dəstək olmuşlar. Sıravi vətəndaşlarımızın coşqusu bizi valeh etməyə bilməzdi. Mən Pakistanın Hindistanla sonuncu münaqişəsindən bəhs edirəm".
Pakistanın Baş naziri əlavə etdi: "Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, həmin vaxt Sizin qəti mövqeyiniz və həmrəyliyiniz, eyni zamanda əziz qardaşım İlham Əliyevin də eyni şəkildə göstərdiyi qətiyyət bizdə çox yüksək qiymətləndirildi, həm xalqımız, həm hökumətimiz, həm də şəxsən mənim tərəfimdən. Biz buna görə hər zaman hər ikinizə və hər iki xalqa təşəkkürümüzü bildirəcəyik".
Göründüyü kimi, mayın 28-də azad torpaqlarımızda üç qardaş ölkə - Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünün təşkil olunması, bayraqlarının qoşa dalğalandırılması birliyimizin, həmrəyliyimizin möhtəşəm rəmzi oldu. Eyni zamanda bu, Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin növbəti nümunəsinə çevrildi.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"