Energetika Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov Ulu Öndərin həyatını bütövlükdə xalqına, dövlətinə və milli maraqlara xidmət nümunəsi adlandırıb. Onun yalnız siyasi lider deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin memarı, strateji düşüncənin və uzaqgörən siyasətin simvolu olduğu bildirilib. Ulu Öndərin fenomenal dövlətçilik zəkası, sarsılmaz iradəsi, böyük hədəflərə hesablanmış strateji qərarları ilə qazanılmış irəliləyişlər hesabına müstəqil Azərbaycan dövlətinin böhrandan yeni inkişaf yoluna qədəm qoyduğu qeyd edilib. Heydər Əliyevin Azərbaycanın demokratik-hüquqi dövlət kimi dinamik inkişafı naminə iqtisadi-siyasi və ictimai həyatında, yeni idarəçilik modelinin qurulması və güclü kadrların yetişdirilməsində, xalqımızın zəngin tarixinin, mədəniyyətinin, ziyalı şəxsiyyətlərinin dünyada tanıdılmasında, Azərbaycanın beynəlxalq imicinin formalaşmasında həyata keçirdiyi siyasətindən və əvəzsiz xidmətlərindən bəhs edilib.
Çıxışda qeyd olunub ki, Heydər Əliyev bütün çətinliklərə rəğmən elektroenergetika və neft sənayesində qazandığı uğurlarla Azərbaycanın enerji müstəqilliyi üçün strateji zəmin formalaşdırıb. Azərbaycanın enerji tarixində dönüş nöqtəsi olan və 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə təkcə iqtisadi layihə deyil, həm də Azərbaycanın beynəlxalq enerji sisteminə daxil olması idi. Bildirilib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilən neft strategiyası sayəsində Azərbaycanın qlobal enerji xəritəsində yeri formalaşıb, beynəlxalq enerji bazarına inteqrasiyası təmin olunub. Ölkəmizə böyük investisiyalar cəlb edilib, Azərbaycan etibarlı enerji tərəfdaşına çevrilib. Neft və qaz ixrac marşrutları şaxələndirilib və ölkəmiz qlobal enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb. O da vurğulanıb ki, bu gün Azərbaycan yalnız ənənəvi enerji ixracatçısı deyil.
“Ölkəmizdə yaşıl enerji layihələri icra olunur, külək və Günəş stansiyaları qurulur, enerji dəhlizləri formalaşır, regional və qlobal enerji əməkdaşlığı dərinləşir. Bu proseslər bir daha göstərir ki, Heydər Əliyevin müəyyən etdiyi enerji siyasəti təkcə keçmişin deyil, bu günün və gələcəyin də yol xəritəsidir. Bu gün güclü, müstəqil və enerji təhlükəsizliyi təmin olunmuş Azərbaycan varsa, dünyada söz sahibi olan ölkədə yaşayırıqsa bu, məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir”, – deyə nazir bildirib.
Ulu Öndərin quruculuq missiyasının, strateji inkişaf kursunun bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısı Ümummilli Liderin bütün ümidlərini reallığa çevirməklə tarixi nailiyyətlərə imza atıb. Onun rəhbərliyi ilə Azərbaycan daha da güclənib, müstəqilliyimiz möhkəmlənib, ölkəmizin sosial-iqtisadi potensialı artıb, güclü ordumuz yaradılıb və bu güc sayəsində torpaqlarımız işğaldan azad edilərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu gün Heydər Əliyevin ideyaları yaşayır və onun müəyyən etdiyi yol ölkəmizi daha böyük uğurlara, daha güclü Azərbaycana aparır.
Tədbirdə, həmçinin nazirlik əməkdaşlarının Heydər Əliyevin xidmətlərindən bəhs edən çıxışları dinlənilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənilib.