Qarabağın və Şərqi Zəngəzurun çayları əkinçinin köməyinə gəlir
Üstəlik, Arana da dağlardan su çəkiləcək
Ərzaq təhlükəsizliyinin daha böyük önəm daşıdığı, o cümlədən kənd təsərrüfatı məhsullarına tələbatın kəskin şəkildə artdığı indiki zamanda suvarma suyu əvvəlkindən də çox diqqət tələb edir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin çayları, sözün əsl mənasında, əkinçinin köməyinə gələcək. Dövlət bu çayların sularının tarlalara, bağ-bostana yönəldilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir.
Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bir daha vurğulamışdır: "Suvarma ilə bağlı layihələri xüsusilə qeyd etmək istəyirəm. Azad edilmiş ərazilərdə həm böyük su anbarları və su kanallarının tikintisi, həm içməli su təchizatı nəzərdə tutulur - biz Şərqi Zəngəzuru azad etməklə böyük su mənbələrinə yenə də qayıtmışıq, onlar da işğal altında idi. Eyni zamanda suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək".
30 illik işğal dövründə düşmənin çaylarımıza qarşı ekoloji terror törədərək onların sularını olmazın dərəcədə çirkləndirdiyi indi bütün dünyaya məlumdur. Erməni vandalları eyni zamanda su ehtiyatlarından məqsədli şəkildə təzyiq vasitəsi kimi istifadə etmişlər. Kənd təsərrüfatı işlərinin qızğın çağında, suvarmaya ciddi ehtiyac olduğu zaman çayların qarşısını kəsmişlər. Daşqınlar baş verəndə, eləcə də əkinlərə su lazım olmayan vaxtlarda isə anbarların ağzını açaraq ciddi problemlər yaratmışlar. Su anbarlarının qəsdən dağıdılması düşmənin təkcə Qarabağ və Şərqi Zəngəzurun deyil, nəticə etibarilə ölkəmizin bütün aqrar sahəsinə ağır zərbə vurmuşdur.
Məsələn, Sərsəng və Suqovuşan su anbarları uzun müddət düşmənin əlində olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusu qazılmışdır. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi. Eyni taleyi Köndələnçay və çayın üzərindəki su anbarları, digər su mənbələri də yaşamışdır.
Dövlət başçısı bu məsələyə həmçinin əvvəlki çıxışlarında dəfələrlə toxunmuşdur: "Görün, işğal altında qalan su anbarları nə qədər idi. Xudafərin - 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı, Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd - bax bu su anbarları işğal altında idi. İndi biz onları bərpa edirik və bərpa edəcəyik. Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri... Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur".
Eləcə də Tərtərçay sol sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi görüləcək işlər sırasındadır. Bu il Bərgüşad su anbarının layihəsinin hazırlanması öz həllini tapmalıdır. Verilən yeni təkliflərə əsasən, Zəngilan, yaxud Qubadlı rayonlarının birində yeni su anbarının tikintisi nəzərdə tutulur. Bunlar imkan verəcək ki, yaxın zamanlarda 10 min hektar sahə suvarma ilə təmin edilsin. Görülən işlər sayəsində nə yaradılacaqsa, hamısı ölkənin ümumi su təsərrüfatı sisteminə inteqrasiya ediləcək. Bu məqsədlə kompleks tədbirlər nəzərdə tutulub və həyata keçirilir.
Prezident İlham Əliyev keçən il iyunun 14-də və bu il aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarının yerləşdiyi ərazilərə səfər etmiş, orada aparılacaq təmir-bərpa işləri ilə tanış olmuşdur. Xatırladaq ki, Köndələnçay üzərində üç su anbarı var. Onlardan biri -"Köndələnçay-1" 1951-ci ildə inşa edilib. Bu su anbarının tutumu 2,1 milyon kubmetr təşkil edir. "Köndələnçay-2" anbarının isə 3,9 milyon kubmetr su tutumu var. Çay üzərində yerləşən ən böyük anbar Aşağı Köndələnçay su anbarıdır və 9,5 milyon kubmetr su tutumuna malikdir. Mütəxəssislərin fikrincə, sözügedən bu anbarlara həmçinin Köndələnçaya paralel axan Quruçaydan iki hidroqovşaq vasitəsilə su axıtmaq mümkündür.
İşğaldan azad olunmuş ərazilərdə hazırda ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Prezident artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verib. Yeni kanalların çəkilməsi və köhnələrin bərpası üçün vəsait ayrılıb, geniş proqram icra edilməyə başlanıb.
Dövlət başçısı cari ilin birinci yarısının yekunları ilə bağlı müşavirədə içməli su probleminə də toxunmuş və həmin istiqamətdə Qarabağın və Şərqi Zəngəzurun su mənbələrinin töhfə verəcəyini qeyd etmişdir: "Bu yaxınlarda Kəlbəcər, Laçın rayonlarında olarkən mənə layihə təqdim edildi. Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən içməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var. Yəni bu, içməli su ilə bağlı olan problemləri böyük dərəcədə həll edəcək. Ona görə bu layihələrə xüsusilə baxmaq lazımdır."
İçməli suya və suvarmaya eyni zamanda xarici investisiyaların yönəldilməsi də məqsədəuyğun məsələdir. Bəzi xarici şirkətlər artıq Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərmək üçün, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı müraciət etmişlər. Prezident bunun da çox böyük əhəmiyyəti olduğunu vurgulamışdır: "Bu, dünyanın bir çox ölkələrində artıq sınaqdan çıxmış layihələrdir və burada dövlət-özəl sektor tərəfdaşlığı da mümkündür. Əlbəttə, eyni zamanda dövlət xətti ilə, özəl investisiya xətti ilə ayrı-ayrılıqda layihələrin icrası nəzərdə tutulmalıdır".
Qeyd edək ki, Xəzər suyunun saflaşdırılması sahəsində özümüzün də müəyyən təcrübəmiz var. Hələ ötən illərdə bir sıra yerlərdə suyu saflaşdıran qurğular quraşdırılmışdı və fəaliyyət göstərirdi.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb
19 Aprel
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
19 Aprel
Dünya birjalarında neft bahalaşıb
19 Aprel
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
19 Aprel
Vitaminsiz qalmayaq
19 Aprel
Yetirmələrimlə qürur duyuram
19 Aprel
Bu il Şuşada gənclərin möhtəşəm tədbirləri keçiriləcək
19 Aprel
Vətən sevgisi və müqəddəs amal
19 Aprel
ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb
19 Aprel
Qazaxda Aqrar Biznes Festivalı keçirilib
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!