Ölkəmiz qısa müddətdə elektrik enerjisinın idxalçısından ixracatçısına çevrilib. 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün artıq dörd ölkəyə elektrik enerjisi ixrac edir. Prezident İlham Əliyev ölkəmizin bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağını bəyan edib. Bərpaolunan enerji növlərinin inkişafı da həmin məqsədə yönəldilib. Bu istiqamətdə böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür.
Bərpaolunan enerji növlərinin inkişafı ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır. Odur ki, bütün dünyada bərpaolunan enerjidən istifadə getdikcə özünə daha geniş yer alır. Azərbaycanda da bu məsələyə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki bərpaolunan enerji sahəsinin inkişafı üçün ölkəmizdə əlverişli şərait mövcuddur. Bu növ enerjinin yaradılmasının əsas mənbəyi günəş və küləkdir. Azərbaycan isə dünyada məhz günəşli ölkə kimi tanınır. Coşqun Xəzərin sahilində və dağlar qoynunda yerləşən rayonlarımızda külək enerjisindən istifadə üçün də geniş imkan var. Bu, Azərbaycanın bir çox bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərində bərpaolunan enerji stansiyalarının tikilməsini gündəmə gətirir. Təsadüfi deyil ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bu növ enerjidən istifadənin genişləndirilməsi müəyyən edilib. Prezident İlham Əliyev həmin vaxta qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının hədəf kimi götürüldüyünü bildirib. Dövlət başçısının bu il aprelin 2-də imzaladığı “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam Azərbaycanı “yaşıl enerji” məkanına çevirmək istiqamətində atılan növbəti mühüm addımdır. Xatırladaq ki, ölkəmizdə Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə külək və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə günəş elektrik stansiyası tikiləcək.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxış edərkən ölkəmizdə bərpaolunan enerjinin inkişafına böyük diqqət göstərildiyini bir daha vurğulamışdır: “Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Bu 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır. Mən digər beynəlxalq enerji şirkətlərini də Azərbaycanın azad olunmuş ərazilərində yaşıl enerji layihələrinə sərmayə qoymağa dəvət edirəm.”
Dövlətimizin başçısı Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etdiyini xatırladaraq bildirmişdir ki, Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var.
Bu bölgələrin bərpaolunan enerji istehsalı üçün imkanları çox genişdir. Belə ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Həmin ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək.
Bu yerlərdə eləcə də külək enerjisi istehsal etmək mümkün olacaq. Çünki regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialı hesablanacaq.
Bunlardan əlavə, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir.
Beləliklə, işğaldan azad olunmuş ərazilərimiz “yaşıl enerji” zonasına çevrilir. Əslində, bu regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “yaşıl məkan” konsepsiyasının hazırlanmasına hələ Vətən müharibəsindəki şanlı qələbəmizdən az sonra başlanmışdır. Bu il mayın 3-də isə Prezident “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Dövlət başçısı bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara almışdır.
Bu gün dünyanın ən böyük enerji şirkətləri də Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İşğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bir sözlə, bu rayonları “yaşıl enerji” məkanına çevirmək üçün imkanlardan səmərəli istifadə olunur . Bu da deməyə əsas verir ki, həmin istiqamətdə görülən işlər ölkəmizin daha böyük sosial-iqtisadi inkişafına xidmət edəcək.
Flora SADIQLI,
“Azərbaycan”